![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3e/Generation_timeline.svg/langaz-640px-Generation_timeline.svg.png&w=640&q=50)
Y nəsli
From Wikipedia, the free encyclopedia
Y nəsli və ya millenniallar — X nəslindən sonrakı, Z nəslindən isə əvvəlki demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1980-ci illərin əvvəllərini başlanğıc doğum illəri kimi, 1990-cı illərin ortalarından 2000-ci illərin əvvəllərinədək olan dövrü isə son doğum illəri kimi ifadə edir. Odur ki, bu nəsil adətən 1981-1996-cı illərdə doğulmuş insanlar kimi müəyyən edilir.[1] Millennialların əksəriyyəti beybi-bumerlərin və daha yaşlı X nəslinin uşaqlarıdır.[2] Öz növbəsində millenniallar çox vaxt alfa nəslinin valideynləri olurlar.[3]
İnternetlə böyüyən ilk nəsil olaraq millenniallar həm də ilk qlobal nəsil kimi təsvir edilmişdir.[4] Nəsil ümumiyyətlə internetdən, mobil cihazlardan və sosial mediadan geniş istifadə və onlarla tanışlıq ilə xarakterizə olunur.[5] İndi ardıcıl nəsillərə də tətbiq edilən "rəqəmsal yerlilər" termini əvvəlcə bu nəsli təsvir etmək üçün istifadə edilmişdir.[6]
Millenniallar həm də "Ən uğursuz nəsil" adlandırılıb, çünki orta millennial işçi qüvvəsinə daxil olduqdan sonra ABŞ tarixindəki hər hansı digər nəsillə müqayisədə daha yavaş iqtisadi artım yaşamışdır.[7] Nəsil həmçinin tələbə borcu və uşaq baxımı xərclərinin də yükünü daşıyır.[8]
Dünyanın hər yerində gənclər evliliyi və ya ər-arvad kimi birlikdə yaşamağı təxirə salmışdılar.[9] Millenniallar bütün dünyada doğuş nisbətinin aşağı düşdüyü bir vaxtda doğulmuşdur,[10] özlərindən əvvəlki nəsillərə nisbətən daha az uşaq dünyaya gətirirlər.[11][12][13][14] İnkişaf etməkdə olan ölkələrdə olanlar qlobal əhali artımının əsas hissəsini təşkil etməyə davam etmişdilər.[15] İnkişaf etmiş ölkələrdə 2010-cu illərin gəncləri eyni yaşda olan əvvəlki nəsillər ilə müqayisədə cinsi əlaqəyə daha az meylli idilər.[16] Qərbdə onlardan əvvəlki nəsilə nisbətən dindar olma ehtimalı daha azdır, lakin özlərini ruhani olaraq saya bilərlər.[17][10]
1990-cı və 2010-cu illər arasında inkişaf etməkdə olan ölkələrdən olan insanlar getdikcə daha yaxşı təhsil almışdılar ki, bu da bu ölkələrdə iqtisadi artıma təkan verən amildir.[18] Dünyadakı millenniallar iş həyatına başladıqdan sonra əhəmiyyətli iqtisadi pozulmalara məruz qalmışdılar. Onlardan bir çoxları Böyük ressesiyadan sonra əmək bazarında olduqları ilk illərdə yüksək dərəcədə gənc işsizliyi ilə üzləşmişdilər və COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə növbəti ressesiyaya məruz qalmışdılar.[19][20]