Avropa ölkələrinin siyahısı
From Wikipedia, the free encyclopedia
Avropa ölkələrinin siyahısı — Avropa qitəsində yerləşən 64 dövlət və əraziyə verilən ümumi ad.
Avropa qitəsi təxminən 10.180.000 km² sahəsi ilə dünya torpaqlarının 6,8 %-ni əhatə edir və 746.419.440 nəfər əhalisi ilə dünya əhalisinin 11 %-nə ev sahibliyi edir.
Avropa coğrafi cəhətdən Ural dağları, Ural çayı və şərqdə Xəzər dənizi ilə əhatəlidir. Cənubunda Qafqaz dağları, Qara və Aralıq dənizləri, Bosfor və Dardanel boğazları yerləşir. Şimal-qərbində Atlantik okeanı, şimalında isə Şimal Buzlu okeanı yerləşir. Avropa dörd hissəyə ayrılır: Qərb, Şərq, Şimal və Cənub. Bəzi coğrafiyaşünaslar isə beş hissəyə ayırırlar və beşinci hissə olaraq Mərkəzi Avropa terminini istifadə edirlər. Soyuq müharibə ərəfəsində Şərqi və Qərbi Avropaya ayrılmış, Qərbi Avropa kapitalist, Şərqi Avropa isə kommunist blok adlandırılmışdır.[1][2][3]
Ümumilikdə Avropada 64 ölkə var ki, onlardan 50-si müstəqil, 8-i asılı və 6-sı tanınmamış ölkədir. 14 ölkənin adaları, 19-nun daxili dənizlərlə əhatəli sahilləri, 32-nin isə dəniz və okeanlarla əhatəli geniş sahilləri var. Beş ölkənin həm Asiya, həm də Avropa qitəsində ərazisi var. Həmin ölkələr Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan və Rusiyadır. Kipr və Ermənistan isə siyasi və sosial mübahisəli ərazidə yerləşir. 28 ölkə Avropa İttifaqına, 25 ölkə isə NATO-ya üzvdür. Avropa Şurasında isə 47 ölkə yer alır. Sərhədləri tamamilə Avropada olan ölkələrin arasında ərazisinə görə ən böyük ölkə Ukraynadır. Ümumilikdə ərazisinə görə ən böyük Avropa ölkəsi Rusiya, ən kiçik ölkə isə Vatikandır.[4][5]
Bu məqalədə Avropa qitəsində torpaqları olan ölkələr, onların bayraqları, paytaxtları, rəsmi dilləri, əraziləri, əhali və coğrafi mövqelərini göstərən xəritələr göstərilmişdir. Bu siyahı BMT üzvü olan ölkələrə və digər (BMT tərəfindən tanınmayan ölkələr, xüsusi inzibati regionlar, asılı ərazilər) ölkələrə bölünmüşdür.[6]