Kimya üzrə Nobel mükafatı laureatlarının siyahısı
From Wikipedia, the free encyclopedia
Kimya üzrə Nobel mükafatı (isv.Nobelpriset i kemi) — İsveç Kral Elmlər Akademiyası tərəfindən kimyanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən verilir.[2] Kimya üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə hollandiyalı alim Yakob Vant-Hoff layiq görülmüşdür. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[3] 1901-ci ildə Yakob Vant-Hoffa verilmiş mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr - Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[4]
Ən azı 25 laureat, digər kimya sahələrindən daha çox üzvi kimya sahəsindəki töhfələrinə görə Nobel mükafatına layiq görülmüşdür.[5] Kimya üzrə iki Nobel mükafatı laureatı, Riçard Kun (1938) və Adolf Butenandtın (1939) mükafatlarını almasına hökümətləri icazə vermədi. Sonradan onlar diplom və medalı alsalar da mükafat pulunu almadılar. Frederik Senger eyni sahə üzrə iki dəfə Nobel mükafatına layiq görülən iki laureatdan biridir (1958 və 1980-ci il). Digəri isə Con Bardindir o, iki dəfə, 1956 və 1972-ci ildə, Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Digər iki nəfər iki dəfə Nobel mükafatını qazandı, biri kimya olmaqla digəri başqa sahə üzrə: Mariya Salomea Küri (1903-cü ildə fizika, 1911-ci ildə kimya üzrə) və Laynus Polinq (1954-cü ildə kimya, 1962-ci ildə sülh üzrə).[6] 2018-ci ilə kimi mükafat 180 şəxsə verildi. Onlardan beşi qadın idi: Mariya Salomea Küri, İren Jolio-Küri (1935), Doroti Kroufut Hockin (1964), Ada Yonat (2009) və Frensis Arnold (2018).[7][8]
1916, 1917, 1919, 1924, 1933, 1940-42-ci illərdə Kimya üzrə Nobel mükafatı verilmədi. Həmçinin Kimya üzrə Nobel mükafatı 9 dəfə bir il müdətinə təxirə salınmışdı. Nobel komitəsinin qərarına əsasən 1914-cü ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Kimya üzrə Nobel mükafatı verilməmişdi, lakin 1915-ci ildə mükafat Teodor Vilyam Riçardsa verildi və 1914-cü il mükafatı olaraq sayılmışdı.[9] Həmçinin 1918-ci ilin mükafatı 1919-cu ildə Fris Haberə[10], 1920-ci ilin mükafatı 1921-ci ildə Valter Nernstə[11], 1921-ci ilin mükafatı 1922-ci ildə Frederik Soddiyə[12], 1925-ci ilin mükafatı 1926-cü ildə Rixard Ziqmondiyə[13], 1927-ci ilin mükafatı 1928-ci ildə Henrix Vilanda[14], 1938-ci ilin mükafatı 1939-cu ildə Riçard Kuna[15], 1943-cü ilin mükafatı 1944-cü ildə Georq de Xeveşiyə[16] və 1944-cü ilin mükafatı 1945-ci ildə Otto Hana verilmişdir.[17]