Qan dövranı
From Wikipedia, the free encyclopedia
Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arteriyalar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapillyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur. Bu mərhələdə qan yenidən oksigenini itirib, al-qırmızıdan tünd qırmızıya çevrilir. Hüceyrələrdə gedən maddələr mübadiləsindən hasil olan karbon qazı kapilyar torunda qana yüklənərək, yığıcı venalarla toplanaraq, eyni şəkildə kiçikdən böyüyə doğru ötürülür. Sonra ürəyin sağ qulaqcığına və mədəciyinə çatır, oradan da karbon qazından təmizlənmək və oksigenlə zənginləşmək üçün ağciyər arteriyası vasitəsilə ağciyərlərə qovulur. Beləliklə, qan insan bədənində sirkulyasiya, daha doğrusu hərəkət edir[1]. Ürəyin sol şöbəsindən başlayaraq üzv və toxumalardan keçməklə sağ şöbədə bitən qan dövranı "böyük qan dövranı" adlanır.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Qan dövranı | |
---|---|
| |
Latınca | Systema cardiovasculare |
Qrey | subyekt 250 1197 |
Qan dövranı başlanğıcı və sonu ürəkdə olan qan damarları yoludur. Qan orqanizmdə öz hərəkətini böyük və kiçik qan dovranı ilə başa çatdırır. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır.[2] Kiçik qan dövranı isə sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında bitir. Qanın damarlarda hərəkəti müxtəlifdir. Qan təzyiqi bütün damarlarda eyni deyil. Kiçik mənfəzli arteriyalarda təzyiq 80–85 mm-ə, arteriyalarda 30–35 mm-ə, kapilyarlarda isə 10–15 mm-ə bərabər olur. Hər dəfə ürəyin sol mədəciyində yığılan qan müəyyən təzyiqlə aortaya vurulur. Bu zaman aorta və arteriyaların divarları ritmik rəqsi hərəkət edir ki, buna da nəbz deyilir. Hər nəbz ürəyin mədəciyinin bir yığılmasına uyğundur və onu arteriya damarlarının bədən səthinə çıxan yerlərində (biləyin içəri tərəfində, gicgahlarda, boyun yanlarında və s.) müşahidə etmək olar. Qanın damarlarda hərəkət surəti nəbz dalğalarının hərəkət surətinə uyğun gəlmir. Əgər aortada qanın hərəkət sürəti 0,3–0,5 m/saniyəyə bərabərdirsə, nəbz dalğalarının surəti iri aortada 6–9,5 m/saniyəyə çatır.[3]
Qan dövranının dayandığı an, oksigenin ağciyərlərdən hüceyrəyə daşınması da dayanmış olur. Qan dövranının pozulması qan və qırmızı qan hüceyrəsi itkisi (qanaxma, ciddi qansızlıq), qan damarlarının uyğunlaşmazlığı və ya tıxanması halında (şok), ürəyin qanı qovma gücünün dayanması və ya qeyri-kafiliyi (ürək dayanması) kimi hallar buna misal ola bilər. Qan dövranının pozğunluqları bir neçə dəqiqədə insana ölüm gətirə bilər. Bədəndə qan dövranının normal işləməməsinin ilk əlamətləri baş gicəllənmələri, çətin görmə, unutqanlıq kimi əlamətlər sayılır. Xüsusilə xəstənin ayaqda olduğu zamanda bu proses daha gözə çarpır. Çünki qan, öz ağırlığı ilə yerin cazibə qüvvəsi üzündən beyindən uzaqlaşır. Bu səbəblə xəstəni dərhal kürək üstə yerə yatırtmaq, aşağı ətraflara bir qədər yuxarı vəziyyət verməklə beyninin yenidən qanla təchizatını təmin etmək lazımdır.