Ruanda Beynəlxalq Cinayət Tribunalı
1994-cü ildə BMT TŞ tərəfindən yaradılmış beynəlxalq məhkəmə / From Wikipedia, the free encyclopedia
Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) (ing. International Criminal Tribunal for Rwanda (ICTR); fr. Tribunal pénal international pour le Rwanda) — 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada törədilmiş və ya qonşu dövlətlərdə Ruanda vətəndaşları tərəfindən törədilmiş Ruanda soyqırımı və beynəlxalq hüququn digər ciddi pozuntularını mühakimə etmək məqsədilə 1994-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə.[1] Məhkəmə sonda 61 nəfəri məhkum etmiş, 14 nəfərə isə bəraət vermişdir.[2]
Ruanda Beynəlxalq Cinayət Tribunalı | |
---|---|
ing. International Criminal Tribunal for Rwanda (ICTR) | |
Ümumi məlumatlar | |
3°22′04″ c. e. 36°41′47″ ş. u. | |
Ölkə | Ruanda |
Yeri | Aruşa, Tanzaniya |
Yaranma tarixi | 8 noyabr 1994 |
Ləğvolunma tarixi | 31 dekabr 2015 |
Hakim sayı |
16 daimi 9 ad litem |
Sədr | Vaqn Yoensen (Danimarka) |
unictr.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tribunal 977 saylı qətnaməyə əsasən 1995-ci ildə Tanzaniyanın Aruşa şəhərində təşkil edilmişdi.[3] 2006-cı ildən Aruşada həm də İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsi yerləşirdi. 1998-ci ildə 1165 saylı qətnamə ilə tribunalın fəaliyyəti genişləndirildi.[4] Sonralar Təhlükəsizlik Şurası daha bir neçə qətnamə ilə tribunalı 2004-cü ilin sonuna qədər araşdırmalarını, 2008-ci ilin sonuna qədər bütün məhkəmə işlərini, 2012-ci ildə isə ümumilikdə bütün fəaliyyətini başa çatdırmağa çağırmışdı.[5] Tribunal genosid, insanlıq əleyhinə cinayətlər, Cenevrə konvensiyaları üçün ümumi olan 3-cü maddənin və II Əlavə protokolun (daxili münaqişəyə dair) pozuntuları ilə bağlı yurisdiksiyaya malik idi.
İlk məhkəmə işi Jan Pol Akayesu ilə əlaqədar olub 1997-ci ildə başlamışdı. Tribunal müəyyən etmişdi ki, bu qədər insanın kütləvi qırğını heç bir halda təsadüf ola bilməz; bu, yalnız əvvəlcədən dövlətin rəsmi nümayəndələrinin hazırladığı plan əsasında həyata keçirilib. Bu məqsədlə də tribunal soyqırımla bağlı ilk hökmünü Akayesuya qarşı çıxarmışdı.[6] Müvəqqəti baş nazir Jan Kambanda təqsirini etiraf etmişdi. Bununla da beynəlxalq cinayət ədalət mühakiməsi tarixində ilk dəfə olaraq hökumət başçısı barəsində hökm çıxarılmışdı.[7]
RBCT-nin Tamamlanma Strategiyasına əsasən, Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsinə uyğun olaraq, bütün birinci instansiya işlərinin məhkəmə baxışı 2008-ci ilin sonuna qədər başa çatmalı (bu tarix daha sonra 2009-cu ilin sonuna qədər uzadılmışdı)[8], bütün işlər isə 2010-cu ilə qədər tamamlanmalı idi. 2009-cu ilə olan məlumata görə, tribunal 50 məhkəmə prosesini başa vurmuş və 29 təqsirləndirilən şəxsi məhkum etmişdi. Bu zaman 11 məhkəmə prosesi davam edirdi və həbsdə olan 14 nəfər məhkəmə baxışı üçün gözləməkdə idi. Həmçinin, prokuror 5 nəfəri mühakimə üçün milli yurisdiksiyaya vermək niyyətində idi. Digər 13 nəfər hələ də azadlıqda idi, bəzilərinin öldüyü ehtimal edilirdi.[9] Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tribunalı, bağlanması və öhdəliklərinin Cinayət Məhkəmələri üçün Beynəlxalq Qalıq Mexanizminə (Mexanizm) ötürülməsinə hazırlaşmaq üçün, 31 dekabr 2014-cü il tarixinədək işini başa çatdırmağa çağırmışdı. Mexanizmin RBCT şöbəsi hələ 1 iyul 2012-ci ildən fəaliyyət göstərməyə başlamışdı.[10] Tribunal 31 dekabr 2015-ci ildə rəsmi olaraq bağlandı.
Tribunalın Ruanda Vətənpərvər Cəbhəsi (RVC) tərəfindən törədilən müharibə cinayətlərini və RVC lideri Pol Kaqameni mühakimə etməməsi "qalibin ədaləti" kimi xarakterizə olunacaq qədər geniş şəkildə tənqid edilmişdi.[11][12][13][14][15][16][17]