Ümumdünya Ədalət Evi
From Wikipedia, the free encyclopedia
Ümumdünya Ədalət Evi — Bəhai dinində inzibati orqanın adıdır. Bəhai dininin banisi — Bəhaullahın qanunlarının həyata keçirilməsi və əlavələr edilməsi səlahiyyətlərinə və Bəhai rəhbərliyində qərar verici bir funksiyaya malik bir qurumdur. Bu qurum haqqında Bəhaullahın və dinin varisi Əbdül-Bəhanın yazılarında tərif verilmişdi, rəsmi olaraq 1963-cü il, On İllik Yürüş adlanan beynəlxalq Bəhai təbliğ planının sonunda qurulmuşdur.
Üzvlər doqquz nəfərdən ibarətdir və hər beş ildən bir kişilər arasından seçilir, seçicilər dünya üzrə bəhai Milli Ruhani Məhfilinin üzvləridirlər. Ümumdünya Ədalət Evinin binası İsrailin Hayfa şəhərində, Karmel Dağının yamacında yerləşir, həmçinin onun üzvləri də orada yaşayırlar.
Həmçinin Bəhai yazılarında vurğulanmayan məsələlərə aid qanunlar qəbul etmək səlahiyyətlərinə malik olmaqlarına baxmayaraq, Ümumdünya Ədalət Evi qurulandan bəri bu məsələdə özünü məhdudlaşdırır və az istifadə etməyə çalışır. Bunun əvəzinə, bütün Bəhai dünyasına müxtəlif məktublar və mesajlar vasitəsilə rəhbərlik verir. Ümumdünya Ədalət Evi tərəfindən yazılan kitablar və sənədlər, bəhailər tərəfindən etibarlı və qüsursuz nümunə olaraq qəbul olunur. Qurum olaraq həm də Bab, Bəhaullah və Əbdül-Bəhanın yazılarından çıxarışların toplanması və nəşri ilə də məşğul olurlar.