Müqəddəs Ruh kilsəsi (Haydelberq)
From Wikipedia, the free encyclopedia
Müqəddəs Ruh kilsəsi (alm. Heiliggeistkirche) — Haydelberq şəhərinin köhnə hissəsində, daha doğrusu Bazar meydanının (de) tam mərkəzində və məşhur Haydelberq qəsrinin yaxınlığında yerləşən ən böyük və ən əhəmiyyətli dini tikilidir (şəhər meydanına kilsənin apsida hissəsi baxır). Səkkizbucaqlı qala istehkamları ilə birlikdə, kilsənin zəng qülləsi şəhər obrazını formalaşdıran və onun üzərində hökmranlıq edən ən mühüm elementlərdən biri hesab edilir[2]. Qırmızı Nekkar qumdaşından inşa edilmiş qotik zal məbədi, özünün barokko üslublu günbəz, kiçik qüllə və nəfis damı sayəsində çağdaş memarlar tərəfindən "yüksək bədii sinfin tamamilə unikal quruluşu" adlandırılmışdır[3].
Müqəddəs Ruh kilsəsi | |
---|---|
alm. Heiliggeistkirche | |
49°24′43″ şm. e. 8°42′35″ ş. u. | |
Ölkə |
Almaniya Baden-Vürtemberq |
Şəhər | Haydelberq |
Yerləşir | Heydelberq[1] |
Aidiyyatı | Baden Yevangelik kilsəsi |
Memar | Hans Marks, Yorq və Arnold Rip (maliyyə koordinatoru) |
Sifarişçi | kurfürst III Ruprext |
Tikilmə tarixi | 1398-1515 |
Üslubu | Barokko və Qotik |
Günbəzləri | 1 |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | ekihd.de/gemeinden/altst… |
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə 1398-ci ildən 1515-ci ilə qədər Pfalts kurfürstlərin məqbərəsi və həmin sülaləyə məxsus iqamətgahın təmtəraqlı kilsəsi olaraq yüksəldilirdi. Pfalts mirası uğrunda gedən müharibənin gedişatı zamanı kilsə əhəmiyyətli dərəcədə dağıntıya məruz qalmış, dəfn yerləri isə talan edilmişdir. Məhz buna görə də, indiyədək kilsə sərdabəsində ancaq kurfürst III Ruprextin qəbiri mühafizə olunmuşdur (bundan başqa, Vittelsbax sülaləsinin nümayəndəsi olmuş III Ruprextin hakimiyyəti dövründə kilsə binasına xor otaqları əlavə edilmişdir). Kilsə həmçinin Palatin kitabxanasının ən birinci saxlanğıc yeri kimi də məşhurdur. Onun tarixi Haydelberq şəhərinin ziddiyyətli tarixi ilə sıx bağlıdır.
1706-cı ildən düz 1936-cı ilə qədər kilsə qalın divarla iki hissəyə bölünmüşdü — nef hissəsi protestantlar, xor otaqları isə katoliklər üçün xidmət göstərirdi. 1936-cı ildə isə, kilsə birdəfəlik Baden yevangelist birliyinin (alm. Evangelische Landeskirche in Baden) tabeliyinə keçir.