Dinamo əməliyyatı
İkinci Dünya müharibəsi dövründə Dünkerk şəhəri yaxınlığında ingilis, fransız və Belçika hərbi birliklərinin dəniz yolu ilə təxliyyə əməliyyatı / From Wikipedia, the free encyclopedia
Dinamo əməliyyatı (ing. Operation Dynamo), Dünkerk əməliyyatı,[10] Dünkerk möcuzəsi (ing. Miracle of Dunkirk),[11] və ya Dünkerk təxliyəsi[12] (ing. Dunkirk evacuation) — İkinci Dünya müharibəsi dövründə Fransa hərbi kampaniyası zamanı Dünkerk döyüşündən sonra Almaniya hərbi qüvvələri tərəfindən Dünkerk şəhəri yaxınlığında mühasirəyə alınmış ingilis, fransız və Belçika hərbi birliklərinin dəniz yolu ilə təxliyə əməliyyatı. Evakuasiya əməliyyatı 26 may — 4 iyun 1940-cı il may ayının 26-dan iyun ayının 4-ə qədər davam etmişdir. Altı həftəlik Fransa döyüşləri zamanı çox sayda Belçika, İngiltərə və Fransa hərbi bölmələri Almaniya qoşunlarının mühasirəsinə düşdükdən sonra əməliyyatın başlanılması qərara alındı. Britaniya İmperiyasının Baş naziri Vinston Çörçill İcmalar Palatasında çıxışında bunu "böyük bir hərbi fəlakət" adlandırdı və "İngiltərə ordusunun bütün özəyinin, əsasının və beyni"nin Dünkerkdə mühasirədə qaldığını və onun məhv olmaq ya da ələ keçirilmək təhlükəsi yaranığını söyləmişdi.[13] İyunun 4-də etdiyi "çimərliklərdə döyüşəcəyik" çıxışında Çörçill onların xilas edilməsini "qurtuluş möcüzəsi" olaraq qiymətləndirmişdi.[14]
Dinamo əməliyyatı | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi, Fransa kampaniyası, Dünkerk uğrunda döyüş | |||
| |||
Tarix | 26 may — 4 iyun 1940 | ||
Yeri | Dünkerk, Fransa | ||
Səbəbi | Britaniya İmperiyası, Fransa və Belçika hərbi hissələrinin dəniz vasitəsilə xilası | ||
Nəticəsi | Müttəfiq ordusunun təxliyəsi (338,226 nəfər) | ||
Ərazi dəyişikliyi | Belçika | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Nasist Almaniyası 1939-cu ilin sentyabrında Polşanı işğal etdikdən sonra Fransa və Böyük Britaniya İmperiyası Üçüncü Reyxə müharibə elan etdilər və onu iqtisadi blokadaya saldılar. Böyük Britaniya Ekspedisiya Qüvvələri (BEQ) Fransanın müdafiəsinə kömək üçün qitəyə göndərildi. Avropada baş verən Qəribə müharibədən sonra Almaniya Belçika və Hollandiyanı işğal etdi və 1940-cı il mayın 10-da Fransaya hücum etdi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. 1940-cı il mayın 18-də Britaniya qüvvələrinin komandanı Lord Qort ilk dəfə müttəfiq qüvvələrin Britaniya adalarına evakuasiyası məsələsinə baxılmasını açıq şəkildə təklif etdi.
Mayın 23-də "A" Ordu Qrupunun komandanı general Gerd fon Rundştedt tərəfindən dayandırma əmri verildi. Adolf Hitler ertəsi gün bu əmri təsdiqlədi və Almaniya Ali Komandanlığının təsdiq əmrini cəbhəyə göndərdi. Əmr Fransa və Belçika ordularının evakuasiyası günü mayın 26-da ləğv edilənə qədər Lüftvaffedə qaldı. Bu müttəfiq qüvvələrə müdafiə işləri qurmağa və Dünkerk döyüşü üçün çox sayda əsgəri geri çəkməyə vaxt verdi. 28–31 may tarixlərində Lill mühasirəsində, Fransa Birinci Ordusunun qalan 40.000 əsgəri, üç zirehli diviziya da daxil olmaqla, yeddi Alman diviziyasına qarşı qəhrəmanlıqla müqavimət göstərdi.
Evakuasiyanın ilk günündə yalnız 7669 müttəfiq əsgəri təxliyə edildi, lakin səkkizinci günün sonunda 800-dən çox gəmidən ibarət tələsik yığılmış bir donanma ilə ümumilikdə 338,226 min nəfər xilas edildi. Təxliyə əməliyyatında Britaniya Kral Donanmasının 39, Kanada Kral Donanmasının 4,[1] ən azı üç Fransa Donanması hərbi gəmisi və müxtəlif mülki ticarət gəmiləri iştirak etmişdi. Təxliyə məqsədi üçün Müttəfiq komandanlığı dəniz və ticarət donanmalarının bütün mövcud gəmilərini səfərbər etmişdi. Bu əməliyyata 693 Britaniya və təxminən 250 Fransa gəmisi cəlb olunmuşdu.[9] Təxliyə zamanı Fransa 68.000 əsgərini itirdi və demək olar ki, bütün tanklarını, maşınlarını və hərbi avadanlığını sahildə qoymalı oldu. Çörçil iyunun 4-də ki, çıxışında ölkəyə səslənərək "bu qurtuluş əməliyyatına qələbə anlayışı verməmək üçün çox diqqətli olmalıyıq. Müharibələr təxliyələr ilə qazanılmaz" demişdi.[15]
Əməliyyat planını hazırlayan və ona rəhbərlik edən kontr-admiral Bertram Remzi olmuşdur.[16]