Qızıl Tərəzi Evi
From Wikipedia, the free encyclopedia
Qızıl Tərəzi evi (alm. Haus zur Goldenen Waage) — Almaniyanın Frankfurt şəhərinin köhnə hissəsində mövcud olmuş və 22 mart 1944-cü ildə Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri tərəfindən şəhərin bombalaması zamanı dağıdılmış Orta əsrlərə aid faxverk üslublu ev idi. Öz yüksək memarlıq dəyərinə və tarixi əhəmiyyətinə görə, bina şəhərin ən məşhur görməli yerlərindən biri hesab olunurdu. Müqəddəs Varfolomey İmperator kafedral kilsəsinin (və ya qısaca olaraq Frankfurt kafedralının) əsas portal girişinin qarşısında küncvari şəkildə tikilmiş Qızıl Tərəzi evi, bir tərəfdən olduqca dar Höllqasse (alm. Höllgasse), digər tərəfdən isə Domplatz meydanı ilə şəhərin tarixi mərkəzi hesab edilən Römerberq meydanını birləşdirən Markt küçələrinin kəsişməsində yerləşirdi.
Qızıl Tərəzi evi | |
---|---|
Haus zur Goldenen Waage | |
50°06′38″ şm. e. 8°41′04″ ş. u. | |
Ölkə | Almaniya |
Şəhər | Frankfurt-Mayn |
Yerləşir | Markt-Krönunqsveq küçəsi |
Sifarişçi | Abraham van Hamel |
Tikilmə tarixi | 1619-cu il |
Üslubu | Faxverk və Renessans |
Vikianbarda əlaqəli mediafayllar |
Bir zamanlar öz detallı və zərif fasadı ilə göz oxşamış alman İntibah memarlığının şah əsəri hesab edilən bu ev, təxminən 1619-cu ildə inşa edilmişdir. Müharibədən sonrakı dövrdə yenidənqurmaya yardımçı ola biləcək evin möcüzəvi şəkildə salamat qalmış qalıqları, şəhər rəhbərliyinin qərarı ilə 1950-ci ildə sökülmüşdür. Sökülməzdən öncə dağıntı ərazisindən çıxarılmış arkadalar, tarixi eksponat qismində Frankfurtla qonşu olan Offenbax am Main şəhərinin cənubunda yerləşən Götzenhain rayonundakı özəl kitabxanaya daşınılmış, evin bünövrəsi və bəzi qalıqları isə 20 ildən artıq müddət ərzində torpaq altında qalmışdır. 1972–1973-cü illərdə Dom/Römer metro stansiyasının tikintisi zamanı, Qızıl Tərəzi evinin bir zamanlar yerləşdiyi Frankfurtun kafedral təpəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Erkən Roma dövrünün yaşayış məskəninin və o cümlədən qədim hamam kompleksinin,[1] eləcə də XII əsrdə hökmranlıq etmiş Karolinqlər sülaləsinə məxsus kral sarayının qalıqları aşkar edilmiş və burada dərhal Arxeoloji bağın yaradılması qərara alınmışdır.[2][~ 1]
2017-ci ilin dekabr ayında Frankfurtun köhnə hissəsinin dirçəldilməsi layihəsi çərçivəsində, dağılmış Qızıl Tərəzi evinin faxverk fasadı, həmçinin daxilində bir zamanlar mövcud olmuş renessans tərzli tavan və kiçik belveder (alm. Belvederchen) yüksək keyfiyyətlə yenidən qurulmuşdur.[3][4] 2019-cu ilin dekabr ayına kimi uzanmış layihənin ikinci mərhələsi zamanı, binanın demək olar ki, bütün interyer tərtibatı orijinal eskizlərə və fotolara uyğun şəkildə bərpa olunmuşdur. Günümüzdə bina Frankfurt Tarix Muzeyinin tərkib hissəsi kimi fəaliyyət göstərir, onun birinci mərtəbəsində isə kafe yerləşir.[5][6]