İstiqlaliyyət küçəsi
From Wikipedia, the free encyclopedia
Remove ads
İstiqlaliyyət küçəsi — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən tarixi küçə. Küçə öz başlanğıcını indiki BMT-nin Əlliilliyi küçəsindən götürür və Əziz Əliyev küçəsində isə tamamlanır. Küçənin uzunluğu 1,3 km-dir.
XIX əsrin sonlarında Bakının genişlənməsi nəticəsində salınan ilk küçələrdən biri olan İstiqlaliyyət küçəsi , artıq 100 ildən çoxdur ki, Bakının ən gözəl və önəmli küçələrindən biridir. İçərişəhər ətrafı şəhər magistralının mühüm hissəsini təşkil edən İstiqlaliyyət küçəsinin böyük bir hissəsi həm də Bakı Şəhər Halqasına daxildir.
Bakıda ilk çoxmərtəbəli bina burada tikilmiş (Mirzəbəyovun mədaxil evi), ilk park burada salınmış (Filarmoniya bağı), ilk heykəl burada ucaldılmış (Mirzə Ələkbər Sabirin heykəli) və ilk hərbi parad bu küçədə keçirilmişdir. Küçə ilk dəfə İmperator I Nikolayın şərəfinə Nikolayevski adlandırılıb. SSRİ dövründə küçə Kommunistiçeskaya adlandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə küçənin adı növbəti dəfə dəyişdirilərək İstiqlaliyəət adlandırılıb.
Memarlıq-planlaşdırma quruluşu və həcmli-məkan sistemi kimi İstiqlaliyyət küçəsi, Bakı şəhərinin özünəməxsus ensiklopedik şəhərsalma formasını təşkil edir. XIX–XX əsrin əvvəllərinin əsas memarlıq təzahürləri, indiki dövrə qədər öz stilistik cizgilərini tam olaraq qoruyub saxlamış bu bədii panoramada əksini tapmışdır. Küçədə milli-romantik, barokko və neoqotika üslublarından istifadə edilərək stilistik istiqamətlərin müxtəlifliyinin yaradılmasına baxmayaraq, küçənin inşasında klassik memarlıq üsullarına üstünlük verilmişdir.
Remove ads
Tarixi

İstiqlaliyyət küçəsinin yerləşdiyi ərazinin mənimsənilməsində 1870-ci illərdən başlanılmışdır.[1] 1878-ci ildə memar Ferdinand Lemkul tərəfindən kustar emalatxana sıralarının inşa layihəsi hazırlanmışdır.[1] 1882–1883-cü illərdə burada Taurekin sirki üçün taxtadan sirk binası inşa edilmişdir.[1] 1890-cı illərin əvvəllərində inzibati-ictimai tikililər üçün yer ayrılması ilə İstiqlaliyyət küçəsinin yerləşdiyi ərazinin (təxminən 3 ha) nizama salınması layihəsinə başlanmışdır.[1] Layihəyə əsasən küçədə Qubernator evi, Şəhər Duması və Upravasının binaları, realnı məktəb, məscid və ticarət sıralarının inşası nəzərdə tutulurdu.[1] Bu tikililər üçün Bakı qalası divarları boyunca yer ayrılmış, küçənin əks tərəfində isə yaşayış binalarının tikilməsi qərarlaşdırılmışdı.[1] Sonrakı iyirmi il ərzində küçə möhtəşəm ictimai, mülki və yaşayış binaları ilə tikilib abadlaşdırılmışdır.[1] Küçə ansambl xüsusiyyətinə malikdir, burada yerləşən tikililər isə tarix və memarlıq əhəmiyyətinə malik abidələr kimi dövlət qeydiyyatına alınmışdır.[1]
İçərişəhər ətrafı dairəvi magistralın bu hissəsinin şimal-qərbindən cənub-şərqinin küncünə kimi yerləşən bütün binalar mühüm şəhərsalma mövqeyi tuturlar.[1] Memarlıq xüsusiyyətləri ilə seçilən binalar arasında Sadıqov qardaşlarının mədaxil evi (Q. Ter-Mikelov, 1910–1912), Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası (Q. Ter-Mikelov, 1910–1912), Bakı Şəhər İcra Hakimiyyətinin binası (Y. Qoslavski, 1900–1904), Zeynalabdin Tağıyevin qız məktəbinin binası (Y. Qoslavski, 1898–1901), İsmailiyyə sarayı (İ. Ploşko, 1907–1913) binalarını qeyd etmək mümkündür. Küçədə milli-romantik, barokko və neoqotika üslublarından istifadə edilərək stilistik istiqamətlərin müxtəlifliyinin yaradılmasına baxmayaraq, küçənin inşasında klassik memarlıq üsullarına üstünlük verilmişdir.[2]
Memarlıq-planlaşdırma quruluşu və həcmli-məkan sistemi kimi İstiqlaliyyət küçəsi, Bakı şəhərinin özünəməxsus ensiklopedik şəhərsalma formasını təşkil edir. XIX əsrin sonları XX əsrin əvvəllərinin əsas memarlıq təzahürləri, indiki dövrə qədər öz stilistik cizgilərini tam olaraq qoruyub saxlamış bu bədii panoramada əksini tapmışdır. Memarlar Dmitri Buynov, İosif Qoslavski, İosif Ploşko, Yevgeni Skibinski, Qavriil Ter-Mikelov, Məşədi Mirzə Qafar İsmayılov, Həsən Məcidov öz yaradıcılıqları ilə Bakı şəhərinin tarixi ərazisində şəhərsalma ansamblının yaradılmasına nail olmuşlar.[3]
Tarix və memarlıq abidələri
Remove ads
Park və bağlar
- Nizami bağı
Filarmoniya bağı
4.6 hektar sahəyə malik olan Filarmoniya bağı 1830[31]-cu ilin əvvəllərində o zaman Bakı qubernatoru olan Roman fon der Hovenin təşəbbüsü ilə iki qala divarları arasında (Bakı qalasının xarici divarları hələ sökülməmişdi) əkilmiş ağacların bazasında yaradılmışdır. Əvvəlcə Qubernator bağı, daha sonra isə Mixaylovski bağı (imperator II Nikolayın qardaşı Mixail Aleksandroviçin şərəfinə) adlandırılan Filarmoniya bağı son planlaşdırma quruluşu təşəkkül tapana kimi uzun formalaşma mərhələsi keçmişdir. Bağ ərazisində tut, zeytun, qovaq, əncir, akasiya, keçisöyüdü, həmçinin çoxlu sayda üzüm tənəkləri bitirdi.[20]
1859-cu ildə xarici qala divarları söküldükdən sonra bağın ərazisinin genişləndirilməsinə başlanmışdır. Həmin dövrdə şəhər bağının formalaşdırılmasında bədii cəhətlərə xüsusi diqqət yetirilmişdir. 1876-cı ildə bağda, açıq-aydın ifadə olunmuş relyefli sahələrdə hovuz və fəvvarələr, həmçinin kollonada inşa edilmişdir. 1904-cü ilin planı son olaraq formalaşmış landşaft üslublu yaşıl bağın yekun xüsusiyyətlərini müəyyən etmişdir.[20]
Sabir bağı
Sabir bağı 1922-ci[32] ildə memar Ələsgərovun layihəsi əsasında "Kaspiy"[33] tipoqrafiyası binasının yerində qurulub və şəhərin bu hissəsinin yaşıllaşdırılmasına təkan verib.
Bağın formalaşması mərhələlər ilə baş verib. 1922-ci ildə bağda, qala divarının yanında Sabirin heykəli ucaldılır (heykəltaraş Yakov Keylixis, memar Y. Sırişev). 50-ci illərdə bağ olduqca genişlənir və onun ərazisi əlavə olaraq abadlaşdırılır və yaşıllaşdırılır. Yeni yaşıllaşdırma strukturu və qala divarına açılan yeni mənzərə bütün məkanın bədii-memarlıq görünüşünü daha da qabardır. Bununla əlaqədar şairin yeni heykəlinin ucaldılmasında zərurət yaranır. Yeni heykəl (heykəltaraş Cəlal Qaryağdı, memarlar Q. Əlizadə və E. İsmayılov) 1958-ci ildə bağın layihə kompozisiyasının mərkəzində yerləşdirilir.
Bağın ətrafında yerləşən tarixi memarlıq abidələri də onun formalaşmasında mühüm komponent rolunu daşıyır. Bağın memarlıq-landşaft görkəmini almasında vacib rolu həmçinin yaşıllaşdırma və abadlaşdırma ilə bağlı həyata keçirilən yenidənqurma tədbirləri[34] oynayıb.
Nizami bağı
1946–1954-cü illərdə Bakının mərkəzi küçələrinin abadlaşdırılması və yaşıllaşdırılması üçün xüsusi tədbirlər planı həyata keçirilmişdir.[35] Bu zaman İstiqlaliyyət küçəsində İsmailiyyə sarayı yaxınlığında yerləşən Sabir bağından Azərbaycan Ədəbiyyat Muzeyi binasına kimi küçənin hər iki tərəfində yerləşən əhəmiyyətsiz köhnə tikililərin sökülməsinə qərar verilmişdir. Söküntülər nəticəsində şəhərin qədim qala divarlarının bu hissədən keçən və Qoşa qala qapılarına kimi uzanan hissəsinin açılaraq üzə çıxarılması mümkün olmuşdur.[35] Bundan sonra yolun sağ tərəfində (Sabir bağı tərəf) terraslı bağ yaradılmış, hovuz və fəvvarə quraşdırılmış və yeni bağ Sabir bağına qatılmışdır. Həmin dövrdə İstiqlaliyyət küçəsinin sol tərəfində isə Azərbaycan prospektindən Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə kəsişmədə yerləşən Ədəbiyyat muzeyinin binasına kimi tikintilərdən təmizlənmiş hissədə Nizami bağı salınmış, bağda mütəfəkkir şairin abidə kompleksi ucaldılmışdır.[35] Nəticədə şəhərin bu hissəsində qala divarları, İsmailiyyə sarayı, Ədəbiyyat muzeyi, Monolit binası və iki şairin adını daşıyan Sabir və Nizami bağlarını əhatə edən yüksək landşaft-şəhərsalma ifadəliliyinə malik kompleks yaranmışdır.[35]
Nizami bağının yerləşdiyi ərazidə bağ salınması ideyası 1930-cu illərin sonlarında, Nizami Gəncəvinin 800 illik yubileyinin qeyd edildiyi ərəfədə meydana çıxmışdır. O zaman gələcək bağın ərazisində bir mərtəbəli karvansaralar və ticarət sıraları yerləşirdi.[36]
Bağın yuxarı meydançasında Nizami gəncəvinin heykəli (heykəltaraş F. Əbdürrəhmanov, memar S. Dadaşov və M. Hüseynov) ucaldılmışdır. On metrə qədər mailliyə malik[36] olan mürəkkəb ərazi bir-birinə söykənən dübucaqlı meydançalar şəklində həll edilmişdi. Nizaminin heykəli üzü şərq tərəfə yerləşdirilmişdir və hündür pyedestalı sayəsində bağın hər tərəfindən aydın görünür.[36] Bağın həcm-məkan həlli, yaşıllaşdırma işləri və yaxşı həyata keçirilmiş kiçik formaları burada landşaft və memarlığın harmonik birliyindən bəhs etməyə imkan verir. Ağac və kol bitkilərinin növləri uğurla seçilmişdir.[36]
1980-ci illərin sonlarında aparılan yenidənqurma işləri zamanı bağın şimal hissəsində geniş pilləkən eksplanada quraşdırılmış, şərq tərəfində isə terraslı su kaskadı inşa edilmişdir.[36]
Remove ads
Heykəl və monumentlər
- Filarmoniya bağında kollonada və fəvvarə
Şairin adını daşıyan bağda ucaldılmış Mirzə Ələkbər Sabirin heykəli həm İstiqlaliyyət küçəsində, həm də ümumiyyətlə Bakıda ucaldılmış ilk şəhər heykəlidir.[37] Abidə 1922-ci ildə şairin vəfatının on illiyi ilə əlaqədar ucaldılmışdır.[38] 1958-ci ilə kimi parkda saxlanılmış və şairi ayaq üstə dayanan yerdə təsvir edən həmin əsərin müəllifi heykəltaraş Yakov Keylixis, memar isə Y. Sırışev olmuşdur. 1958-ci ildə parkın yenidənqurma və genişləndirilməsindən sonra həmin heykəlin yerində heykəltaraş Cəlal Qaryağdı, memar Q. Əlizadə və A. İsmayılovun müəllifi olduğu və şaiiri oturan yerdə təsvir edən ikinci heykəl ucaldılmışdır.[39]
1949-cu ildə Nizami bağında XII əsr mütəfəkkir-şairi Nizami Gəncəvinin müəllifləri heykəltaraş Fuad Əbdürrəhmanov, memar Sadıq Dadaşov və Mikayıl Hüseynov olan heykəli ucaldılmışdır. Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir. Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdır. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi.[40]
1998-ci ildə İstiqlaliyyət küçəsində akademik Yusif Məmmədəliyevin müəllifləri heykəltaraş A. Əskərov, memar E. Əsədov və rəssam Ç. Fərzəliyev[41] olan heykəli ucaldılmışdır.
2007-ci ildə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub.[42] Qranitdən və ağ mərmərdən yonulmuş, abidə üzərinə 28 may 1918-ci ildə Tiflisdə qəbul olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin həm ərəb, həm də latın qrafikalı Azərbaycan əlifbası ilə mətni həkk olunub.[42]
İstinadlar
Ədəbiyyat
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads