Dani əməliyyatı (ivr. מבצע דני) — İsrail Müdafiə Qüvvələrinin 1948-1949-cu illər ərəb-İsrail müharibəsinin birinci və ikinci atəşkəsləri aralığında 1948-ci il iyulun 9-dan 18-dək davam edən hərbi hücum əməliyyatı. Ölkə rəhbərliyi əməliyyatda iştirak edən bölmələrə ərəblərin Lida, Ramla və Ramallah şəhərlərini nəzarət altına almağı, həmçinin Latrunda Qüdsə gedən yola nəzarət edən möhkəmləndirilmiş bir mövqeni ələ keçirmək əmrini vermişdi. Bununla da, Quş-Dana yəhudi yaşayış məntəqələri üçün ən yaxın təhlükəni aradan qaldırmaq və Qüds ilə yəhudilərin nəzarətində olan ərazilər arasında daimi bir əlaqə qurmaq niyyəti güdülürdü.
Cəld faktlar Tarix, Yeri ...
Bağla
Əməliyyatın hərbi məqsədlərinə tam olaraq nail olunmadı: yaxınlıqdakı hava limanı və Ramla ilə Lida iyulun 13-nə qədər tutuldularsa, ikinci atəşkəs razılığına qədər Latrunu tutmaq cəhdləri uğursuz oldu, Ramallaha isə yəhudi birləşmələri ümumiyyətlə gedib çıxa bilmədi. Eyni zamanda, Qüdsə aparan əsas yol ərəblərin nəzarəti altında qalsa da, yəhudilər şəhəri təmin etmək üçün başqa bir alternativ yol əldə edə bildilər.
Bundan əlavə, israillilərin uğurları İordaniya kralı I Abdullanın Qüdsün bölüşdürülməsinə razılıq verməsini təmin etdi, əks təqdirdə o, şəhərə bütünlüklə nəzarətə iddia edə bilərdi. Lida və Ramla bölgəsindəki hərbi əməliyyatlar bu şəhərlərin sakinlərinin transiordaniyalıların nəzarətində olan ərazilərə kütləvi surətdə köçürülməsi ilə müşayiət olundu və bu da öz növbəsində Transiordaniyada kütləvi nümayişlərə gətirib çıxardı. Nümayişçilər ərəb legionunun komandanı Con Qlabbı xəyanətdə ittiham edirdilər.