Murdarçayabənzər çaytikanı
From Wikipedia, the free encyclopedia
Murdarçayabənzər çaytikanı (lat. Hippophae rhamnoides) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin çaytikanı cinsinə aid bitki növü.
Murdarçayabənzər çaytikanı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
| ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Cins: Növ: Murdarçayabənzər çaytikanı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın avropa hissəsində çay vadilərində, çəmənliklərdə, meşə yaxınlıqlarında, hündür dağlarda təsadüf edilir. Azərbaycanın Samur çayı vadisində, Quba-Xaçmaz, Şəki-Zaqatala, Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən 2000 m hündürlüyə qədər yerlərdə kolluqlar və ağac şəklində bitir.
Çaytikanı meyvəsi giləmeyvəyə oxşayır. Sentyabr-oktyabr aylarında yetişir. Meyvə saplağı möhkəm olduğu üçün yetişmiş meyvələri bütün qış fəslində (mart aprel ayına kimi) ağacda qala bilir. Meyvələri qızılı-sarı və ya çəhrayı-qırmızı rəngdə olur, dadı turşməzədir. Meyvəsi bir toxumludur.
Çaytikanı aprel-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, ətirli və sarı olur. Meyvələri avqust-sentyabr aylarında yetişir, fevral-mart aylarına kimi kolun üstündə qalır. Meyvəsi şirəli sarımtıl-narıncı və qırmızı rəngdədir. Meyvələri, əsasən girdə, oval və uzunsov formada olub, 0,5–1 sm uzunluğunda və 0,3–0,5 sm enindədir. Dadı şirin, turş, acıtəhər-turş, turşməzə və ananas ətirli olur. Toxumu tünd qəhvəyi və parlaqdır.
Çaytikanı meyvəsi olduqca qidalıdır. Meyvəsinin tərkibində 3,5% şəkər, 3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə, 9% yağ vardır. Toxumunda isə yağın miqdarı 12,5%-ə çatır. Çaytikanı itburnu kimi vitamin mənbəyidir. Çaytikanının tərkibində 16,9–272,5 mq% C, 75–100 mq% P, 0,016–0,055 mq% B1, 0,037–0,066 mq% B2, 0,79 mq% B6, 8 mq% E, 1,1–10,9 mq% karotin (provitamin A), 0,79 mq% fol turşusu (vitamin Bc) və 1,2 mq% K vitamin vardır. Toxumunda 0,28 mq% B1, 0,38 mq% B2, 14,3 mq% E vitamin vardır. Toxumundan alınan yağın tərkibində 250 mq% karotinoidlər, 165 mq% E vitamini və polidoymamış yağ turşuları (F vitamini aktivliyində) vardır.
Çaytikanının meyvəsindən müalicə əhəmiyyəti olan müxtəlif şirə, dadlı və ətirli kompot, kisel, mürəbbə, cem, jele, püre, povidlo, marmelad, vitaminli çay, spirtli içki, nastoyka və likör hazırlanır. Dondurulmuş halda yaxşı saxlanıla bilər. Çaytikanından müalicəvi məqsədlə qədimdən istifadə edirlər. Müasir dövrdə onun meyvəsindən bir çox xəstəliklərə qarşı, o cümlədən avitaminoz, göz, diabet, qaraciyər, hipertoniya və qanazlığında geniş istifadə olunur. Meyvəsinin yağı yaraların sağalmasını sürətləndirir, dərini şüa zədələdikdə sağaldıcı təsir göstərir. Çaytikanı çox qiymətli bitki olduğu üçün onun tədarükünə və istifadəsinə ciddi fikir verilməlidir.