Qara cəngavər
From Wikipedia, the free encyclopedia
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen başlayır" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir.
Qara cəngavər | |
---|---|
ing. The Dark Knight | |
| |
Janr | döyüş, macəra |
Əsas mövzu | terrorizm |
Rejissor | Kristofer Nolan |
Prodüserlər |
Emma Tomas Çarlz Roven Kristofer Nolan |
Əsərin müəllifləri |
DC Comics Yaradıcılar: Bob Keyn Bill Finqer |
Ssenari müəllifləri |
Conatan Nolan Kristofer Nolan Hekayə: Kristofer Nolan Devid Qoyer |
Baş rollarda |
Kristian Beyl Maykl Keyn Hit Ledcer Qari Oldmen Eyron Ekhart Meqqi Cillenhol Morqan Friman |
Operator | Uolli Pfister |
Bəstəkarlar |
Hans Zimmer Ceyms Nyuton Hovard |
İstehsalçılar |
Legendary Pictures Syncopy Films DC Comics Distribütor: Warner Bros. Pictures |
Distribütor | Warner Bros., InterCom[d], Netflix |
İlk baxış tarixi |
14 iyul 2008 (Nyu-York) 18 iyul 2008 (ABŞ) 24 iyul 2008 (Böyük Britaniya) |
Müddət | 152 dəq.[1] |
Büdcə | 185 milyon $[2] |
Gəlir | 1,005 milyard $[2] |
Ölkələr |
Birləşmiş Krallıq[3] ABŞ[3] |
Dil | ingilis dili |
İl | 2008 |
Əvvəlki film | Betmen: Başlanğıc |
Sonrakı film | Qara cəngavər: Əfsanənin dirçəlişi |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles, Çikaqo, Honkonq |
IMDb | ID0468569 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir.[4][5] Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur. Warner Bros. "Qara cəngavər" filmi üçün virus marketinqi kampaniyası başlatmış, Ledcerin Coker kimi təsvir olunduğu skrinşotların yer aldığı reklam saytları və treylerlər hazırlamışdır.
ABŞ və Böyük Britaniyanın birgə istehsalı ilə çəkilmiş "Qara cəngavər" filmi 16 iyul 2008-ci ildə Avstraliyada, 18 iyul 2008-ci ildə Şimali Amerikada və 24 iyul 2008-ci ildə Böyük Britaniyada ekranlara buraxılmışdır. Film tənqidçiləri tərəfindən film 2000-ci illərin ən yaxşı filmlərindən biri və bütün dövrlərin ən yaxşı superqəhrəman filmlərindən biri kimi qiymətləndirilmiş[6][7] və bir çox müsbət rəylər almışdır.[8] "Qara cəngavər" 2008-ci ilin Top-10 siyahılarında (287 siyahı) ən çox göstərilmiş ("VALL-İ" filmi istisnadır) filmdir.[9] 77 tənqidçi filmi 2008-ci ilin ən yaxşı filmi adlandırmışdır və bu göstərici həmin ilin ən yaxşı göstəricisi olmuşdur. Filmdən bütün dünyada əldə olunan gəlir 1 milyard dollardan çox olmuşdur.[10] Film bu göstəriciyə görə bütün dövrlərin ən çox gəlir əldə etmiş 24-cü filmidir. "Qara cəngavər" səkkiz nominasiyada Oskar mükafatına laureat göstərilmişdir: film "Ən yaxşı səs montajına görə", Ledcer isə ölümündən sonra "Ən yaxşı ikinci plan kişi roluna görə" Oskar mükafatına layiq görülmüşdür.[11] Qara Cəngavər trilogiyasının sonuncu filmi — "Qara cəngavər: Əfsanənin dirçəlişi" filmi 20 iyul 2012-ci ildə ekranlaşdırılmışdır.