2014 FİFA Dünya Kuboku finalı
From Wikipedia, the free encyclopedia
2014 FİFA Dünya Kubokunun finalı — FİFA-nın milli futbol komandaları üçün 20-ci yarışı olan 2014 Dünya Çempionatının final oyunu olmuşdur. Qarşılaşma 13 iyul 2014-cü il tarixində Braziliyanın Rio-de-Janeyro şəhərindəki Marakana stadionunda baş tutmuş və Almaniya ilə Argentina milli komandaları arasında gərgin mübarizə ilə yadda qalmışdır. Tədbirdə ona ev sahibliyi edən Braziliya və altı FİFA konfederasiyası tərəfindən təşkil olunmuş təsnifat mərhələsindən çıxmış 31 digər komanda iştirak etmişdi. Qrup mərhələsində 32 komanda mübarizə aparmış, onlardan 16-sı pley-off mərhələsinə vəsiqə qazanmışdı. Finala gedən Almaniya iki qələbə və heç-heçə ilə G qrupunda birinci olmuş, bundan sonra 1/8 finalda Əlcəzairi, 1/4 finalda Fransanı və yarımfinalda Braziliyanı 7–1 hesabı ilə məğlub etmişdi. Argentina isə F qrupunu üç qələbə ilə başa vuraraq 1/8 finalda İsveçrəni, 1/4 finalda Belçikanı və yarımfinalda Hollandiyanı penaltilər seriyasında məğlub etmişdi. Final 74738 azarkeş, eləcə də televiziya üzərindən bir milyarddan çox izləyicinin gözü qarşısında baş tutmuş və onu italiyalı hakim Nikola Ritsoli idarə etmişdi.
2014 FİFA Dünya Kuboku finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | Futbol üzrə dünya çempionatı 2014 (final) | ||||||
|
|||||||
Tarix | 13 iyul, 2014-cü il | ||||||
Yer | Marakana stadionu, Rio-de-Janeyro | ||||||
Matçın adamı | Mario Götze | ||||||
Hakim | Nikola Ritsoli | ||||||
Tamaşaçı | 74738 | ||||||
Hava | 23°С, günəşli |
Qonsalo Hiquain ilk hissədə Almaniya yığmasının qapıçısı Manuel Noyerlə təkbətək olarkən Argentina yığmasına qol vurmaq şansını əldən verdi və Benedikt Hövedesin zərbəsi qapı dirəyinə dəydikdə fasiləyə az qalmış Almaniya önə keçə bilmədi. Lionel Messi ilk hissədən az sonra Noyerlə təkbətək olarkən qol vurmaq imkanı qazandı, lakin onun zərbəsi qapıdan yan keçdi. 71-ci dəqiqədə almanlar Tomas Müller, Andre Şürrle və Mesut Özilin iştirakı ilə qol vəziyyətinə yaxınlaşsalar da top qapıdan keçdi, bütün zərbələr Argentinanın qapıçısı Serxio Romero tərəfindən dəf edildi. Qarşılaşmanın 90-cı dəqiqəsində oyun qolsuz bərabərliklə əlavə vaxta getdi, ikinci hissədə Almaniya hesabı açdı. Belə ki, əlavə vaxtın bitməsinə az qalmış əvəzləyici oyunçu kimi meydana çıxan Mario Götze Şürrlenin soldan ötürməsini sinəsi ilə qəbul edərək sol ayağı ilə topu qapıya doğru yönlətdi və beləcə, Almaniyanın 1–0 hesablı qələbəsini təmin etdi.
Almaniyanın bu finalda qələbəsi onların dördüncü Dünya Kuboku tituludur və Almaniyanın yenidən birləşməsindən sonra ilk, həmçinin Avropa komandasının Amerika qitəsində keçirilən ilk Dünya Kubokunun qalibidir. Götze matçın adamı seçildi, Messi isə FİFA turnirinin ən yaxşı oyunçusu kimi "Qızıl top"a layiq görüldü. Almaniyanın baş məşqçisi Yoahim Löv komandasının qələbəsini sələfi Yurgen Klinsmanın rəhbərliyi altında on il əvvəl başlamış layihənin kulminasiya nöqtəsi adlandırdı və komandasının oyun əzmini yüksək qiymətləndirdi. Onun argentinalı həmkarı Alexandro Sabelya məğlubiyyətə görə məyus olduqlarını bildirdi və futbolçularını "döyüşçülər" adlandırdı. Almaniya millisi növbəti — Rusiyada keçirilən 2018-ci il Dünya Çempionatında titulunu qoruya bilmədi. Onlar Meksika və Cənubi Koreyaya məğlub olduqdan sonra qrup mərhələsində mübarizədən kənarlaşdırılan ardıcıl üçüncü Dünya çempionu oldular.