Çeçenlərin və inquşların deportasiyası
deportasiya / From Wikipedia, the free encyclopedia
Aardax (çeç. Аардах) və Mərcimək əməliyyatı (rus. Чечевица, Çeçevitsa; çeç. Вайнах махкахбахар Vaynax Maxkaxbaxar) kimi də bilinən çeçenlərin və inquşların deportasiyası — II Dünya Müharibəsi zamanı-23 fevral 1944-cü ildə Sovet İttifaqı tərəfindən vaynaxların (çeçenlər və inquşlar) zorla Şimali Qafqazdan Orta Asiyaya köçürülməsidir. 1940–44-cü il Çeçenistan üsyanından əvvəl SSRİ hökumət başçısı İosif Stalinin razılığı ilə NKVD rəhbəri Lavrenti Beriya 1930–1950-ci illər ərzində rus olmayan bir neçə milyon etnik azlığa təsir edən məcburi yerləşdirmə və əhalinin köçürülməsi proqramının bir hissəsi olaraq deportasiya əmrini verdi.
Çeçenlərin və inquşların deportasiyası | |
---|---|
Əsas münaqişə: SSRİ-də məcburi köçürülmələr, SSRİ-də siyasi repressiya və İkinci Dünya müharibəsi | |
| |
Ümumi məlumatlar | |
Yeri | Çeçen-İnquş MSSR, SSRİ |
Hücumun hədəfi | çeçenlər, inquşlar |
Tarix |
|
Hücum metodu | məcburi köçürmə, deportasiya [1] |
Ölü sayı |
123,000–200,000 çeçen və inquş (ümumi sayılarının 1/4 ya da 1/3-i) |
Törədən(lər) |
|
Vikianbarda əlaqəli mediafayllar |
Deportasiya planı hələ 1943-cü ilin oktyabr ayında hazırlanmış və bu əməliyyatda SSRİ-nin hər yerindən 100 000 NKVD əsgəri iştirak etmişdi. Deportasiya çeçen və inquş millətlərini əhatə edirdi. Bu zaman Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi də nəzərdə tutulmuşdu. Bu məcburi köçürülmənin demoqrafik nəticələri ağır və ürəkağrıdan idi: sürgün edilmiş 496.000 çeçen və inquşdan ən azı dörddə biri həlak olmuşdu. Ümumilikdə, arxiv qeydləri göstərir ki, yüz mindən çox insan toplanma və köçürülmə zamanı və Qazaxıstan SSR və Qırğızıstan SSR-də sürgündə olduqları ilk dövrlərdə, habelə məcburi yerləşdirmə üçün göndərildikləri məcburi əmək düşərgələrinə getdikləri Rusiya SFSR-də həyatını itirmişdi. Deportasiya zamanı çeçenlər və inquşlar sosial, mənəvi təzyiqlərə, bir çox məhdudiyyətlərə məruz qalmış, rəsmi sənədlərdə qeyd olunmasına baxmayaraq onların mülkiyyət hüquqları və təhlükəsizliyi təmin olunmamışdır.[2] Sürgün müddətindən məcburi əmək düşərgələrinə qədər bütün bu müddət ərzində onlar NKVD rəsmilərinin inzibati nəzarəti altındaydılar.[3]
Sürgün 13 il davam etdi və 1957-ci ildə Nikita Xruşşov rəhbərliyindəki yeni sovet hakimiyyəti Stalinin bir çox siyasətini, o cümlədən millətlərin deportasiyasını ləğv edənə qədər sağ qalanlar doğma torpaqlarına qayıtmadılar. Yerli bir hesabatda göstərilirdi ki, Qafqaza qayıtmaq istəyərkən bir çox maneələrə, o cümlədən işsizliyə, yaşayış yerinin olmamasına və yerli rus əhalisi ilə etnik toqquşmalara baxmayaraq, 1961-ci ilə qədər 432 minə yaxın vaynax Çeçen-İnquş MSSR-yə köçmüşdür. Nəticədə çeçenlər və inquşlar dirçəldilər və yenidən əhali içərisindəki çoxluqlarını bərpa etdilər. Bu deportasiya sağ qalanların və onların nəslinin yaddaşında daimi bir iz buraxdı. 23 fevral günü əksər inquş və çeçenlər tərəfindən faciə günü kimi xatırlanır. Çeçenistan və İnquşetiya bunu 2004-cü ildə Avropa Parlamentinin də qəbul etdiyi kimi soyqırım olaraq təsnif edir.