From Wikipedia, the free encyclopedia
Donqşon (vyet. Văn hóa Đông Sơn) - Cənub-Şərqi Asiyanın tropik zonasında Son Tunc dövrünə (e.ə. I-ci minillik) aid arxeoloji mədəniyyət. E.ə. I-ci minilliyin əvvəllərində Cənubi Çində, Şərqi və Mərkəzi Hind-Çində meydana gəlmiş, təqr. e.ə. VI əsrdə Malakka yarımadasında, Sumatra, Yava adalarında, qismən Kalimantan adasında və bir neçə digər adalarda yayılmışdır[1]. Donqşonun təsiri Filippində də hiss olunur. Şimali Vyetnamda Donqşon “əsas”, həmçinin orta və ehtimal ki, aşağı Sitszyanın şimal axarlarındakı “batvyet” mərkəzlərinə, bir sıra “periferik ocaqlara” - Donqşonun variantlarına və Yanszı hövzəsində Xuanxe mədəniyyətləri ilə əlaqəli zonaya bölünür. Donqşon məskəninin materialları əsasında rus mənşəli fransız tədqiqatçısı V.V.Qolubev tərəfindən müəyyənləşdirilmişdir (1924 il qazıntıları; Vyetnam, Txanxoa əyaləti).
Çayların sahilləri boyu, kiçik təpəliklərdə, becərilən vadilərin yaxınlığında yerləşən yaşayış məskənləri qruplar təşkil edirdi. Çökək yamaclı hündür damı, verandası və hörmə divarları, içərisində həsir, ocaq, alçaq mebel, iri qablar olan dirəküstü evlər aşkarlanmışdır; anbarların divarları taxtadan idi. Mətbəx qablarının əsas forması dairəvi oturacaqlı, kürəşəkilli, ağzı çox əyilmiş bardaq; xörək qabları - alçaq oturacaqlı kasalar və vazalardır; dulus çarxında hazırlanmış bu qabların ixtisaslaşdırılmış forma və standart tipləri çoxdur; qaytanvarı və kəsik ornamentlərə rast gəlinir. Tuncdan toxa-keltlər, başmaqşəkilli balta-keltlər, qarmaqlar və s. hazırlanırdı. E.ə. 1-ci minilliyin ortalarında kotan (dördhissəli qarakotan materikdə və üçhissəli kotan adalarda) geniş yayılmışdı. Düyünün xırdalanması üçün ağır dəstəli iri taxta həvənglər; daş dənəzənlər, kurant daşlar, torlar üçün qurslar (gildən olanları da var idi), sümük çəngəllərin çoxsaylı ixtisaslaşdırılmış tipləri, tor izləri aşkar olunmuşdur. Ölülər torpaq qəbirlərdə uzadılmış vəziyyətdə tək-tək dəfn edilirdi.
Təsvirlərə görə saronq tipli bel geyimləri, mürəkkəb saç düzümləri, lələkli baş geyimləri (“dəbilqələr”) məlumdur. Bəzək əşyaları bilərziklər, boyunbağılar, qulaq üçün halqalar və tıxaclarla təmsil olunur. Döyüşçülər üzərində tunc lövhələr olan hörmə yaraq-əsləhə, tuncdan tətik mexanizmi olan arbaletlər, nizələr, baltalar və xəncərlərlə (o cümlədən dəstəli, antropomorf təsvirlərlə bəzədilmiş və s.) silahlanırdılar. Mühüm ayin əşyaları (onları və ya onların miniatür surətlərini qəbirlərə də qoyurdular) makaravarı korpuslu “tunc təbillər” (hünd. 50-80 sm, diamctri 60-100sm) idi. “Tunc təbillər”in daha geniş yayılmış növünün (Şimali Vyetnam və qonşu rayonlarda) üzəri qurbağa heykəlcikləri və digər təsvirlər; mərkəzində 8,10,12, 14, nadir hallarda 16 guşəli ulduz, kənarlarında həndəsi ornamentli və ya uçan quşların, heyvanların fiqurları təsvir olunan haşiyələrlə bəzədilirdi[2]. Yan tərəfin səthində çox vaxt mərasim (qayıqlarda), məişət, təsərrüfat və s. səhnələri, həmçinin su quşları, timsahlar, mifoloji varlıqlar və s.-nin təsvirləri olurdu.[3]
Təsərrüfatın əsasını iki istiqamətdə inkişaf edən əkinçilik təşkil edirdi: suvarılan tarlalarda çəltikçilik və tala əkinçiliyi. Paxlalılar, bostan və bağ bitkiləri, öküzlərin, donuzların, itlərin, çoxsaylı ev quşlarının yetişdirilməsi yayılmışdı. İkinci yeri balıqçılıq (ədviyyatlı balıq sousu düyü yeməyinə əsas əlavə idi), molyusk və bitki yığıcılığı tuturdu. Donqşon çərçivəsində formalaşmış iqtisadi kompleks Cənub Şərqi Asiya xalqlarının çoxunun ənənəvi təsərrüfatının əsasını təşkil edir. Sosial təşkilatlanmanın əsasını başçının rəhbərliyi ilə icmaçı döyüşçülər təşkil edirdi. Ali təbəqə və hərbiləşdirilmiş hökmdar hakimiyyəti formalaşırdı. Donqşon ənənələri Diyen dövlətinin mədəniyyətində də öz əksini tapdı. Donqşon dininə yer, dənli bitkilər, səma və göy cisimləri ruhlarına sitayiş daxil idi, əcdadların kultu xüsusi yer tuturdu.
Donqşonun kökləri Neolit dövründən başlayaraq yerli mədəniyyətlərə gedib çıxır. Əsas mərkəzi zonasında Donqşonun birbaşa sələfləri Donqdau və Mun mədəniyyətləri idi. Donqşon Avstrasiya xalqları (vyet-mıonq xalqları, mon-khmer xalqları) əcdadlarının qədim mədəni birliyini təşkil etmiş, avstroneziyalılara (malayyalılara və b.) və para-taylara (taykaday dilinin daşıyıcılarına), qismən də Tibet-Birma xalqlarına təsir göstərmişdir.[2]
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.