From Wikipedia, the free encyclopedia
Maliki (ərəb. مالكي) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri.[1] Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir.[2]
Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir.[3][4] Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə,[5] Qətərdə,[6] Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur.[3]
Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub.[7] 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur.[8][9]
İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir. Onun qurucusu Malik ibn Ənəs (712–796) görkəmli mütəfəkkir və hüquqşünas olmuşdur. O, Mədinədə yəmənli tacir soyundan olan ailədə dünyaya gəlmişdir. Bu nəsildə Quran və hədis elmləri ilə məşğul olan insanlar çox idi. Malik uşaq ikən bu elmləri onlardan öyrənmişdir. Onun ilk müəllimlərindən biri doğma əmisi Əbu Süheyl olmuşdur. Sonra isə o, dövrün görkəmli alimi İbn Hürmüzün dərnəyində on üç il dərs almışdır.
Bir çox tanınmış şəxsiyyətlərdən öyrəndiyi biliklər sayəsində Malik ibn Ənəs peyğəmbər hədislərinin və səhabə fətvalarının mahir bilicisinə çevrilmişdir. Lakin o, təkcə hədis elmlərilə kifayətlənməmiş, fətvaların verilməsində hüquqi metodları ərsəyə gətirib sistemləşdirməyə çalışmışdır. Beləliklə İslam irsinə istinadən hüquq elmini inkişaf etdirərək keçmiş, ənənəvi və yeni metodları bir-biri ilə uyğunlaşdırmışdır.
Onun tələbələri öz müəllimləri haqqında çox yazmışlar. Lakin bu böyük şəxsiyyətin tam təsvir edildiyi ən tanınmış əsər Abdulla ibn Vəhbanın (vəfatı 819) "əl-Mucəsəlat" kitabıdır. Müəllif uzun müddət onun tələbəsi olmuş və Malik ibn Ənəsdən eşitdiyi hədisləri, onun ozünün yüksək əxlaqi keyfiyyətləri və hüquq sahəsində gördüyü işlər haqqında yazmışdır.
Malik ibn Ənəsin əsərlərinə gəldikdə, onun etiqad və hüquq problemlərinə dair bir neçə kitab yazdığı bildirilir. Lakin bu əsərlərin müəllifinin onun olması bəzi tənqidçilər tərəfindən şübhə ilə qarşılansa da, "əl-Müvətta" adlı hədislər toplusunun məhz Malik ibn Ənəsin qələmindən çıxdığı qətidir. Bu əsərdə o, ilk dəfə olaraq, həm hədisləri toplamış, həm də onların sistemləşdirilməsinə cəhd etmiş, fətvalar verilərkən işlədilən "mədinəlilərin icması" və "tabiunların rəyləri" kimi bəzi hüquqi metodlara da əl atmışdır.
Malik ibn Ənəs hüquqi mühakimə və mülahizələri aşağıdakı mənbələr əsasında verirdi:
Malik ibn Ənəsin hüquqi metodları İslam dünyasında əhəmiyyətli mövqe tuturlar. Onun tələbələri bu irsi davam etdirərək, müsəlman hüququnun ən nüfuzlu məktəblərindən (məzhəblərindən) birini formalaşdırmış və onun bir çox ölkələrdə yaymışlar. İslam dünyagörüşünün prinsiplərini Aristotelin irsi ilə anlatmağa çalışmış görkəmli müsəlman filosofu İbn Rüşd də maliki hüququnun tərəfdarı olmuşdur. Amma Mədinədə və Hicazda bu məzhəb geniş yayılmamışdır. Bir zamanlar onların mövqeyi Misirdə möhkəm olmuş, lakin sonra orada şafiilik daha çox yayılmış və bu məzhəbi sıxışdırmışdır. Şimali Afrikanın digər bölgələrində isə maliki fiqhi çoxsaylı ardıcıllar toplamışdır. Hazırda Afrikanın şimalında malikilik daha çox yayılmış məzhəbdir. Keçmişdə bu məzhəb müsəlman dünyasının qərbində, xüsusilə İspaniya müsəlmanları arasında da yayılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.