Nuxa qəzası
From Wikipedia, the free encyclopedia
Nuxa qəzası (rus. Нухинский уезд ), Şəki qəzası — 1840-1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə, Şəki əyalətinin 22 (10) aprel 1840-cı il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən yeni yaradılmış Kaspi vilayətinin tərkibinə daxil edilməsi və bundan sonra qəza adlandırılması nəticəsində meydana çıxmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir. 1873 ildə isə ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edilmiş və bununla da qəzanın ərazisi yarıbayarı kiçildilmişdir. Qəza Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920)[2] və Azərbaycan Sovet Sosialist Respublikasının ilk 9 ili ərzində də inzibati-ərazi kimi mövcud olmuşdur. 1929-cu ildə ləğv edilmiş, ərazisi yeni yaradılmış Zaqatala-Şəki mahalına daxil edilmişdir.
Nuxa qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | Yelizavetpol quberniyası |
Mərkəzi | Nuxa |
Yaradılıb | 1840 |
Ləğv edilib | 1929 |
Sahəsi | 3808,7 km² (3346,7 verst²[1]) (1897) |
Əhalisi | 120555 nəfər[1] (1897) |
Xəritə | |
Qəza 1840–1846-cı illərdə "Şəki qəzası", 1846–1918-ci illərdə isə "Nuxa qəzası" adlanmışdır. 1918–1929-cu illərdə qəza həm "Nuxa qəzası" və həm də "Şəki qəzası" adlanıb. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) dövründə parlament müzakirələrində qəzanın adı "Şəki qəzası" olaraq çəkilir. 1925-ci ildən 1929-cu ilə qədər – qəzanın ləğv edilməsinə qədər, qəzanın rəsmi qəzeti olan "Şəki fəhləsi" qəzetində qəzanın adı "Şəki qəzası" olaraq göstərilir. Lakin paralel olaraq eyni dövrə aid rusca statistik mənbələrdə qəzanın adı "Nuxa qəzası" kimi yazılmaqda davam edirdi.