Faydalı qazıntılar
From Wikipedia, the free encyclopedia
Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar.
Faydalı qazıntı axtarmağın tarixi 12 −15 min il əvvələ qədər uzanır. Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium −27, alüminium −8, dəmir −5, kalsium −5, natrium, maqnezium və kalium 2–2,7 faiz təşkil edir.
4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir.
Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər.
Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə — dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə — mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları əlaqədardır.