Yaponiya bayrağı
milli bayraq / From Wikipedia, the free encyclopedia
Yaponiya bayrağı — Yaponiya dövlətinin milli simvollarından biri. Ağ rəngli düzbucaqlı sahənin mərkəzində yerləşən tünd qırmızı günəş diski şəklində təsvir olunmuşdur. Bayraq rəsmi şəkildə Nişşoki (日章旗?, "günəş işarəli bayraq") adlansa da, Yaponiyada daha çox Hinomaru (日の丸?, "günəş diski") adı ilə tanınır. Bayraq ölkənin adını simvolizə edir: Gündoğan ölkə.
Yaponiya | |
---|---|
Təfərrüatlar | |
Ləqəb | Nişşoki[1] və ya Hinomaru[2] |
Proporsiya | 2:3[1] |
Dizayn | Ağ düzbucaqlı sahənin mərkəzində qırmızı günəş diski |
Vikianbarda əlaqəli mediafayllar |
Nişşoki bayrağı 13 avqust 1999-cu ildə qüvvəyə minən "Milli bayraq və milli himn haqqında qanun"dan sonra milli bayraq kimi qəbul edilmişdir. 1999-cu ilə kimi rəsmi şəkildə milli bayraq kimi qəbul edilməsə də, həmin vaxta kimi de fakto olaraq milli bayraq idi. Meyci dövrünün əvvəlində mövcud olmuş hökumət orqanı Dayco-kan bayrağın dizaynı haqqında iki müraciətnamə yaymışdır. Günəş diski bayrağı 27 fevral 1870-ci ildə Meyci 3-ün 57 saylı müraciətnaməsi ilə ticarət gəmiləri üçün milli bayraq, 27 oktyabr 1870-ci ildə isə Meyci 3-ün 651 saylı müraciətnaməsi ilə hərbi donanma üçün milli bayraq kimi qəbul edilmişdir. İkinci dünya müharibəsindən sonra Müttəfiqlərin Yaponiyanı işğal etdikləri ilk bir neçə il ərzində bayrağın istifadəsi məhdudlaşdırılsa da, daha sonra bu məhdudiyyətlər aradan qalxmışdır.
Günəş Yaponiya mifologiyasında və dində vacib rol oynayır, çünki əfsanəyə görə Yaponiya imperatorları günəş tanrısı Amaterasunun nəslindən gəlirlər. Ölkənin adı da bayrağın dizaynında vacib rol oynamışdır. Qədim tarix mənbəyi olan Şoku Nihonqiyə görə İmperator Monmu 701-ci ildə öz sarayında günəşi təmsil edən bayraqdan istifadə etmişdir. Bu, Yaponiyada günəş motivli bayrağın istifadəsinə dair ən qədim qeyddir. Ən qədim bayraq Yamanaşi prefekturasının Koşu şəhərində yerləşən Unpo-ci məbədində saxlanılan bayraqdır və XVI əsrdən öncəsinə aiddir. Əfsanəyə görə bu bayraq İmperator Qo-Reyzey tərəfindən XI əsrdə məbədə verilmişdir.[3][4][5] Meyci islahatı dövründə həm günəş diski, həm də Doğan günəş bayrağı formalaşan Yaponiya imperiyasının əsas simvolları olmuşdur. Təbliğat afişaları, kitabları və filmlərində bayraq ləyaqət və vətənpərvərlik simvolu kimi təsvir olunmuşdur. Hökumətin qərarına əsasına Yaponiya evlərində vətəndaşlar milli bayramlarda, tədbirlərdə və digər hadisələrdə bayrağı nümayiş etdirməyə məcbur idilər. Üzərində Hinomaru təsviri olan, Yaponiya və imperatora sədaqəti simvolizə edən müxtəlif nişanlar İkinci Çin-yapon müharibəsində və digər hərbi münaqişələrdə populyar olmuşdur. Nişanlar bayraq üzərində yazılmış şüarlardan tutmuş bayrağı xatırladan geyimlər və yeməklərə qədər müxtəlif idi.
İctimaiyyətin bayrağa münasibəti müxtəlifdir. Tarixən həm Qərb, həm Yaponiya mənbələri bayrağın yaponlar üçün güc və dözümlülük simvolu olduğunu iddia etmişdirlər. İkinci dünya müharibəsinin başa çatmasından sonra bayrağın və Yaponiyanın milli himni olan Kimiqayonun orta məktəblərdə istifadə olunması mübahisə mövzusuna çevrilmişdir. Mübahisələr etirazlara və məhkəmə işlərinə səbəb olmuşdur. Ultramilliyətçiliklə olan əlaqəsinə görə bayraq Yaponiyada çox da geniş istifadə olunmur. Okinavalılara görə bayraq İkinci dünya müharibəsinin hadisələrini və ABŞ ordusunun Okinavada müvəqqəti olaraq oturmasını xatırladır. Bir zamanlar Yaponiyanın işğalı altında olmuş bəzi ölkələrə görə bayraq aqresiya və imperializm simvoludur. Hinomaru işğal olunmuş dövlətlərdə təhdid, dominantlıq və itaəet etdirmə məqsədləri üçün alət kimi istifadə olunmuşdur. Hazırda bəzi Yaponiya hərbi bayraqları Hinomaruya əsaslanır.