Aslan və Günəş
From Wikipedia, the free encyclopedia
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir.[1] "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir,[1][2] mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır.[2][3]
Aslan və Günəş | |
---|---|
شیر و خورشید Şir-o xorşid | |
Detallar | |
Əsas | arxasında günəş olan, əlində şəmşir tutan aslan |
Vikianbarda əlaqəli mediafayllar |
Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir. Səfəvilər dövründə "Aslan və Günəş" cəmiyyətin iki sütununu, dövləti və islam dinini təmsil edirdi. Qacarlar dövründə milli gerb halına gəlmişdir. XIX əsrdə Qacar sarayına gələn avropalılar "Aslan və Günəş"i uzaq antik dövrə aid edirdilər. Odur ki, simvol o vaxtdan bəri milliyətçi bir şərh qazanmışdır.[1] Fətəli şah Qacarın və onun xələflərinin dövründə motivin forması əsaslı şəkildə dəyişdirilmişdir. Simvolun yuxarı hissəsində monarxiyanı təmsil edən tac da qoyulmuşdu. Fətəli şahın hakimiyyəti dövründən başlayaraq monarxiyanın islami tərəfi vurğulanmağa başlanmışdır. Bu dəyişiklik gerbin simvolizminə təsir etmişdir.
Simvolun mənası Qacar dövründən 1979-cu il inqilabına qədər bir neçə dəfə dəyişmişdir. Aslanın İran mifologiyasındakı əfsanəvi qəhrəman olan Rüstəmi təmsil edən simvol olması ehtimalı irəli sürülmüşdü, Günəş isə "vətən simvolu" və ya mifik İran şahı Cəmşid kimi şərh edilmişdir. Gerbin bir çox tarixi mənaları İran kimliyinin bir-birləri ilə rəqabət aparan simvolları üçün zəngin zəmin yaratmışdır. XX əsrdə bəzi siyasətçilər və alimlər emblemin "Derəfş Kavyani" kimi digər simvollarla dəyişdirilməsini təklif etmişdilər. Bununla belə, emblem 1979-cu il inqilabına qədər İranın rəsmi simvolu olaraq qalmışdır. İnqilabdan sonra "Aslan və Günəş" rəmzi ictimai yerlərdə və dövlət təşkilatlarından çıxarılaraq, İranın indiki gerbi ilə əvəzlənmişdir.