Lüksemburq Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Lüksemburq Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 37 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən 1993-cü ilə kimi Lüksemburq yalnız bir dəfə 1959-cu ildə Avroviziyada iştirak etməmişdir.
Lüksemburq Avroviziyada beş dəfə qələbə qazanmışdır. Ölkə müsabiqədə ilk dəfə 1961-ci ildə Jan-Klod Paskalın ifa etdiyi "Nous les amoureux" mahnısı ilə qalib gəlmişdir. 1965-ci ildə Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə Lüksemburqa ikinci Avroviziya qələbəsini yaşatmışdır. Üçüncü dəfə ölkəni 1972-ci ildə Viki Leandros səsləndirdiyi "Après toi" mahnısı ilə qalib etmişdir. Növbəti 1973-cü ildə Ann-Mari David ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə Lüksemburqa ikinci il ard-arda qələbə sevinci yaşatmışdır. Ölkənin indiyədək olan ən son qalibiyyəti isə 1983-cü ildə Korin Hermenin ifa etdiyi "Si la vie est cadeau" mahnısı ilə olmuşdur.
Lüksemburq eyni zamanda 13 dəfə Avroviziyada ilk beşlikdə yer almış və üç dəfə sonuncu yeri tutmuşdur. Ölkə 1994-cü ildə müsabiqədə iştirakdan imtina etmiş və bir daha qayıtmamışdır. 2017-ci ildə müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan RTL telekanalının baş direktoru Lüksemburqun müsabiqədə iştirak etməməsini bu cür açıqlamışdır: "Mən inanıram ki, Avroviziyanın genişlənməsi ilə birlikdə Lüksemburqun müsabiqədə uğur əldə etməsi daha da çətinləşib. Yeni səsvermə sistemi ilə Lüksemburq kimi kiçik ölkələrin Avroviziyada uğur qazanması mümkün deyil."