Cənubi Koreyada intihar
From Wikipedia, the free encyclopedia
Cənubi Koreya intihar hallarına görə dünyada 12-ci yerdədir. Cənubi Koreya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında ən yüksək intihar nisbətinə malikdir. 2012-ci ildə intihar dördüncü ən yüksək ölüm səbəbi olmuşdur.[2][3][4]
İnkişaf etmiş dünyanın digər ölkələri ilə müqayisədə yüksək intihar nisbətləri yaşlılar arasında intiharın yayılması ilə daha da ağırlaşır. Yaşlı koreyalılar arasında intihar faktorlarından biri Cənubi Koreyada yaşlı vətəndaşlar arasında geniş yayılmış yoxsulluğun miqdarı ilə bağlıdır, ölkənin yaşlı əhalisinin təxminən yarısı yoxsulluq həddinin altında yaşayır. Yaşlılar üçün zəif maliyyələşdirilən sosial təhlükəsizlik şəbəkəsi ilə birlikdə bu, onların ailələri üçün maddi yük olmamaq üçün intihar edərək ölmələri ilə nəticələnə bilər, çünki uşaqların valideynlərinə baxdığı köhnə sosial quruluş ənənəsi XXI əsrdə böyük ölçüdə itib.[5][6]
Nəticədə kənd yerlərində yaşayan insanlarda intihar halları daha yüksək olur. Bu, xüsusilə iş üçün müraciət edərkən yaşlılara qarşı ayrı-seçkiliyin son dərəcə yüksək olması ilə əlaqədardır və 50 yaşlarında olanların 85,7%-i ayrı-seçkiliyə məruz qalır.[7] Yaş ayrı-seçkiliyi yoxsulluq dərəcələrinə təsir etməklə yanaşı, intiharla da birbaşa əlaqəlidir. İntihar, 10-39 yaş arası koreyalılar arasında ən əsas ölüm səbəbidir.[8][9]
Bununla belə, 2014-cü ildə 100,000 nəfərə 27,3 intihar, əvvəlki illə müqayisədə (28,5 nəfər) 4,1% azalma və 2008-ci ildəki 26,0 nəfərdən bəri son altı ilin ən aşağı göstəricisi qeydə alınmışdır. 2014-cü ildən etibarən Cənubi Koreya hökuməti ölkə boyu intihar hallarının azadılması üçün fəal siyasət yürütməkdədir və bu siyasət nəticəsində intihar hallarında əhəmiyyətli eniş müşahidə olunmaqdadır.[10][11]