Fəal nüvəli qalaktikalar
From Wikipedia, the free encyclopedia
Qravitasiyanın təsiri altında olan sistemlər üçün maddənin cazibə mərkəzinə doğru konsentrasiyası xarakteriktdir. Ulduz sistemlərinin –qalaktikalarin mərkəzi oblastlarında bir qayda olaraq nüvə yerləşir. Nüvə ulduzlardan, qazdan və tozdan ibarətdir. Spiral quruluşa malik qalaktikalarda nüvə daha aydın seçilir. Bizim Qalaktikanın nüvəsinin kütləsi bir neçə milyon (Günəş) kütləsi tərtibindədir və o qaz-toz buludu ilə əhatə olunmuşdur. Bu qaz-toz buludu mərkəzdən 150 pk məsafəyə qədər yayılmışdır. Fəal nüvənin özünün ölçüsü 10 pk-dən kiçikdir. Nüvəciyin ölçüsü isə təxminən ~ 10−4 parsekdir. Fəal nüvənin mərkəzi hissəsini "nüvəcik" adlandırırlar. Bəzi qalaktikalar ümumiyyətlə nüvəyə malik deyillər. Məsələn, bizim yaxın qonşularımız, böyük və kiçik Maqellan buludlarınin nüvəsi yoxdur. Bu hal kiçik kütləli düzgün olmayan qalaktikalar üçün daha xarakterikdir və onlarda mərkəzə doğru konsentrasiya hiss olunmur. Bəzi qalaktikaların nüvəsində ("pekulyar nüvələr") isti ulduzlar və güclü ionlaşmış qaz oblastları aşkar olunmuşdur. Bu oblastlarda fəal ulduzəmələgəlmə proseslərinin getməsi ehtimal olunur. Belə qalaktikaların (UB oblastda şüalanmasının artıqlığı ilə seçilən qalaktikalar adlandırırlar) spektrləri üçün parlaq emissiya xərləri və güclü kəsilməz UB oblastda şüalanma xaraterikdir.
Bir sıra hallarda nüvədə baş verən fiziki prosesləri, ancaq orada konsentrasiya olunmuş ulduzlarda və qazda baş verə biləcək fiziki proseslərlə izah etmək olmur. Sayına görə normal qalaktikaların 1%-ni təşkil edən fəal nüvəli (qeyri stasionar) qalaktikalar bu xüsusiyyətlərə malikdirlər. Nüvənin qeyri stasionar olması bütün spektral diapozonda –rentgen, UB, İQ və radiooblastda güclü şüalanma ilə özünü büruzə verir. Fəal nüvəli qalaktikalar morfoloji xüsusiyyətlərinə görə də normal qalaktikalardan ciddi fərqlənirlər. Onlara əsasən buğumlu spiral quruluşa malik qalaktikalarda təsadüf olunur.