Qall müharibələri
From Wikipedia, the free encyclopedia
Qall müharibələri (lat. Bellum Gallicum) — Roma Respublikasının qall tayfaları ilə e.ə. 58–50-ci illərdə bir neçə mərhələdə davam edən qarşıdurması. Müharibələr sonuncuların fəthi ilə başa çatdırmışdır.
Yerli tayfaların dəvəti ilə Qalliyaya daxil olan Qay Yuli Sezar onların bütün torpaqlarını tədricən özünə tabe etmiş, bir sıra azadlıq üsyanlarını, o cümlədən e.ə. 52-ci ildə qalların ümumi üsynanı yatırtmışdır. Bundan başqa, o, cəza, fəth və nümayiş məqsədləri ilə iki dəfə Germaniya və Britaniyaya yürüşlər etmişdir. Daim qalların üstün qüvvələri ilə qarşılaşan Sezar dəfələrlə taktiki fəndlərdən və hiylələrdən, mürəkkəb mühəndis quruluşlarından istifadə etmiş, müharibənin kulminasiya əməliyyatında – Aleziyanın mühasirəsində şəhərin müdafiəçilərini və onların köməyinə gələn əlavə qüvvələri eyni zamanda məğlub etmişdir. Müharibə nəticəsində bir neçə milyon insanın yaşadığı 500 min kvadrat kilometr ərazi Roma Respublikasına birləşdirilmişdir. Qələbələri sayəsində Sezar Romada populyarlıq qazanmış və böyük sərvət toplayaraq e.ə. 49-cu ildə uğurla vətəndaş müharibəsinə başlamışdır.
Hərbi əməliyyatlar Sezar tərəfindən "Qall müharibəsi haqqında qeydlər"də təsvir edilmişdir. XIX əsrdə milliyətçiliyin yüksəlişi ilə birlikdə Fransada Qall müharibələri milli tarixin ən mühüm hadisələrindən biri kimi şərh edilməyə başlanmış, Romaya qarşı üsyan edən qalların lideri Versingetorik Fransanın ən böyük müharibə qəhrəmanlarından biri hesab edilməyə başlamışdır..