Ekspert sistemlər
From Wikipedia, the free encyclopedia
Ekspert sistemlər — konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə ərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər. Ekspert sistemi – müəyyən bilgilərə və tətbiq olunduğu sahənin (məsələn, maliyyə və tibb) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanmaqla həmin sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən tətbiqi proqramın bir növü. Ekspert-insanlar problemləri həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Ekspert sistemində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilib: biliklər bazası və məntiqi nəticə (çıxarma) mexanizmi. Biliklər bazası verilmiş mövzuya aid olan spesifik fakt və qaydaları təqdim edir, məntiqi nəticə (çıxarma) mexanizmi isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. İstifadəçi interfeysləri, başqa tətbiqi proqramlarda olduğu kimi, sorğuları formalaşdırmağa, informasiyanı təqdim etməyə və sistemlə özgə yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərin ən maraqlı komponentlərindən biri olan əsaslandırma vasitələri sistemə çıxardığı nəticələri izah etməyə imkan verir; bu vasitələr sistemi hazırlayanlara həmin sistemlərin işini yoxalmağa imkan verir.