Beynəlxalq iqtisadi münasibətlər
From Wikipedia, the free encyclopedia
Beynəlxalq iqtisadi münasibətlər — maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemi.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir.
Beynəlxalq iqtisadi münasibətlərin predmeti kimi iki əsas tərkib hissəsi çıxış edir: Beynəlxalq iqtisadi münasibətlərin özü və bu münasibətlərin reallaşdırılması mexanizmi. Beynəlxalq iqtisadi münasibətlər bir elm kimi xarici ölkələrin iqtisadiyyatını deyil, onların iqtisadi münasibətlərinin xüsusiyyətlərini öyrənir.
Beynəlxalq iqtisadi münasibətlər, ümumilikdə iqtisadi münasibətlər kimi insan fəaliyyətinin bir sferasıdır və o, təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarına tabe olur. Beynəlxalq iqtisadi münasibətlər obyektiv olaraq əmək bölgüsü prosesindən, istehsalın və elmin beynəlxalq ixtisaslaşmasından, təsərrüfat fəaliyyətinin beynəlmiləlləşməsindən çıxış edir.
Beynəlxalq iqtisadi münasibətlərə milli təsərrüfatların iqtisadi cəhətdən qarşılıqlı əlaqə və asılılıq münasibətləri sistemi kimi də baxıla bilər. Beynəlxalq iqtisadi münasibətlərin formalaşması və inkişafı ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarının güclənməsi ilə şərtlənir.
Bununla belə, bütün bu qarşılıqlı yaxınlaşma və əməkdaşlıq prosesləri ziddiyyətli, dialektik xarakter daşıyır. Beynəlxalq iqtisadi münasibətlərin dialektikası özünü onda göstərir ki, iqtisadi müstəqilliyə səy göstərmə, ayrı-ayrı ölkələrin milli təsərrüfatlarını inkişaf etdirmək istiqamətində həyata keçirdikləri məqsədyönlü tədbirlər son nəticədə dünya təsərrüfatının daha çox beynəlmiləlləşməsinə, milli iqtisadiyyatların xarici aləm üçün daha çox açılmasına, beynəlxalq əmək bölgüsünün dərinləşməsinə gətirib çıxarır.
Beynəlxalq iqtisadi münasibətlər milli iqtisadiyyatların bazar xarakterini də əks etdirir. Beynəlxalq iqtisadi münasibətlərin inkişaf etmiş bazar təsərrüfatı sahəsi kimi əlamətləri aşağıdakılardır:
- Beynəlxalq iqtisadi münasibətlərin iştirakçılarının beynəlxalq əmək bölgüsü və milli sərhədlər bazasında iqtisadi xüsusiləşməsi;
- istehsal amilləri və nəticələri ilə beynəlxalq mübadilə nəticəsində əmtəə, xidmət, kapital, iş qüvvəsi, texnologiya dünya bazarlarının yaranması və fəaliyyət göstərməsi. Beynəlxalq iqtisadi münasibətlər özlüyündə məhsulların və xidmətlərin ölkələrarası çoxsaylı axınlarını əks etdirir ki, bu şəraitdə də dünya bazarları formalaşır və bu bazarlarda daimi sistematik xarakter kəsb edən alqı-satqı əməliyatları baş verir;
- Beynəlxalq iqtisadi münasibətlər çərçivəsində tələb, təklif, qiymət qanunlarının tam surətdə fəaliyyəti;
- istehsalçılar, satıcılar və alıcılar arasında olan rəqabət mübarizəsi;
- istehsalın və satışın inhisarlaşması.
Bununla yanaşı, Beynəlxalq iqtisadi münasibətlər, onu digər iqtisadi münasibətlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Onların sırasına aşağıdakıları aid etmək olar:
- Təsərrüfat münasibətləri milli sərhədlər çərçivəsindən kənara çıxır, geniş ərazini əhatə edir, mübadilə həcmi daha yüksəkdir, subyektlərin sayı müqayisəolunmaz dərəcədə çoxdur;
- Ayrı-ayrı ölkələrin sərhədlərindən kənara resursların, istehsal amillərinin və istehsalın nəticələrinin hərəkəti baş verir, milli iqtisadiyyata əlavə resurslar cəlb olunur;
- İstehsalçılar, satıcılar və alıcılar arasında daha genişmiqyaslı, bəzən qlobal və kəskin rəqabət mübarizəsi mövcud olur;
- Beynəlxalq iqtisadi münasibətlərin ayrı-ayrı formaları daxili bazarda mövcud olan əlaqələrə nisbətən daha yüksək qarşılıqlı əlaqəyə və asılılığa malikdir;
- Qarşılıqlı təsirin xüsusi alətləri və mexanizmləri işlənilir və istifadə edilir. Beynəlxalq iqtisadi münasibətlərin milli səviyyədə (dövlətin xarici ticarət siyasəti formasında), ikitərəfli səviyyədə (ikitərəfli sazişlər çərçivəsində), regional səviyyədə (inteqrasiya birlikləri çərçivəsində), beynəlxalq səviyyədə (beynəlxalq təşkilatların rəhbərliyi altında) tənzimlənməsinin xüsusi sistemləri yaradılır. Əsas xüsusiyyət isə ondan ibarətdir ki, Beynəlxalq iqtisadi münasibətlər dövlət sərhədləri vasitəsilə həyata keçirilir.
Beynəlxalq iqtisadi münasibətlərin öyrənilməsi onun makrosəviyyədə və mikrosəviyyədə mahiyyətinin açılışını tələb edir. Makrosəviyyədə beynəlxalq iqtisadi münasibətlər dünya təsərrüfatında milli iqtisadiyyatların əlaqələrinin forma və üsullarıdır: xarici ticarət, istehsal amillərinin beynəlxalq miqrasiyası və s.
Mikrosəviyyədə beynəlxalq iqtisadi münasibətlər beynəlxalq əmək bölgüsünə əsaslanan, xarici iqtisadi əlaqələrə istiqamətlənən milli iqtisadi vahidlərin xüsusi fəaliyyət sahəsidir. Milli istehsalçılar və istehlakçıların nöqteyi-nəzərindən beynəlxalq iqtisadi münasibətlər əmtəələrin, xidmətlərin, kapitalın, texnologiyaların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, istehsalın beynəlxalq kooperasiyası və s. kimi başa düşülür. Beynəlxalq iqtisadi münasibətlərin obyekti kimi çıxış edirlər:
- maddi formada olan əmtəələr (xammal və ərzaq malları, hazır məhsullar, emal sənayesinin məhsulları və s.);
- xidmətlər (beynəlxalq injinirinq, konsaltinq, audit, lizinq, turizm, daşımalar, köçürmələr və s.);
- texnologiyalar (patentli və patentsiz lisenziyalar, əmtəə nişanları və s.);
- kapital (birbaşa və portfel investisiyaları, beynəlxalq kredit və s.);
- işçi qüvvəsi və s.