Limfa düyünləri
From Wikipedia, the free encyclopedia
Limfa düyünləri – lat. nodi lymphatici s. lymphonoid (lymphoqlandulae – BNA) girdə vəya oval şəklində açıq çəhrayı rəngdə olub limfa damarları gedən yollarda, xüsusən boyük qan damarlarının və daxili üzvlərin ətrafında və bədəndə olan çuxurlarda yerləşmişdir. Bədəndə olan limfa düyünlərinin ümumi miqdarı beş yüzdən yeddi yüzə çatır. Limfa düyünləri özlərinə uyğun üzvlərdən və ya nahiyyələrdən limfanı qəbul etdikləri üçün nahiyə və ya regionar düyün adını alırlar. Hər bir üzvdən və ya nahiyyədən limfa gətirici damarlar – lat. vasa afferentia vasitəsilə limfa düyünlərinə axır; bu damarlar limfa düyününə çatarkən əvvəlcə bir çox şaxələrə bölünürlər və sonra onun çıxıq səthini dələrək, daxilində olan limfa cibləri ilə birləşirlər. Limfa həmin cibləri keçərkən zərərli maddələrdən və ya infeksiya amillərindən təmizlənir; beləliklə limfa düyünləri süzgəc kimi, limfada olan zərərli maddələri və ya mikrobları özündə saxlayaraq vücudü bir çox xəstəliklərdən mühafizə edirlər. Limfa düyünlərinin topoqrafiyasını bilmək cərrahlıqda artıq dərəcədə əhəmiyyət kəsb edir. Limfa düyünlərinə yığılan limfa, onların basıq səthindən aparıcı damarlar – lat. vasa efferentia vasitəsilə çıxarılaraq mərkəzə doğru daşınır. Beləliklə gətirici damarlar ilə aparıcı damarların fərqi bundadır ki, birincilər düyünlərin çıxıq səthindən daxil olur, ikincilər isə batıq səthindən – qapısından (lat. hilus) xaric olur, bundan başqa aparıcı damarlar qan damarları ilə müşayiət olunduqları ilə gətirici damarlardan ayrılır. limfa düyünlərinin miqdarı və ölçüləri olduqca müxtəlifdir, ən kiçiyi buğda boyda və ən böyüyü paxla ya badam boyda olur, bəzi patoloji proseslər nəticəsində (taun, qarayara və s.) həcmi daha da artıb konsistensiyası sərtləşir.