Balkan ittifaqı
From Wikipedia, the free encyclopedia
Balkan İttifaqı — 1912-ci ildə Şərqi pravoslav krallıqlarına aid olan Yunanıstan, Bolqarıstan, Serbiya və Monteneqro dövlətlərinin həmin dövrdə Avropanın cənub-şərqinin çox hissəsinə nəzarət edən Osmanlı İmperiyasına qarşı yaratdığı dördtərəfli ittifaq idi.[1]
1900-cü illərin əvvəllərindən etibarən Makedoniyada partizan hərəkatının başlanması, ardınca Osmanlı ərazisində baş vermiş "Gənc türklər" inqilabı və Bosniya böhranı Balkanlardakı siyasi vəziyyəti bir xeyli gərginləşdirmişdi. 1911-ci ildə başlamış olan İtaliya-Osmanlı müharibəsi Osmanlı İmperiyasını zəiflətmiş, Balkan dövlətlərini isə daha da ruhlandırmışdır. 13 mart 1912-ci ildə Serbiya və Bolqarıstan krallıqları Rusiya imperiyasının təsiri altında Avstriya-Macarıstan əleyhinə birgə fəaliyyət göstərmək məqsədilə ittifaq müqaviləsi imzaladı.[2] Həmin müqavilə əslində Avstriya-Macarıstana qarşı imzalansa da, onun gizli maddələrindən birində bu ittifaqın Osmanlı İmperiyası əleyhinə fəaliyyət göstərəcəyi də qeyd olunurdu.[3] Bunun ardınca, Serbiya ilə Monteneqro və Bolqarıstanla Yunanıstan arasında da eyni ikitərəfli ittifaq müqavilələri imzalandı. Bu ittifaq 1912-ci ilin oktyabrında başlamış Birinci Balkan müharibəsində qələbə qazandı və demək olar ki, Osmanlı İmperiyasının Avropada sahib olduğu əraziləri tamamilə işğal etdi. Bu qələbəyə baxmayaraq, ittifaq üzvləri arasındakı fikir ayrılıqları davam edirdi. Nəticədə, 16 iyun 1913-cü ildə Bolqarıstanın keçmiş müttəfiqləri üzərinə hücuma keçməsi ilə birlikdə İkinci Balkan müharibəsi başlandı.