Heydər Əliyev
Azərbaycan Respublikasının 3-cü prezidenti / From Wikipedia, the free encyclopedia
Heydər Əlirza oğlu Əliyev (10 may 1923[5][6], Naxçıvan, Naxçıvan Muxtar Diyarı – 12 dekabr 2003[7], Klivlend, Ohayo)[8] — Azərbaycan siyasi və dövlət xadimi,[9] Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982). Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993–2003).
Heydər Əliyev | |
---|---|
3 oktyabr 1993 – 31 oktyabr 2003 i. e. 24 iyun – 3 oktyabr 1993[lower-alpha 1] | |
Baş nazir | Surət Hüseynov Fuad Quliyev Artur Rasizadə İlham Əliyev |
Əvvəlki | Əbülfəz Elçibəy |
Sonrakı | İlham Əliyev |
15 iyun 1993[2] – 5 noyabr 1993[3] | |
Əvvəlki | İsa Qəmbər |
Sonrakı | Rəsul Quliyev |
3 sentyabr 1991 – 15 iyun 1993 | |
Əvvəlki | Əkbər Əliyev[4] |
Sonrakı | Namiq Həsənov |
24 noyabr 1982 – 23 oktyabr 1987 | |
22 noyabr 1982 – 21 oktyabr 1987 | |
14 iyul 1969 – 13 dekabr 1982 | |
Əvvəlki | Vəli Axundov |
Sonrakı | Kamran Bağırov |
1974 – 1979 | |
21 iyun 1967 – 14 iyul 1969 | |
Əvvəlki | Semyon Sviqun |
Sonrakı | Vitali Krasilnikov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1923(1923-05-10)[5][6] |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 2003(2003-12-12)[7] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Əlirza Əliyev[d] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Dini | şiəlik |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı, general-mayor |
Rütbəsi | general-mayor |
|
|
Təltifləri |
|
heydar-aliyev-foundation.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1944-cü ildə 1969-cu ilə qədər çalışdığı dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilib. O, 1949–1950-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqrad şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlıdır. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbini qoyub. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ildə Bakıya qayıdan Heydər Əliyev sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. O, 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
H. Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə (1971-ci, 1973-cü, 1976-cı, 1979-cu, 1983-cü illər), Qırmızı Ulduz ordeni ilə (1962-ci il), çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979-cu və 1983-cü illər), həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
Heydər Əliyev Azərbaycan tarixinin XX əsrdə əhəmiyyətli simalarından biri hesab edilir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət kimi möhkəmlənməsində onun xidmətləri böyükdür. 1993-cü ildə o, prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitlik bərpa olunub və mühüm dövlət təsisatları yaradılıb.[10] Heydər Əliyevin rəhbərliyi ilə əhəmiyyətli siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilib. 1994-cü ildə Birinci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi olan Bişkek protokolu imzalanıb. Azərbaycanın ilk konstitutsiyası qəbul edilib, parlament seçkiləri baş tutub. Onun təşəbbüsü və səyi nəticəsində Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin edən "Əsrin müqaviləsi" adlanan neft sazişi imzalanıb.[11]