Gəncə üsyanı — Sovet işğalına qarşı 1920-ci il mayın 26–31-də Gəncədə baş vermiş xalq üsyanı. Üsyanın məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi.[3]
Cəld faktlar Tarix, Yeri ...
Gəncə üsyanı |
---|
Sovet işğalına qarşı üsyanlar |
Döyüş səhnəsi |
Tarix |
1920 |
Yeri |
Gəncə |
Nəticəsi |
Üsyan yatırılıb |
|
|
10.000-12.000
|
bilinmir
|
|
bilinmir
|
Müxtəlif istinadlara əsasən rəqəmlər 800-8500 arasında dəyişir
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Üsyanın təşkilində başlıca olaraq, Azərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının şəhərdə olan bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, qaçaq Qasım Kolaxani, qaçaq Mikayıl və başqaları da öz silahlıları ilə birlikdə Gəncə üsyanında iştirak edirdilər. Üsyan etmiş orduya ətraf kəndlərin də ordusu qoşuldu. Onların sayı 10 min nəfərdən çox idi.[4][5] Üsyan ərəfəsində şəhərin daxilində və ətrafında XI Qırmızı Ordunun XX atıcı diviziyasının hissələri mövqe tutmuşdu. Diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin erməni məhəlləsində, 3-cü briqadanın rabitə taboru və komendant bölməsi isə şəhərin azərbaycanlılar yaşayan məhəlləsində idi. 40-cı süvari briqadası Zurnabad kəndinin ətrafında dayanmışdı. Mayın 25-də Taman süvari briqadasının II alayı da Gəncəyə gətirildi.[6]
Mayın 25-dən 26-na keçən gecə başlanan üsyanda üsyançılar qısa müddətdə şəhərin mühüm obyektlərini, azərbaycanlılar məhəlləsindəki qırmızı qoşun hissələrini nəzarət altına götürdülər. Hərbi anbar, şəhər həbsxanası, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binası da ələ keçirildi. Mayın 28-də Gəncə üsyanının rəhbərləri və şəhər ictimaiyyəti dairə məhkəməsinin binasına toplaşıb, Azərbaycanın istiqlaliyyətinin elan olunmasının iki illiyini qeyd edirlər.[7][8]
Mayın 29-da bolşeviklərin üsyançılar üzərinə hücumu uğursuzluqla başa çatdı. Bir neçə istiqamətdən həyata keçirilən hücumda bolşevik qüvvələri qarşıya qoyduqları vəzifəni yerinə yetirə bilmədilər. Əksinə, üsyançıların əkshücumları bolşevik qüvvələrini ağır vəziyyətə saldı. Daha sonra XI Qırmızı Ordu komandanlığı Gəncəyə əlavə qüvvələr gətirdi. Mayın 30-da növbəti döyüşlər başlamazdan əvvəl 11-ci Qırmızı ordunun Gəncədə 5 piyada alayı, 6 süvari alayı, 7 əlahiddə hissə və dəstələri, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşdirildi və mayın 31-də əsas hücum buradan başladı. Şəhəri tərk etmək imkanları olmayan üsyançılar, habelə dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələndilər. Üsyan yatırıldıqdan sonra general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qəmbər, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatçı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev və müəllim Mirzə Abbas Abbaszadə kimi şəxsiyyətlərlə yanaşı Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi.[7][9][10]