From Wikipedia, the free encyclopedia
Martin Lüter (alm. Martin Luther [ˈmaɐ̯tiːn ˈlʊtɐ] dinlə; 10 noyabr 1483[1][2][…], Lyuterştadt-Aysleben, Müqəddəs Roma imperiyası[3] – 18 fevral 1546[1][2][…], Lyuterştadt-Aysleben, Müqəddəs Roma imperiyası[4]) — Almaniyada reformasiyanın başçısı, alman protestantlığının (lüteranlıq) banisi. 1517-ci ildə katolik kilsəsinə qarşı 95 tezisi ilə çıxış etmişdi.
Martin Lüter | |
---|---|
alm. Martin Luther | |
Doğum tarixi | 10 noyabr 1483[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 fevral 1546[1][2][…] (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | tərcüməçi, ilahiyyatçı, professor, vəkil, Bibliya tərcüməçisi[d], xristiyan himnlərinin müəllifi[d], reformasiyaçı[d], filosof, pastor[d], yazıçı, vaiz[d], bəstəkar, Katib, katolik keşişi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük dini islahatçı kimi tanınan Martin Lüter 10 noyabr 1483-cü ildə Almaniyanın Eysleben şəhərində, kəndli ailəsində doğulmuşdur. On üç yaşında ikən atası onu Eyzenax şəhərindəki kilsə məktəbinə oxumağa yollamışdır. Burada Ursula Kott adlı xeyirxah bir qadınla tanış olan Lüter dörd ildən sonra onun köməyi ilə Erfurt Universitetinə daxil olmuşdur. 1502-ci ildə bakalavr, üç ildən sonra isə fəlsəfə magistri dərəcəsi almışdır. Atasının təzyiqi ilə hüquqşünas peşəsinə yiyələnən Martin gözlənilmədən rahib olmaq qərarına gəlmiş və 1507-ci ildə avqustinçilər monastırına getmişdir. Rəvayətə görə, onun rahib olmasının səbəbi, tufan vaxtı ölüm qorxusuna düşərək, "Müqəddəs Anna, məni xilas et, sağ qalsam, monastıra gedəcəyəm" andı verməsi ilə əlaqədardır.
Avqustinçilər cəmiyyətinin başçısı, Lüterin dostu İohann Ştaupits idi. O, dostunun məsləhəti ilə Vittenberq Universitetinə getmiş və ilahiyyat üzrə əvvəlcə birinci, sonra isə ikinci elmi dərəcə almışdır. 1510-cu ildə isə cəmiyyətin işləri ilə əlaqədar olaraq Romaya göndərilmişdir. Lüter yazırdı ki, burada qaldığı dörd ay ərzində "Müqəddəs Şəhər"in düşdüyü vəziyyətə xeyli heyrətlənmiş və daxili nifrət duyğusuna qapılmışdır. 1512-ci ildə Vittenberq Universitetində ilahiyyat doktoru adını almış və bu təhsil ocağında qalaraq müəllimlik fəaliyyətinə başlamışdır. Həmin dövrdə o, paralel olaraq kilsədə vaizlik də etmişdir. Lüter İncili alman dilinə tərcümə etmək fikrinə də bu dövrdə düşmüşdür.
Martin Lüterin dini baxışlarının mərkəzində duran əsas müddəalardan biri "məşğulluq" (almanca:Berufung) anlayışıdır. Onun dində islahatlar aparmaq fikri 1517-ci ildə, yəni Almaniyada indulgensiya (günahların bağışlanması haqqında kilsənin hər şəxsə verdiyi qəbz) satışına başlanılması dövrünə təsadüf edir. O vaxtlar belə iddia edilirdi ki, guya bu qəbzi alan şəxs və onun yaxınları Cəhənnəm əzabından xilas ola bilər. Papa X Leonun göstərişinə əsasən, bu "alverlə" Mayns arxiyepiskopu Albrext məşğul idi. Satışdan əldə olunacaq vəsait hesabına Romadakı "Müqəddəs Pyotr" kilsəsi tikiləcəkdi.
Lüter indulgensiya satışına dair etirazlarını 31 oktyabr 1517-ci ildə "Doxsan beş tezis" adı altında hazırlayaraq Vittenberq kilsəsinin divarlarından asmışdır. Tezislərin əsas məqsədi kahinlərin Allahla insan arasında vasitəçi olmdığını, onların yalnız rəhbərlik etməklə həqiqi xristianlara nümunə qismində çıxış etməli olduqlarını göstərmək idi. Bu haqda xəbər tezliklə Papaya da çatmış və Lüter izahat üçün Romaya çağırılmışdır. Lakin Saksoniya kurfürstü (nüfuzlu knyaz) Fridrixin köməyi ilə məsələyə Almaniyada baxılması qərara alınmışdır. 1518-ci ilin oktyabrında Ausburq şəhərində keçirilən iclasda Lüter, Papanın müvəkkili kardinal Kaetan tərəfindən bidətçi adlandırılsa da, o, Almaniyanın bir sıra nüfuzlu şəxsləri tərəfindən müdafiə edilmişdir. Bütün bunlara baxmayaraq 1520-ci ildə Papa rəsmən Lüteri dindən çıxarmış və bununla da, onun yeni məzhəb yaratmaq işini sürətləndirmişdir.
O bu dövrdə yazdığı bir çox əsərlərdə dövləti dinin caynaqlarından qurtarmaq üçün kilsə daxilində islahat aparmağın vacibliyini vurğulamışdır. 1521-ci ildə Almaniyanın Vorms şəhərində keçirilən Reyxstaq iclasında yaydığı fikirlərdən imtina edib-etməməsi barədə ona verilən suala, o, belə cavab vermişdir: "Siz məndən sadə cavab istəyirsinizsə, mən onu sizə verərəm. Mən Müqəddəs Kitab və qəti dəlillərlə mühakimə olunmamışam. Mənim vicdanım Allahın əlindədir və heç nədən imtina edə bilmərəm. Çünki vicdana qarşı getmək mümkün deyil. Başqa cür edə bilmərəm, Allah mənə kömək olsun".
Bu hadisədən sonra Lüterə qarşı "Vorms edikti" adlı sənəd qəbul edilmiş və o, kurfürst Fridrixin köməyi ilə Vartburq qəsrində gizlənməyə məcbur olmuşdur. O, burada da fəaliyyətini davam etdirərək, İncilin tərcüməsini başa çatdırmışdır. Bir müddət sonra Vittenberqə qayıdaraq, kilsədə aparılan islahatlarda fəallıq göstərmişdir (bu işdə ona yaxın dostu və silahdaşı Filipp Melanxton yardım etmişdir).
1525-ci ildə Almaniyada kəndli üsyanı baş vermişdi. Üsyançılar Lüterin fikirlərindən yararlansalar da, o, qiyama qarşı olmuşdur. Bu üsyan nəticəsində Lüterə qarşı daha sərt və dözümsüz münasibət yaranmışdı. Lüter yazırdı: "İnsan öz ruhunu kilsə vasitəsilə deyil, imanla xilas edir". Lüter bu fikirləri 1519-cu ildə məşhur ilahiyyatçı İohann Ek ilə müzakirə zamanı səsləndirmiş, papa şəxsiyyətinin qüsursuzluğu doqmasını təkzib etmişdir.
Belə çətin dövrdə onun şəxsi həyatında yenilik baş vermişdir. Zamanın təsiri altına düşən bir qrup gənc qadının monastırdan qaçmalarına kömək edən Lüter onların yeni həyata başlamalarına -həyat yoldaşı tapmaqlarına da yardımçı olmuş və onların hamısını evləndirmişdir. Sonda tək qalan Katarina fon Bora ilə o özü evlənmişdir (27 iyun 1525-ci il). Bu nikahdan onların altı uşağı olmuşdur.
Bundan sonrakı dövrdə Lüter, əsasən, pedaqoq və vaiz kimi fəaliyyətini davam etdirmiş, yazdığı müxtəlif əsərlərdə dini görüşlərini açıqlamaq üçün gərgin fəaliyyət göstərmişdir. Onun əsərləri bütün Avropada geniş əks-sədaya səbəb olmuşdur. Böyük həyat yolu keçən dini reformator 18 fevral 1546-cı ildə Eysleben şəhərində vəfat etmişdir.
Lüterin antisemitizminin mahiyyəti müxtəlif cür başa düşülür. Bəziləri hesab edirlər ki, antisemitizm Lüterin şəxsi mövqeyi olmaqla, onun teoloji baxışlarına təsir etməmiş və sadəcə olaraq dövrün ruhunun ifadəsi olaraq meydana çıxmışdır. Digər bir qrupun fikrincə isə, Lüterin baxışları onun davamçıları arasında antisemitik əhval-ruhiyyənin güclənməsinə davamlı təsir göstərmişdir. Təbliğata başlamazdan öncə Lüter, görünür, antisemit olmamış, hətta 1523-cü ildə o, "İsa Məsih yəhudi olaraq doğuldu" adlı bir broşür hazırlamışdır. Lakin Reformasiya irəlilədikcə, Lüter yəhudilərin kütləvi şəkildə xristianlığı qəbul etməsinə ümidini itirməyə başlamış və buna görə də illər keçdikcə yəhudiliyə qarşı daha da dözümsüz olmuş, ardıcıllarına qarşı sərt mövqe tutmuşdur. Daha sonrakı iki əsərində Lüter artıq yəhudilik haqqında düşmən mövqeyini açıq şəkildə ifadə etmiş və vəftiz olunmaqdan imtina edən bütün yəhudilərin qovulmasına və sinaqoqlarının yandırılmasına çağırmışdır[5]. 20-ci əsrdə Lüterin antisemitik baxışları Hitler və onun tərəfdarlarının ona olan rəğbətini artırdığından hətta "Büllur gecə" adlı bayramı da nasistlər Lüterin doğum gününündə qeyd edirdilər[6].
Maks Veberə görə, lüteran təbliğatı təkcə Reformasiyaya təkan verməklə yanaşı, həm də kapitalizmin yaranmasında dönüş nöqtəsi oldu və Yeni dövrün ruhunu müəyyənləşdirdi. Martin Lüter alman ictimai fikir tarixinə mədəniyyət xadimi — təhsilin, dilin və musiqinin islahatçısı kimi daxil olmuşdur. 2003-cü ildə keçirilən ictimai rəy sorğularının nəticələrinə əsasən Martin Lüterin Almaniyanın bütün tarixində ikinci ən tanınmış şəxs (birinci yer Konrad Adenauer, üçüncü yerdə Karl Marks) olduğu müəyyən edilmişdir. Lüter təkcə İntibah mədəniyyətindən təsirlənməmiş, papanın tərəfdarlarına qarşı mübarizədə o, xalq mədəniyyətindən istifadə etməyə çalışmış və onun inkişafında əhəmiyyətli rol oynamışdır. Böyük əhəmiyyət kəsb edən Bibliyanın alman dilinə tərcümə edilməsi, əsasən, Lüter (1522–1542) tərəfindən həyata keçirilmiş, ümumalman milli dilinin normalarını müəyyən etmişdir. Bu işdə ona sadiq dostu və silahdaşı İohann-Kaspar Akvila kömək etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.