Böyük oyun
XIX və XX əsrin əvvəllərində Cənubi və Mərkəzi Asiyada hökmranlıq uğrunda Britaniya və Rusiya imperiyaları arasında geosiyasi rəqabət / From Wikipedia, the free encyclopedia
Böyük Oyun (ing. Great (Grand) Game, başqa bir adı "Kölgələrin döyüşü"[1]) — XIX və XX əsrin əvvəllərində Cənubi və Mərkəzi Asiyada hökmranlıq uğrunda Britaniya və Rusiya imperiyaları arasında geosiyasi rəqabət. Rəqabət Əfqanıstan, İran, Britaniya Hindistanı və Tibet uğrunda gedib.[2]
Böyük Oyun ifadəsi ilk dəfə Şərqi Hindistan şirkətinin xidmətində olan zabit Artur Konolli tərəfindən 1840-cı ildə Kabildəki İngilis siyasi nümayəndəsinin Bombey qubernatoruna göndərdiyi məktubun surətinin kənarında istifadə edilib.[3] Termin geniş dövriyyəyə Rudyard Kipling tərəfindən "Kim" (1901) romanın nəşrindən sonra daxil olub.[2] Termin 1979-cu ildə Sovet-Əfqan müharibəsindən sonra daha da populyarlaşıb.[4]
İngiltərə Rusiyanın Hindistanı işğal etməyi planlaşdırdığını və onun bu məqsədlə Mərkəzi Asiyada geniş əraziləri tutmasından narahat idi. Rusiya isə Mərkəzi Asiyada ingilis maraqlarının genişlənməsindən ehtiyat edirdi.[5][6][7] Nəticədə, iki böyük Avropa imperiyası arasında dərin inamsızlıq və müharibə təhlükəsi yarandı. Rusiya Mərkəzi Asiyanı işğal etməyə davam edərkən İngiltərə Hindistana qarşı bütün təhlükələri qorumağı yüksək prioritet hesab edirdi.[8] Bəzi Rusiya tarixçiləri belə nəticəyə gəlirlər ki, 1801-ci ildən sonra Rusiyanın Hindistanla bağlı minimal niyyətləri və ya planları var idi. Britaniyanın da bu barədə ciddi şübhələri mövcud olub.[9] Rusiyanın XIX əsrdə çoxsaylı işğal planları, o cümlədən Krım müharibəsi zamanı Hindistana yürüşü nəzərdə tutan Dyuhamel və Xrulyev planları irəli sürülmüşdü.[10][11]
Belə hesab edilir ki, Böyük Oyun 12 yanvar 1830-cu ildə Hindistana Nəzarət Şurasının prezidenti Lord Ellenboronun general-qubernator Lord Uilyam Bentinkə Buxara əmirliyinə yeni ticarət yolunun yaradılması ilə bağlı tapşırıq verdikdə başlayıb.[6][7][12] İngiltərə Əfqanıstan Əmirliyi üzərində nəzarəti ələ keçirmək və onu protektorat etmək, o cümlədən Osmanlı imperiyası, Qacarlar dövləti, Xivə xanlığı və Buxara əmirliyindən Rusiyanın ekspansiyasına mane olan bufer dövlətlər kimi istifadə etmək niyyətində idi.[6][7] İngilislər düşünürdü ki, Rusiyanın Fars körfəzində və ya Hind okeanında liman əldə etməsini dayandırmaqla, onlar Hindistanı və həmçinin Britaniyanın əsas dəniz ticarət yollarını qoruyacaq.[13] Rusiya ingilislərə Əfqanıstanı neytral zona kimi təklif etdi. Böyük oyunun nəticələrinə 1838-ci il uğursuz Birinci ingilis-əfqan müharibəsi, 1845-ci il Birinci ingilis-siqx müharibəsi, 1848-ci il İkinci ingilis-siqx müharibəsi, 1878-ci il İkinci ingilis-əfqan müharibəsi və Kokandın Rusiya tərəfindən ilhaqı daxildir.
Bəzi tarixçilər Böyük Oyunun sonunu 1895-ci il sentyabrın 10-da Pamir Sərhəd Komissiyası protokollarının imzalanması,[14] Əfqanıstanla Rusiya imperiyası arasında sərhədin müəyyən edildiyi vaxt hesab edirlər.[15][16][17][18] Digərləri bunun 31 avqust 1907-ci ildə İngiltərə-Rusiya Konvensiyasının imzalanması ilə başa çatdığını düşünürlər.[19][20][21]