I Con (İngiltərə kralı)
From Wikipedia, the free encyclopedia
I Con və ya Torpaqsız Con (ing. John, King of England; ing. John Lackland) (d. 24 dekabr 1166 – ö. 19 oktyabr 1216) — İngiltərə kralı. Onun Normandiya hersoqluğu və Fransadakı digər ingilis mülklərini itirməsi, İngiltərə və Fransanın bir hissəsini özündə birləşdirən Plantagenet imperiyasının süqutu və Kapetinqlər sülaləsinin Fransada güclənməsinə səbəb oldu. Səltənətinin sonlarında çıxan baron üsyanı nəticəsində imzalanan Maqna Karta xartiyası, bu gün Birləşmiş Krallığın konstitusiya tarixinin başlanğıcı olaraq qəbul edilir.
I Con | |
---|---|
ing. John Lackland türk. Yurtsuz John osman. یورتسوز ژوهن | |
Əvvəlki | I Riçard |
Sonrakı | III Henri |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 dekabr 1166 |
Vəfat tarixi | 19 oktyabr 1216 (49 yaşında) |
Vəfat səbəbi | dizenteriya |
Fəaliyyəti | monarx |
Atası | II Henri |
Anası | Akvitaniyalı Eleonora |
Həyat yoldaşları |
Qloçesterli İzabella Anqulemli İzabella |
Uşaqları |
III Henri Kornvollu Riçard Janna Plantagenet İzabella Plantagenet Eleonora Plantagenet |
Vikianbarda əlaqəli mediafayllar |
Con, İngiltərə kralı II Henri və Akvitaniya hersoqinası Eleonoranın dörd oğlundan ən kiçiyi idi. Bu səbəblə taxt və monarx mülkiyyətindən miras alması gözlənilmədiyi üçün Torpaqsız Con olaraq anılırdı. Qardaşları Gənc kral Henri, Riçard və Cefrinin 1173-1174-cü ildə krala qarşı üsyan çıxarmasının ardından atasının ən sevimli oğlu oldu. 1177-ci ildə atası tərəfindən İrlandiya lordu oldu və bununla birlikdə həm İngiltərədə, həm də Fransada bəzi mülklər ona verildi. II Henri və böyük oğulları arasında çıxan toqquşmalar Gənc kral Henri və Cofrinin ölümü ilə nəticələndi. Atasının vəfatının ardından 1189-cu ildə digər qardaşı Riçard İngiltərə kralı oldu. Ancaq qardaşı 3-cü səlib yürüşünə çıxdığı əsnada Con üsyan çıxarmış, bu üsyan istədiyi nəticəni verməmişdi. Bununla yanaşı o, İngiltərə taxtının varisliyindən alınmadı. Çünki qardaşı Riçardın qanuni övladı - varisi hələ də yox idi. Nəticədə Riçardın 1199-cu ildə vəfatının ardından Con İngiltərə kralı elan edildi. Ertəsi il Fransa kralı II Filiplə bağlanan sülhlə Conun Fransadakı mülklərin real kralı olduğu təsdiq edildi.
Buna baxmayaraq Fransa ilə münaqişə 1202-ci ildə yenidən alovlandı. İlk illərdə ingilislər ard-arda qələbələr qazansa da, hərbi çatışmazlıqlar və kralın Normandiya, Bretoniya və Anju zadəganlarına qarşı yürütdüyü sərt siyasət 1204-cü ildə şimali Fransadakı bütün ingilis mülklərinin əldən çıxmasına səbəb oldu. Növbəti 10 il boyunca Corc bu mülklərin geri alınması, ordunun yenidən qurulması və Fransaya qarşı yeni ittifaqların qurulmasına çalışdı. Papa III İnnokentlə aralarında çıxan anlaşmazlıq səbəbilə 1209-cu ildə aforoz edilsə də, 1213-cü ildə bu problem həll edildi. 1214-cü ildə Fransaya qarşı yeni bir hərbi hazırlığa başlasa da, bu cəhdi də müttəfiqlərinin fransızlara qarşı məğlub olması ilə nəticələndi.
İngiltərəyə döndükdən sonra Con, apardığı iqtisadi islahatlar və İngiltərədəki güclü zadəganlara qarşı yürütdüyü siyasətdən narazı olan baronların üsyanıyla üzləşdi. Həm kral, həm də üsyançı baronların razılığı ilə 1215-ci ildə Maqna Karta hazırlanıb imzalansa da, tərəflərdən heç biri bu xartiyanın şərtlərinə riayət etmədi. Çox keçmədən Fransa kralı VIII Lüdoviqin yardımıyla baronlar yenidən ayaqlandılar və vəziyyət daha da pisləşdi. Con 1216-cı ilin sonlarında şərqi İngiltərədə apardığı hərbi əmliyyat əsnasında tutulduğu dizenteriya səbəbilə vəfat etdi. 9 yaşlı oğlu Henri İngiltərə kralı elan edildi və dəstəkçiləri ertəsi il Fransa kralı və baronlar üzərində qələbə qazandı.