BMT Baş Assambleyasının 62/243 saylı qətnaməsi
From Wikipedia, the free encyclopedia
BMT Baş Məclisinin 62/243 saylı qətnaməsi — 14 mart 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 62-ci sessiyasında qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı 62/243 saylı qətnamə. Sənəddə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsindən ciddi narahatlıq ifadə olunur. 62/243 saylı qətnamə BMT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş sənədlərin yeddincisi, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş sənədlərin isə üçüncüsü və sonuncusudur.
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi | |
62/243 saylı qətnamə | |
---|---|
| |
Tarixi | 14 mart 2008 |
Sessiya | № 86 |
Kod | A/RES/62/243 |
Səsvermə |
|
Mövzu | Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət |
Nəticə | Qəbul edildi |
Sənəd |
Sənəddə BMT-nin münaqişə ilə bağlı daha əvvəl qəbul etdiyi sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı, BMT Baş Məclisinin isə 48/114 (1993) və 60/285 (2006) saylı qətnamələrinə xatırlatma edilmişdir.[1] Həmçinin, BMT Baş Məclisi qətnaməni qəbul edərkən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərlik etdiyi ətraf mühitin qiymətləndirilməsi missiyasının Dağlıq Qarabağ regionunda və onun ətrafında yanğından zərər çəkmiş ərazilərə dair hesabatını[2] və münaqişənin Cənubi Qafqaz ölkələrinin humanitar vəziyyəti və inkişafı üçün mənfi nəticələrini nəzərə almışdır.
Baş Məclisin digər qətnamələri kimi[3] bu qətnamə də tövsiyə xarakterlidir. Belə ki, BMT Nizamnaməsinin 10-cu və 14-cü maddələri Baş Məclisin qətnamələrinə "tövsiyələr" kimi istinad edir. Qətnamələrin tövsiyə xarakterli olması Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də digər işlər üzrə dəfələrlə vurğulanıb.[4] Bununla belə, Baş Məclisdə qəbul edilən istənilən sənəd BMT-nin mövqeyini ifadə edir. Bu baxımdan "heç bir dövlətin Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində yaranan vəziyyəti qanuni vəziyyət kimi tanımamalı və bu vəziyyətin qorunmasına yardımçı və ya kömək etməməli olduğu"nun məhz belə tərzdə ifadə edilməsi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən istənilən fəaliyyətin hər hansı dövlət tərəfindən dəstəklənməsinin BMT tərəfindən pislənilməsi mənasına gəlir.[5] Bundan əlavə, əvvəlki BMT sənədləri bu qətnamədən fərqli olaraq işğalçı rejimin tanınmaması ilə bağlı açıq-aşkar müddəa müəyyən etməmişdi.[6]
Qətnamə layihəsinin müəllifi Azərbaycandır. Sənəd səsverməyə təqdim olunduqdan sonra Rusiya o vaxta qədər ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi beynəlxalq sənədin əleyhinə səs vermişdir.[7] Qərbin aparıcı dövlətlərinin səsvermədə bitərəf qalması Azərbaycanın narazılığına səbəb olmuşdu.[8] Mərkəzi Asiyadan bu sənədə dəstək verən yeganə ölkə isə Özbəkistan idi.[9]