From Wikipedia, the free encyclopedia
Əlvan və nadir metallar — Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılmış və əsasən Balakən-Zaqatala, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir.[1]
Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir.[1]
Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və təzahürlərdə cəmləşmişdir.[1]
Respublikada sənaye ehtiyatları təsdiq edilmiş bir mis-porfir yatağı (Qaradağ mis-porfir yatağı) vardır ki, bu da ümumi filiz ehtiyatlarının 4,7%-ni təşkil edir. Balakən-Zaqatala filiz rayonunda üç kolçedan-polimetal yatağında-nəhəng Filizçay, orta miqyaslı Kasdağ və Katex yataqlarında misin sənaye ehtiyatları təsdiq edilmiş və faydalı qazıntı yataqlarının dövlət balansında qeydə alınmışdır. Saqator mis-sink, Mazımçay mis-kolçedan və Aşağı Karabçay kolçedan-polimetal yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmış və proqnoz ehtiyatları hesablanmışdır. Kiçik Qafqazda misin sənaye ehtiyatları Qaradağ mis-porfir yatağı ilə yanaşı Qarabağ filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolçedan yatağında və cüzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir. Qarabağ filiz rayonunda Dəmirli mis-porfir, Gədəbəy filiz rayonunda Gədəbəy mis-kolçedan yataqlarının ehtiyatları qiymətləndirilmiş və proqnoz ehtiyatları hesablanmışdır.[1]
Naxçıvan qırışıqlıq zonasında Göydağ, Diaxçay, Misdağ-Şəlalə mis-porfir, Ağyurd qızıl, Nəsirvaz-Ağdərə polimetal yataqlarında misin ehtiyatları qiymətləndirilərək sahə balansında qeyd edilmiş və proqnoz ehtiyatları hesablanmışdır. Naxçıvan qırışıqlıq zonasında Göydağ, Diaxçay, Misdağ-Şəlalə mis-porfir, Ağyurd qızıl, Nəsirvaz-Ağdərə polimetal yataqlarında misin ehtiyatları qiymətləndirilərək sahə balansında qeyd edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.[1]
Kiçik Qafqazın mis yataqları əsasən Gədəbəy filiz rayonunda cəmlənmişdir. Bu regionda əsasən mis-porfir, qismən mis-kolçedan yataqları inkişaf tapmışdır. Gədəbəy rayonunda Qaradağ mis-porfir yataqlarının mərkəzi hissəsinin ilkin kəsfiyyatı aparılmış və ehtiyatları sahə balansına götürülmüşdür.[1]
Gədəbəy filiz rayonu geoloji-struktur quruluşuna, geofiziki və geokimyəvi anomaliyaların intensivliyinə görə mis-porfir, mis-kolçedan, mis-qızıl filizlərinə ən perspektiv rayonlardan biridir. Mis minerallaşmasına Kiçik Qafqazın Qarabağ filiz rayonunun da perspektivliyi yüksəkdir. Bu filiz rayonunda əsasən mis-porfir, qızıl-mis-kolçedan və digər geoloji-sənaye tipli filizləşmə növləri geniş yayılmışdır. Qızılbulaq qızıl-mis-kolçedan yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları Dövlət balansına götürülmüşdür. Yataq Ağdərə rayonunda yerləşir. Misin orta miqdarı 1,38% təşkil edir. Daşkəsən filiz rayonunda mis-porfir və mis-kolçedan filizlərinə perspektivli sahələr — Qoşqarçay və Qoşqardağ sahələri aşkar olunmuşdur.[1]
Naxçıvan MR ərazisində — Ordubad filiz rayonunda ehtiyatları təsdiq olunmuş Parağaçay mis-molibden yatağı əsasında eyniadlı filiz-saflaşdırma mədəni fəaliyyət göstərirdi. Son illərdə müəssisənin təlabatı kasıb filizlər hesabına ödənilirdi və Ermənistan tərəfindən blokada şəraitinə düşəndən sonra fəaliyyəti tam dayandırılmışdır. Mədənin etibarlı xammalla təchiz edilməsi üçün, istismar kəşfiyyatının və yatağın ətrafında planlı şəkildə axtarış işlərinin davam etdirilməsi zəruri hesab olunur. Naxçıvan qırışıqlıq vilayətində sənaye əhəmiyyətli mis yataqlarının aşkar edilməsi üçün Misxana-Zəngəzur metallogenik xanasında yerləşən Ordubad filiz rayonu yüksək perspektivli hesab edilir. Son illərdə aparılmış axtarış işləri nəticəsində bu ərazidə Parağaçay, Misdağ, Göydağ, Göygöl, Şəlalə, Diaxçay, Kotam-Kilit filiz sahələrində çoxsaylı mis-molibden təzahürləri aşkar edilmişdir. Bunlardan əlavə, Culfa rayonunun Xanağa-Ordubad filizləşmə sahəsində eosen yaşlı vulkan-plutonik kompleksi daxilində, hidrotermal dəyişilmiş süxurlarda xeyli miqdarında proqnoz resursları gözlənilir.[1]
Ehtiyatları təsdiq edilmiş polimetal filiz yataqları aşağıdakılardır: Filizçay, Kasdağ, Katex, Mehmana və Gümüşlük. Kiçik Qafqazın Qazax filiz rayonunda Şəkərbəy, Naxçıvanın Ordubad filiz rayonunda Nəsirvaz-Ağdərə polimetal filiz yataqlarının qurğuşun ehtiyatları qiymətləndirilmiş və proqnoz resursları hesablanmışdır. Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri yataqları sırasına daxil olan Filizçay kolçedan-polimetal yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları təsdiq edilmişdir. Yataq yeganə kompakt filiz kütləsindən ibarət olmaqla 95 mln. ton miqdarında filiz ehtiyatına malikdir.[1]
Filizdə əsas qiymətli komponentlər mis (filizdə orta miqdarı 0,59%), sink (3,63%), qurğuşun (1,43%), gümüş (44,2 q/t), bismut, kadmium, kobalt, selen, tellur, indium və s. ibarətdir ki, onların da sənaye ehtiyatları hesablanmışdır.[1]
Filizlərin texnoloji xüsusiyyətləri 34 laborator (çəkisi 7 tona qədər) və 2 yarımsənaye (çəkisi 1–3,6 min ton) sınaqları üzərində öyrənilmiş və filizsaflaşdırma fabrikində qurğuşun-sink, mis və pirit konsentratlarının alınması və onların metalloji emalı nəticəsində son məhsulun-metalların alınması tövsiyə edilmişdir. Filizçay yatağının ehtiyatları dağ–mədən müəssisəsinin yüksək rentabelli fəaliyyətini 60 ildən artıq müddətə təmin edə bilər. Yatağın istismarı yeraltı üsulla nəzərdə tutulur. Filizçay yatağının həndəvərində, miqyaslarına görə nisbətən kiçik olan, dəqiq kəşfiyyat işləri aparılmış, sənaye ehtiyatları təsdiq edilmiş və qiymətləndirilmiş Kasdağ və Katex polimetal, Saqator mis-sink və Mazımçay mis-kolçedan filiz yataqları yerləşir. Bu yataqlar nəzərdə tutulan mədən-metallurgiya kompleksinin əlavə xammal bazası kimi nəzərdə tutulur. Zaqatala qoruğunun mühafizəsi zərurəti Filizçay yatağının istismarı ilə əlaqədar kompleks ekoloji problemlərin həlli, bütünlüklə ətraf mühitin təhlükəsizliyi məsələləri gündəlikdən çıxarılmamalı, birinci növbədə daha mütərəqqi emal texnologiyasının tətbiqi, istifadə olunacaq texniki avadanlıq, enerji daşıyıcılarının, material və xidmətlərin mövcud dünya bazarı qiymətləri əsasında texniki-iqtisadi əsaslandırmanın (TIƏ) yenidən tərtib edilməsi zəruri sayılır.[1]
Kiçik Qafqaz ərazisində qurğuşun və sink filizləşməsi əsasən damar tipli kütlələr şəklində yayılmışdır və çox da böyük yataqlar əmələ gətirmir. Belə yataqlardan biri Qarabağ filiz rayonunda, rayon mərkəzi Ağdərə şəhərindən 25 km cənub-qərbdə aşkar olunmuş Mehmana yatağıdır. Yatağın əsas ehtiyatları (80%-ə qədəri) 3 əsas damarda toplanmışdır. Onların uzunluğu 100 m-dən 1500 m-ə qədər, qalınlıqları isə 0,4 m-dən 0,85 m-ə qədər, filizdə qurğuşunun orta miqdarı-6,87%; sink-2,9% təşkil edir. Qeyd olunan elementlərlə yanaşı filizdə gümüş, kadmium, qızıl, selen və tellurun yüksək miqdarı qeyd olunmuşdur. Naxçıvan MR ərazisində sənaye ehtiyatları təsdiq edilmiş qurğuşun-sink yataqları Şərur və Ordubad rayonlarında yerləşirlər. 1952-ci ildən Şərur rayonunda gündəlik gücü 50 ton filiz olan Gümüşlük mədəni fəaliyyət göstərirdi. Yataq üzrə əsas faydalı komponentlər qurğuşun və sink, yanaşı komponentlər kadmium, qallium, gümüşdür. Yatağın I, II, III sahələrində sənaye əhəmiyyətli ehtiyatlar tam istismar edilmiş, son illərdə mədəndə kasıb filizlər çıxarılırdı. Balakən-Zaqatala filiz rayonunda — Saqator mis-sink yatağında, Naxçıvan MR-da — Nəsirvaz-Ağdərə polimetal yataqlarında sinkin ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.
Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz rayonunda — "Hamamçay" və "Dəmir" dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda — Filizçay kolçedan-polimetal yatağında cəmləşmişdir.[1]
Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır. Kobaltın dəmir filizlərindən çıxarılmamasının və tullantı kimi yığılmasının səbəbi mövcud texnologiyanın olmaması kimi əsaslandırılsa da, əsas səbəbi dəmir filizinin SSRI Əlvan metallurgiya Nazirliyinin Qara metallurgiya idarəsinə, kobalt filizinin isə Əlvan metallurgiya Idarəsinə məxsus olmasından ibarət olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2-ci Dünya müharibəsi dövründə az bir müddətdə Şimali Daşkəsən kobalt yatağının istismarı məsələsi həll olunmuş və müharibə vaxtı SSRI-nin kobalta olan ehtiyatının 40–45%-ə qədərini bu yataq ödəmişdir. Kiçik Qafqaz regionunda ehtiyatları hesablanmış kobalt yataqları ancaq Daşkəsən filiz rayonundadır. Bunlar "Cənubi Daşkəsən", "Hamamçay" və "Dəmir" yataqlarıdır. Bunlardan əlavə Daşkəsən filiz sahəsində "Şimali Daşkəsən" kobalt yatağının ehtiyatları tam istismar olunmamışdır. "Hamamçay" yatağında kobalt minerallaşması 2 formada — məxsusi kobalt mineralı-kobaltın, qlaukodat mineralları formasında və maqnetit filizi tərkibində kobaltlı piritin möhtəvi və damarcıqları şəklində qeyd olunur. "Dəmir" yatağında da kobalt kobaltlı pirit formasında maqnetit filizlərinin tərkibində yerləşir. "Cənubi Daşkəsən" dəmir filizi yatağında sərbəst kobalt mineralları ilə əlaqədar olan kobaltın miqdarı 0,139%-təşkil edir. Kobaltlı piritlə bağlı olan hissəsinin orta miqdarı 0,025% təşkil edir. Maqnetit filizi ilə bağlı olan kobalt ehtiyatları ancaq bu sahələrdə dəmir filizi istismar olunan vaxt götürülə bilər.[1]
Ordubad filiz rayonunda əvvəllər aparılmış geoloji-axtarış işləri nəticəsində bir sıra mis-kobalt təzahürləri aşkar edilmişdir ki, onlardan da ən böyük maraq doğuranı Kotam və Kilit təzahürləridir. Kotam mis-kobalt təzahürü Kotam kəndindən 2,5 km şimal-şərqdə yerləşir. Yer səthində qalınlığı 20–80 m olan filizləşmə zonası 2,5 km məsafədə izlənilir. Filizləşmə damarcıq-möhtəvi teksturaya malik olub, xalkopirit-pirit tərkiblidir. Filizləşmə daxilində kobaltın miqdarı 0,06–0,3%, nikel-0,1%, mis-0,3–1,12% arasında dəyişir. Kilit mis-kobalt təzahürü Kotam filiz rayonu daxilində yerləşməklə, kobalt, nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-möhtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur. Filizləşmə zonaları 3–8,6 m qalınlıqla 20 m-dən 1000 m-ə qədər izlənilir. Elementlərin orta miqdarı: kobalt-0,028–0,115%, mis-0,07–0,43%-dir. Respublikada yüksək keyfiyyətli polad istehsalı xammalı bazasının yaradılması zərurəti gələcəkdə kobalt filizinə geoloji-kəşfiyyat işlərinin aparılmasını zəruri edir. 1993-cü ildən əvvəllər ehtiyatları qismən istismar edilmiş "Şimali Daşkəsən" kobalt yatağının cinahlarında aparılmış axtarış işləri nəticəsində burada intişar tapmış zonaların parametrləri müəyyənləşdirilmiş və ilk dəfə olaraq bu zonalar üzrə kobaltın yüksək miqdarı təyin edilmişdir (4 m qalınlığında 0,41%, 1,25 m qalınlığında 0,37%).[1]
Molibdenin dövlət balansında qeydə alınmış ehtiyatları Ordubad filiz rayonunda Parağaçay (Qapıcıq sahəsi ilə birgə) yatağında cəmləşir. Naxçıvan qırışıqlıq zonasının Ordubad filiz rayonunda Göydağ, Diaxçay, Misdağ-Şəlalə və Kiçik Qafqazın Qarabağ filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır.[1]
Respublika ərazisində əvvəllər aparılmış geoloji-kəşfiyyat işləri ilə Zəylik alunit filizləri yatağı aşkar edilmiş və kəşfiyyatı aparılmışdır. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Alunit filizləri üst yura yaşlı tufogen çöküntülərdə intişar tapmışlar və lay formalı iki filiz qatı ilə təmsil olunurlar. Filizlər əsasən alunitdən və kvarsdan ibarətdir. Alunitin miqdarı 10–80% arasında dəyişməklə, yataq üzrə orta miqdarı-53%-dir.[1]
Alunit filizləri Respublika üzrə ümumi filiz ehtiyatlarının 29,7% -ni təşkil edir. Zəylik alunit yatağı Gəncə gil-torpaq kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur. Hər il alunitdən 200 min ton gil-topraq, 385 min ton sulfat turşusu, 78 min ton kalium gübrəsi alınırdı və o illərdə əsasən Krasnoyarsk və Irkutsk alüminium zavodlarına göndərilirdi. Bu yatağın ən cəlbedici amillərindən biri də odur ki, alunit filizlərinin tərkibində nüvə reaktorlarında, təyyarə və raket texnikasında, ərinti birləşmələrində istifadə edilən vanadium və qallium metalları vardır.[1]
Sənaye ehtiyatları dövlət balansında qeydə alınmış civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağınin (Ağyataq) ehtiyatları istismar nəticəsində tükənmişdir. Bu yataqlardan başqa, Kiçik Qafqazın Kəlbəcər filiz rayonunda Narzanlı, Sarıbulaq, Çilgəzçay, Qamışlı və Şorbulaq civə yataqlarının ehtiyatları qiymətləndirilərək sahə balansında qeydə alınmış, proqnoz resursları hesablanmışdır. Levçay civə yatağı — Kəlbəcər rayonunun Lev kəndindən 15–20 km şimal-qərbdə yerləşir. Filiz kütlələri kiçik linzalar şəklində təbaşir yaşlı karbonat süxurlar içərisində yerləşir. Filiz kütlələrinin uzunluğu 20 m-dən 70 m-ə qədər, qalınlıqları isə 2,5 m-dən 6,5 m-ə qədərdir. Filizdə civənin orta miqdarı 0,261–0,497% arasında dəyişir. Ağyataq civə yatağı — Kəlbəcər şəhərindən 12–15 km şərqdə, cənub-şərqdə yerləşir. Yataq 1984-cü ilə kimi Şorbulaq dağ-mədən müəssisəsi tərəfindən istismar olunmuşdur. Filizdə civənin orta miqdarı 0,3%-dir. Çilgəzçay yatağı — Laçın rayonunun Ələkçi kəndi yaxınlığındadır. Civə minerallaşması əzilmiş, kvarslaşmış santon yaşlı süxurlar içərisində yerləşir. Civənin əsas mineralı olan kinovar ayrı-ayrı yuvacıqlar, möhtəvilər və damarcıqlar şəklində filizdaşıyan süxurlar içərisində qeyri-bərabər paylanmışdır. Narzanlı yatağı — Laçın rayonunun Kalafalıq kəndi yaxınlığındadır. Civənin əsas mineralı kinovar ayrı-ayrı linzalar, yuvacıqlar və damarcıqlar şəklində əhəngdaşları içərisində yerləşir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.