Xəzər dənizi
Dünyanın ən böyük gölü From Wikipedia, the free encyclopedia
Dünyanın ən böyük gölü From Wikipedia, the free encyclopedia
Xəzər dənizi (az.-əski. خزر دنیزی; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای کاسپین) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır.[1] Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10–20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir. Uzunluğu təqribən 1200 km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Xəzər dənizinin sahil xəttinin uzunluğu təqribən 6380 km-dir ki, onun da 825 km-i Azərbaycan Respublikasının payına düşür.[1]
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Xəzər dənizi | |
---|---|
Каспий теңізі مازرون دریا دریای خزر کاسپي درىا Каспийское море | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | −28 m |
Eni | 435 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 7.000 km |
Sahəsi |
|
Həcmi | 78.700 km³ |
Dərin yeri | 1.025 m, 211 m |
Duzluluğu | 12,5 ‰ |
Yerləşməsi | |
42°00′ şm. e. 50°30′ ş. u.HGYO | |
Ölkə | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Miletli Hekateyin (e.ə. VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça "canavarlar ölkəsi" deməkdir) yaranmışdır. Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə. V əsr). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı, Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (monqol-türklərdən götürülmüşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm dövləti ilə bağlı), Xvalın, Dərbənd və.s kimi adlandırılır. Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə müxtəlif adlar vermişlər. Məsələn, ruslar — Xvalın, tatarlar — Ağ dəniz, türklər — Kiçik dəniz, çinlilər — Si Hay, yəni qərb dənizi. Rusiyada Kaspiy adı XVI əsrin əvvələrində meydana gəlmişdir. Xəzər ətrafında yerləşmiş digər ölkələrdə bu su hövzəsi: Azərbaycanda — Xəzər (Xəzərlər — V–X əsrlərdə dənizin şimal-qərb sahillərində məskunlaşmış türkdilli millətdir), İranda Mazandaran, Qazaxıstanda və Türkmənistanda Kaspi dənizi kimi adlandırılmışdır. Antik dövrün Xəzər dənizini öyrənməklə məşğul olmuş alim və səyahətçilərinin maraqlı fikir və fərziyyələri əsasında, demək olar ki, özünün çoxəsrlik tarixi ərzində Xəzərin çoxlu adları olmuşdur. Bəzi mənbələrdə bu adların sayı 40-dək, bəzilərində isə 100-dək göstərilir. Həmin adlar adətən onun sahilində məskunlaşmış əhalinin, böyük tayfa birliklərinin adına görə, ya da sahilyanı zolaqda yerləşən şəhər, vilayət, ölkələrin adlarına görə verilirdi. Bu baxımdan Xəzərin Hirkan, Abeskun, Xəzər, Xvalınsk, Kaspi, Gürgan, Pontik, Kimmerik, Sarmat, Xorasan, Tabasaran, Mazandaran, Lənkəran, Göy, Ağdəniz, Rus, Bakı, Dərbənd və s. kimi adları bununla bağlı olmuşdur. Adlar içərisində yalnız Xəzər və Kaspi tarixi və coğrafi ad hüququ qazanaraq indiyə kimi qalmışdır.
Alban dənizi də adlandırılmışdır.[2] Xvalin və ya Xvalis adlandırması qədim ruslar tərəfindən istifadə olunurdu. Bu adın Xarəzm əhalisinin qədim rusca adından, yəni xvalislərdən götürüldüyü ehtimal olunur.[3] Xorasan dənizi adından da istifadə edilirdi. X əsr ərəb coğrafiyaşünası Məsudi "Kitab ət-tənbih və əl-işraf" (Xəbərdarlıq və yenidən gözdən keçirmə kitabı) əsərində göstərmişdir ki, Xorasan ölkəsinə yaxın olduğu üçün bəziləri Xəzər dənizini Xorasan dənizi də adlandırırdılar.[3]
Mütəxəssislərin fikrincə Mezozoy erasının başlanğıcında 30-min il davam edən Trias dövrü ərəfəsində Yer kürəsinin böyük sahəsini quru təşkil etmiş, sonralar həmin quru hissələri su basdığına görə dəniz əmələ gəlmişdir. Elmi ədəbiyyatda Tetis adlandırılan bu dənizin bir tərəfi İspaniyaya, o biri tərəfi, isə Zond adalarınadək çatırmış, lakin Mezozoy erasının sonunda, yəni 70 milyon il davam edən Təbaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun tarixi dövr ərzində toplanaraq suyun səthinə çıxması quru əmələgəlmə prosesinə güclü təkan vermişdir. Proses bu mərhələ ilə dayanmayıb davam etmiş, nəticədə Xəzər dənizi, Qara dəniz hövzəsindən tədricən ayrılmışdır, amma tarixin müxtəlif dövrlərində Xəzərin sahəsi bəzən böyümüş, bəzən də kiçilmişdir. Tədqiqatçılar bu hövzənin İrandan Samara şəhərinədək geniş əraziyə malik Ağcaqıl dənizi kimi də adlandırmışlar. Müasir Xəzərin formalaşması müxtəlif mərhələlər keçməyinə baxmayaraq milyon il bundan qabaq iqlimin kəskin dəyişməsi (Avropada, Asiyada və Şimali Amerikada buzlaşma dövrü və onun əriməsi prosesi) onun ərazisinin dövrü olaraq dəyişməsinə təsir göstərmişdir.
Qədim yunan coğrafiyaşünası və tarixçisi Miletli Hekatey (e.ə. VI–V əsrlər) ilk dəfə olaraq Xəzərdən bəhs etmiş, onu okean körfəzi və Hirkan (Girkan) dənizi kimi adlandırılmışdır. Sovet tarixçisi L. A. Yelnski isə Hekateyin və onun müasirlərinin coğrafi baxışlarını bütövlükdə təhlil edərək belə nəticəyə gəlir ki, yunan səyyahı bütün dənizləri (Aralıq dənizi istisna olmaqla) o cümlədən Xəzəri qapalı hesab etmişdir, lakin Herodotun dövründə Qırmızı, Ərəbistan və s. dənizlərin okeanla əlaqəsi aşkar edildi. Görünür tarixçi Herodot da bir dəniz haqqında olan baxışın mexaniki olaraq başqasına tətbiq edilməsinə qarşı çıxmışdır. Ona görə də Xəzərin heç bir dənizlə əlaqəsi olmadığını göstərmişdir. Xəzərə göl xarakteri e.ə. V–IV əsrlərdə daha çox irəli sürülürdü. Eyni zamanda əks nəzəriyyələr də mövcud idi. E.ə. II əsrdə yaşamış Ptolomey də birmənalı olaraq Herodotun fikrini təsdiq etmişdir. Sərkərdə Makedoniyalı İsgəndərin qoşunları Sırdərya ətrafında olduğu zaman (həmin vaxt Xəzər və Aral dənizləri bir-birindən ayrılmamışdır) İskəndərin silahdaşları belə hesab etmişlər ki, Sır-Dərya Xəzər dənizinə, Don çayı isə Azov dənizinə tökülür, Xəzər və Azov dənizi bir-birinə qovuşur. Hətta böyük mütəfəkkir Aristotel də Xəzərin qapalı hövzə olmasını müdafiə edirdi, lakin onun Xəzərin Qara dənizlə yeraltı əlaqəsinin olması fikrini nəyin əsası məlum deyil.
E.ə. IV əsrdə yaşamış Flavi Arrianın məlumatına əsasən hətta Makedoniyalı İsgəndər Xəzərin şimal və şərq okeanları ilə əlaqəsinin olması haqqında olan mübahisələrə son qoymaq məqsədilə əvvəlcə sərkərdə Partokla bu məsələni araşdırmağı tapşırmış, daha sonra onun bütün sahillərini yoxlamaq üçün cənubda dəniz donanmasının yaradılması haqda Heraklitə əmr etmişdir, lakin İsgəndərin ölümü bu məsələni 40 il geri saldı. Bunu onun varislərindən biri Selevk Nikator həyata keçirdi. O, e.ə. 285–280-ci illərdə Hirkan hakimi Partokla əmr etdi ki, bütün sahilboyu səfər etsin və burada əsas məqsədlərdən biri Xəzərin xarakterini öyrənmək idi. Yəni o, başqa dənizlərlə birləşirmi, birləşirsə hansı ilə. Partokl dövrünün savadlı dövlət xadimi və alimi idi, lakin səfər nəticəsində yazdığı əsərdə çox qəribə bir nəticəyə gəlmişdir. Tədqiqatçı Seyran Vəliyev yazır ki, Partokol Xəzərin şimalda şimal okeanı ilə birləşdiyi qənaətinə gəlmişdir. Həmin əsərin əldə olmamasına görə tədqiqatçı bunun səbəbini izah etmir, lakin bu haqda elmi ədəbiyyatda ziddiyyətli fikirlər vardır. Bəzi alimlərə görə Partokl Qaraboğaz-Qöl körfəzinə gedən yolu okeana gedən boğaz hesab etmiş, başqalarına görə Manqışlağa qədər üzmüş yarımadanın şərqə döndüyündən okeanın başladığını zənn etmiş, bir başqasına görə isə Volqanı okeana gedən boğaz saymışdır. Yenə də L. A. Yelnski bunları təhlil edərək qeyd edir ki, Partokl Xəzərin yalnız Abşeron yarımadasınadək olan hissəsinədək üzmüş, qalan ərazini şimal dənizi hesab etmişdir. Beləliklə, bir neçə əsr ərzində qədim adamların Xəzəri okean körfəzi hesab etməsinə baxmayaraq e.ə. II əsrdə Ptolomey köhnə və yeni məlumatlar əsasında Xəzərin qapalı hövzə olmasını tam əminliklə söyləmişdir. Bu fikrin qələbə çalması əlbəttə bir əsrdən çox vaxtda mümkün olmuşdur. Sonrakı əsrlərdə də bu höfzəni okean körfəzi hesab edən alimlər olmuşdur. Bir məqamı yadda saxlamaq lazımdır ki, Xəzərin göl olması, qapalı hövzə olması həqiqəti 2 min ildən artıq mübahisədən sonra təsdiq edilmişdir. Belə nəticəyə gəlindi ki, Xəzəri Qara, Baltik və başqa dənizlərlə yanaşı qoymaq olmaz. Ümumiyyətlə, Xəzərin tarixi haqqında qədim dövrdə daha çox yunan müəllifləri (Hekatey, Herodot, Erotosfen, Strabon, Ptolomey və s.) ilk orta əsrlərdə isə yunanların fikirləri ilə tanış olmuş ərəb müəllifləri (Yaqut Həməvi, Zəkəriyyə Qəvzini, Əbül Fida, İstəxri, İdrisi) sonrakı əsrlərdə isə fars, türk, Avropa və rus səyyahları (İ. F. Seymanov, Q. V. Abix, N. N. Andrusov və s.) məlumat vermişlər. X əsrdə yaşamış Məsudi Xəzərdə üzən rus gəmiləri, Bakıda çıxarılan neft haqqında məlumat vermişdir. Eramızın 900-cü illərində ərəb müəllifləri İstəxri və İdrisi Xəzərin qapalı olduğunu sübut etmişdir. İstəxri yazırdı: "Hövzeyi-bəhru-əl Xəzərin bir nöqtəsindən çıxıb onun sahili boyu hərəkət etməklə, yenə həmin nöqtəyə qayıtmaq olar".
Xəzərdəki neft haqqında tarixə belə fakt məlum olmuşdur ki, e.ə. 331-ci ildə Makedoniyalı İsgəndər İranı mühasirəyə alarkən qurduğu çadırı Xəzər sahilində yaşayan sakinlərin gətirdikləri gil qabın içərisində yanan neftlə işıqlandırmışdır. Bu hövzənin adı XV əsrdən müntəzəm olaraq Xəzər adlanmış, ilk xəritəsi isə 1616–17-ci illərdə çəkilmişdir. Xəzərin yeni və daha dəqiq xəritəsi 1717-ci ildə təshis olunmuşdur. XVIII əsrin 20-ci illərində İ. F. Soymonov tərəfindən Xəzərin tədqiqi aparılmış 1731-ci ildə hidrocoğrafi tərkibdə ümumi xəritəsini nəşr etdirmişdir. XIX əsrin II yarısında isə Xəzərin tədqiqində İ. V. Tokmaçev və M. İ. Voynoviçemin xüsusi xidmətləri olmuşdur. XIX əsrin əvvəllərində Kolodkin birinci dəfə sahillərin kompas şəklini hazırladı, əsrin ortalarında bu iş kontr-admiral İ. İvasintsevin rəhbərliyi altında davam etdirildi. 1856-cı illərədək ekspedisiya işi davam etdirildi, 1874-cü ildə bu ekspedisiyaların nəticəsində iki cildlik Həştərxan-Bakı-Aşurada haqqında "qısa hidrocoğrafi təsvir və Xəzər dənizində üzməyə rəhbərlik" adlı bütöv atlas nəşr olundu. XIX əsrdə P. S. Kollas, K. M. Ber, Q. V. Abix, E. X. Lents, N. İ. Andrusov və digərləri Xəzərin təbii şəraitinin öyrənilməsi sahəsində müəyyən işlər görmüş, bu işdə Bakı gömrüyünün və Xəzərdəniz hidrometroloji idarəsinin əməkdaşlarının çox böyük xidmətləri olmuşdur. İ. M. Knipoviçin rəhbərlik etdiyi ekspedisiya 1904, 1912, 1915-ci illərdə Xəzərdə müxtəlif işlər görmüşdür. XX əsrin əvvəllərindən başlayaraq sovet geoloqları İ. M. Qubkin, B. A. Appolov, K. P. Voskresenki, II dünya müharibəsindən sonra bu işdə Azərbaycanlı mütəxəssislər K. K. Gül, E. M. Şıxlınski, A. Q. Qasımov, M. İ. Abakorov, A. İ. Xəlilov və başqaları Xəzər haqqında çox dəyərli tədqiqatlar aparmışlar. Azərbaycanlı alimlər əsasən Xəzərin tədqiqatına 1947-ci ildən başlamışlar. XVIII əsrdən etibarən mühüm iqtisadi-siyasi əhəmiyyətə malik olan, öz təbii sərvəti ilə məşhur Xəzər dənizi rusların diqqət mərkəzində olmuş, XIX əsrin 30-cu illərindən isə Azərbaycanın işğalından sonra bu hövzədən Rusiya və İran sərbəst şəkildə istifadə etmişlər. XIX əsrin sonlarından başlayaraq Xəzərin geoloji tarixi, neft qaz yataqları, bioloji şəraiti və s. tədqiqatlar bilavasitə azərbaycanlı mütəxəssislərin mühüm xidmətləri sahəsində aşkar olunmuşdur. Bu dövrdən etibarən Xəzərdə ağalıq uğrunda iki dövlətin Rusiya və İranın mübarizəsi daha səciyyəvidir ki, SSRİ dağılanadək burada bir çox maraqlı məqamlar diqqəti cəlb edir.
Müasir Xəzərin şimal-cənub uzunluğu təqribən 1200 km, orta eni 320 km, sahil xətttinin uzunluğu 6,5 min km (o cümlədən, 800 km-i Azərbaycanın ərazisində), sahəsi 370 min kv km. (1929-cu ildə isə sahəsi 422 min kv km- olmuşdur), dünya okeanı səviyyəsindən 28 metr aşağıdır. Son 160 illik tarixində Xəzərin səviyyəsi 25,2 m. (1882) — 29,0 m. (1977) arasında tərəddüd etmiş, səviyyənin enməsi 3,8 m, son 100 ildə isə 3,2 m. olmuşdur. 1975–95-ci illər ərzində Xəzərdə su səviyyəsinin qalxması nəticəsində 12,5 min km² ərazi su altında qalmışdır. Bu zaman Azərbaycanda 48450 ha. sahəni su basmış, 2 milyard dollar ziyan dəymişdir. Bakı buxtasında suyun altında qalmış Karvansara adasına, Lənkəranda su altında qalmış meşə qalığına əsasən belə nəticəyə gəlmək olar ki, hətta XII–XIII əsrlərdə Xəzərin səviyyəsi bu günkündən çox aşağı olmuşdur. 1320-ci ildə isə Xəzərin qərb sahilində tapılmış Marino-Sanuto xəritəsində belə bir yazı vardır: "Dəniz hər il bir ovuc içi qalxır və bir neçə yaxşı şəhərləri basmışdır". Göründüyü kimi haqqında danışdığımız Xəzər çox geniş bir tarixə malikdir. Bu tarix onun əsrlərlə, minilliklərlə bölgədəki mühüm əhəmiyyətindən xəbər verir, lakin XIX əsrin ortalarından başlayaraq sənayedə daha mütəşəkkil rol oynayan neft region dövlətlərinin diqqətini kəskin şəkildə Xəzərə yönəltmişdir. Əsrlərlə Rusiyanın Qafqazda apardığı mübarizələrin əsasında elə Xəzər kimi böyük hövzəsinin sərvətlərinə sahib olmaq dururdu. Buna görə də son 150 il Xəzər tarixində daha maraqlı məqamlarla zəngindir. Bu dövr ərzində dənizin Azərbaycan hissəsində 432 milyon ton neft, 318 milyard kubmetr qaz hasil edilmiş, 26 böyük yataqlar kəşf edilmişdir. Məhz dünya praktikasında ilk dəfə olaraq 1798–1830-cu illərdə dənizdə Xəzərin buxtasında qazılmış quyulardan neft çıxarılmışdır. 1872-ci ildən başlayaraq Avropanın neft nəhəngləri bölgədəki neft sahələrinə böyük maraq göstərmiş, 1873-cü ildə Robert Nobel (1829–1896) Abşeron, Xəzər neft yataqlarının istifadəsinə və ağ neft fabrikinin tikintisinə qardaşları Lüdviq və Alfred ilə birlikdə 25 min rubl sərf etmişdir. Həmin qardaşlar 1879-cu ildə neft şirkəti yaratmışlar. 1877-ci ildə L. Nobelin sifarişi ilə dünyada ilk neft gəmisi tikilib istifadəyə verilmişdir. "Zaratustra" adlanan dünyanın ən iri tankeri 40 ilə yaxın Xəzər dənizində işlədi. Xəzər neftinə daha sonra Rotşildlər maraq göstərmiş, öz fəaliyyət dairəsinə görə 2-ci yerə çıxmışlar. Sovet hakimiyyəti illərində də Xəzər nefti məşhurluğu ilə yanaşı, Moskvanın diqtəsi ilə güclü istismar olunmuş, həm də burada tətbiq olunmuş texnikanın səviyyəsi getdikcə yüksəlmişdir. İlk dəfə olaraq 1949-cu ildə sənaye üsulu ilə neftin istehsal edilməsinə Xəzər dənizində başlanmışdır. Ötən 50 il ərzində Xəzər nefti Sovet Rusiyasının güclü gəlir mənbəyi olmuşdur. XX əsrin 70-ci illərində Xəzərin tədqiqi ilə məşğul olan görkəmli azərbaycanlı coğrafiyaşünas alim Q. M. Gül bu haqda yazırdı: "Xəzərin sərvətləri müxtəlif və rəngarəngdir. Dünya durduqca Xəzər bəşəriyyətə xidmət edə, ona bol ruzi verə bilər. Bunun üçün onun təbii sərvətlərindən, iqtisadi imkanlarından ağıl və zəka ilə zamanın tələblərinə uyğun səmərəli istifadə yolları müəyyən edilməlidir", lakin 90-cı illərdə baş vermiş ictimai-siyasi proseslər Xəzərin tarixində əsaslı dönüş yaradaraq əvvəllər keçmiş SSRİ-nin İranla bağladığı 10-dan artıq müxtəlif müqavilələr əsasında istismar praktikasını kölgədə qoymuşdur. Artıq regionda beş müstəqil dövlətin mövcudluğu onların xarici siyasətində "Xəzərdən yeni istifadəni" meydana çıxarmış, bu beynəlxalq əhəmiyyətli mövzuya çevrilmişdir.[4]
SSRİ dağılandan bəri 5 sahil dövləti Xəzərin zəngin ehtiyatlarının necə bölünməsi üstə mübahisəni həll olunmayıb.[5] 2015-ci ilin sentyabrın 29-da Həştərxanda görüşən 5 sahil ölkəsinin prezidenti Xəzərlə bağlı yekun razılaşmanın yenə də bir sonrakı dəfəyə qaldığını elan etdilər.[5]
Hazırda Xəzər dənizi dünyada ən böyük göl hesab olunur. Xəzər dənizinin sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44%-nə bərabərdir. 2001-ci ilin ölçmələrinə əsasən, Xəzərin suyunun səviyyəsi dünya okeanının səviyyəsindən 28 metr aşağıdadır. Xəzər dənizinin səthinin sahəsi 370 000 km²-dən çoxdur, bu göstərici daim olaraq dəyişir. Dənizin sahəsinin dəyişmə diapazonu 10%-lə 20% arasındadır. Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında əsas yeri Volqa çayı tutur. Xəzərə çaylardan tökülən su kütləsinin 90%-i üç çayın payına düşür. Volqa (80%), Kür (6%) və Ural çayı (5%). Terek, Sulakçay, Samurçay çayları ümumilikdə Xəzərə tökülən suyun 5%-ni, yerdə qalan suyu isə İranın xırda çayları gətirir. Xəzər dənizinin şərq sahilindən heç bir çay dənizə tökülmür.
Aşağıdakı cədvəldə Xəzər dənizi əsviyyəsinin və sahəsinin XX əsrin əvvəlindən sonuna kimi dəyişilməsi göstəriciləri verilib:
İllər | Səviyyə (metrlə, Baltik dənizi səviyyəsi ilə müqayisədə) | Sahəsi (min km²) |
---|---|---|
1910 | -26,30 | 405,5 |
1920 | -27,80 | 389,0 |
1930 | -27,10 | 398,5 |
1940 | -28,09 | 379,0 |
1950 | -27,93 | 376,5 |
1960 | -27,81 | 374,1 |
1970 | -27,73 | 374,0 |
1980 | -27,57 | 371,6 |
1990 | -27,44 | 386,0 |
Xəzərdə təqribən 200-dək ada var. Onların Azərbaycana məxsus (Pirallahı, Tava, Səngi Muğan, Kür daşı, Qarasu, Xərə Zirə, Gil adası,Sualtı adalar qövsü, Çilov, Daş adalar qövsü, Qutan, Kicik Tava, Böyük Tava, Qu, Sarı, Urunus, Dardanel, Baburi, Tava altı, Koltiş, Yal, Böyük Zirə, Qum, Xanlar, Karvansara adaları daxildir ümumilikdə 50-yə yaxındır.
Xəzər dənizinin ərazisində irili-xırdalı 130-dək bura tökülən çay vardır. Bunlardan dənizə ən çox su gətirəni Volqa çayıdır. Bunlardan bir neçəsi Terek, Ural, Kür, Qusarçay, Qudyalçay, Vəlvələçay, Sumqayıtçay, Viləş çayı, Lənkəran çayı və Astara çayıdır
Xəzər dənizinin sahillərində yağıntı qeyri bərabər paylanmışdır. Ən çox yağıntı dənizin cənub-qərb sahillərinə düşür ki, onun da il ərzində miqdarı 1700 mm bərabərdir. Dənizin cənub hissəsinə də kifayət qədər (700 mm) yağıntı düşür. Dənizin şimal və şərq sahilləri yağıntıların az düşməsi ilə seçilirlər. Şərq sahilinin cənub və orta hissələrində il ərzində 100 mm-ə qədər, şimal hissəsinə isə 100–200 mm-ə qədər yağıntı düşür. Orta Xəzərin qərb sahillərinə isə il ərzində 200–400 mm-ə qədər yağıntı düşür.
Dənizin şimal rayonlarında noyabr-mart aylarında, cənub rayonlarında isə dekabr-fevral aylarında qar yağır.
Xəzər dənizində axınların yaranmasına səbəb olan amillər əsasən küləklər, dəniz dibinin relyefi, sahil xəttinin konfiqurasiyası, dənizin müxtəlif sahələrinin suyunun temperatur fərqi , dənizə tökülən çaylar (əsasən Volqa çayının təsiri böyükdür). Uzun müddət aparılan tədqiqatlara əsaslanaraq demək olar ki, əsas başlıca həlledici təsir edən faktor küləkdir. Xəzər dənizinin axınlarının sxemini ilk dəfə N. M. Knipoviç 1921-ci ildə vermişdir. Bu sxemdə Orta Xəzər və Cənubi Xəzərdə suyun dövranı göstərilmişdir. Volqa çayından gələn suyun bir hissəsi Şimali Qərb istiqaməti ilə Orta Xəzərə axır, o biri hissəsi isə Şimali Şərq istiqamətində hərəkət edərək antisiklonik su dövranını yaradır. 1956-cı ildən başlayaraq Azərbaycan. SSR. Elmlər Akademiyasının "Baku", "Mir — Qasımov" elmi tədqiqat gəmilər ində mütamadi olaraq Xəzər dənizində axınların sürəti ölçülmüşdür. Qış — yaz aylarında bir siklonik su dövranı Orta Xəzəri iki antisiklonik su dövranı Cənubi Xəzərdə müşahidə edilir. Yayda intensivlik qışa nisbətən dahada yüksək olur. Yayda sirkulyasiya suyun səthində gedir və termoklin ərazisində vertikal sürət artır. Qışda dənizin dərin hissələrindən başla yaraq sürət azalır. Səthdə sürət 10–20 sm/s, 100–150 metr horizontda isə 35 sm/s olur.
Xəzər dənizi sularının şəffaflığı suyun rəngi, dənizə axan çaylar, temperatur, dalğalanma, dibin tərkibi, ilin fəsli və coğrafi şəraitlə təyin olunur. Xəzər dənizinin sularının şəffaflığı ilin fəsli və coğrafi rayondan aslı olaraq dəyişir. Yanvar ayında dənizin şimal hissəsi buzla örtülüdür. Bu zaman dənizin qərb hissəsində 5 metr dərinliyə uyğun şəffaflıq izoxətti sahildən 50–100 km aralı keçir. Abşeron yarımadası rayonunda və Kürün mənsəbində bu xətt sahilə yaxınlaşır. İran şelfinin ən cənub hissəsi bütövlükdə 5 metrlik izoxəttə düşür və şəffaflığın artması müşahidə olunur. İran şelfinin cənubi-şərqindən Türkmənbaşı şəhərinə qədər şəffafliq minimaldır(2,5 m). Ümumiyyətlə şərq sahilində 5 metrlik izoxətt sahilə yaxındır, yəni nisbətən yüksək şəffaflıq müşahidə olunur. Dənizin dərin hissələrində, Lənkəran və Dərbənd çökəkliklərində, şəffaflığın qiyməti 15 metrə yaxındır. Apreldə, Şimali Xəzərdə, Volqa çayının buzları əridiyindən dənizin suları bulanlıqdır və şəffaflıq aşağıdır (2m-2,4m aşağı). Qərb sahilində 5 metrlik izoxətt sahilə yaxınlaşır, suların şəffaflığı artır. Cənub və şərq şelfinin sularında hər yerdə şəffaflıq 5 metrdən yuxarıdır. Yanvar ayında Dərbənd çökəkliyində mövcud olan yüksək şəffaflıq (15 m) zonası apreldə yox olur və öz yerini şəffaflığın 10 metrlik izoxəttinə verir. Eyni zamanda Cənubi Xəzərdə şəffaflıq 15 metrə qədər artır. Iyulda suların şəffaflığı artır, Cənubi Xəzərdə şəffaflığın 20 metrə çatdığı sahələr yaranır. Noyabrda suların şəffaflığı azalır, 20 metr şəffaflığa malik olan zonalar yox olur, qərb sahillərində şəffaflıq 1–2 metr aşağı düşür. Minimal şəffaflıq qərb sahilində, Samur, Kür, və sair çayların dənizə axdığı yerlərdə müşahidə olunur. Dənizin mərkəzi hissəsində şəffaflıq 10–15 metr tərtibindədir. Onun 21 metrə yaxın maksimal qiyməti isə yay fəslinə düşür və Cənubi Xəzərdə qeydə alınır. Bütün fəsillərdə, bir qayda olaraq, qərb hissələrin sularının şəffaflığı şərq hissələrinə əsasən aşağıdır.
Xəzər dənizinin suyu okean mənşəlidir, dəniz qədim dövrdə okeanla birləşmiş, Aralıq, Qara və Azov dənizləri ilə birlikdə Para Tetis dənizinin tərkibində olmuşdur. Xəzər dənizinin əlahiddə su hövzəsi kimi yaşı 3–5 milyon il hesab edilir. Xəzər dənizinin suyunun orta duzluğu 12,85 ‰ (promil) təşkil edir (okean suyunun orta duzluğu 35 ‰ — dir). Duzluğun aşağı olması dənizin qapalı olması və çay axımlarının böyük olması ilə əlaqədardır. Xəzər suyunda okean sularına nisbətən karbonat və sulfatların miqdarı çox, xloridlərin miqdarı isə azdır. Şimali Xəzərdə duzluq çay mənsəblərdə 0,1 ‰ — dən Orta Xəzərin sərhədində 12 ‰ — ə, Cənubi Xəzərin şərq sahillərinə doğru isə 13,4 ‰ — ə qədər dəyişir. Ərazinin şimal- şərq və qərb sahilləri boyu daha durulu sular yerləşmişdir.
Xəzər dənizinin dərin hissələrində açıq dənizdə duzluğun orta qiyməti 12,8–12,9 ‰ təşkil edir. Dərinliyə doğru duzluq az dəyişir, təxminən 0,1–0,2 ‰ artır. Qışda Orta Xəzərdə duzluq şimal-qərbdə 11,0 ‰ — dən cənubi-şərqdə 13,4 ‰ — ə qədər artır. Yayda həm Orta, həm də Cənubi Xəzərdə (səthə) duzluq eyni olub, 12.8 −12,9 ‰ təşkil edir, lakin duzluq Orta Xəzərin şərq sahillərində və mərkəzi ərazilərdə 13 ‰ qiymətlərinə qədər artır. Xəzər dənizinin duzluğu şimalda, Volqa çayı hövzəsində, 0,3%-dir, ona görə də Şimali Xəzər tipik şirinsulu dəniz hövzəsi kimi qəbul olunur. Ancaq, cənuba doğru duzluq sürətlə artmağa başlayır və cəmi 100 km məsafədə onun qiyməti 10%-ə çatır. Dənizin qərb hissəsində duzluğun illik orta qiyməti 12.5, şərq hissəsində isə 13,0%-dir. Bəzi hallarda cənub-şərqdə duzluq 13,5%-ə çatır, Qara-Boğaz-Qol körfəzində isə 300%-dən çoxdur. Dənizin duzluğu da mövsümdən asılı olaraq dəyişir. Belə ki, qışda Xəzərin duzluğu artır, yayda isə nisbətən azalır. Buna səbəb qışda Xəzər sularını duruldan Volqa çayının qışda donması və sularının azalmasıdır.[6]
Dibin relyefi axınların istiqaməti və sürətinə əsaslı təsir göstərir. Dənizin dibinin relyefi üç əsas formada təzahür edir. Şelf, materik dayazlığı, (materik yamacı) və dəniz dibinin dərin çökəklik sahələri.
Xəzər dənizində şelf zonası sahildən başlayaraq təxminən 100 metr dərinlikdə qurtarır. Şelf zonasından sonra materik yamacı başlayır. Orta Xəzərdə bu zona 500–600 metr dərinliyində, Cənubi Xəzərdə isə 700–750 metrdə qurtarır. Xəzər dənizində iki dərin Dərbənd (788 m.) və Lənkəran (1025 m.), çökəklikləri qeydə alınmışdır.
Dənizin şimal hissəsi 44° paraleldən şimalda qalan ərazini əhatə edir. Bu rayonda dəniz dibinin relyefi akkumlyativ xarakterli dayazlıqla xarakterizə olunur. Rayonun şimal-qərb hissəsində Volqa çayının deltası, şimal-şərq hissəsində isə akkumlyativ mənşəli Çanbay, və Uknatıy adaları yerləşir. Volqanın eniş delta hissəsində Zuydev, Qalkin, Konev cənubda isə Çistaya və Balıqqulaqı bankası yerləşir. Şimali Xəzərin şərq sahilində yerləşən Buzoçi yarımadasının yaxınlığındakı eniş dayazlıqda isə Tulen adaları qrupu (Kulalı, Novıy, Balıqçı və s.) yerləşir. Şimali Xəzərdə şoxlu sayda adalar və bankalar yerləşmişdir.
Orta Xəzərin dib relyefi Şimali Xəzərin dib relyefindən fərqlidir. Xəzərin bu hissəsində şelf, materik yamacı və dərin Dərbənd şökəkliyi dəqiq seşilir. Orta Xəzərin qərb şelf hissəsi 60–100 metr dar sahəni əhatə edir. Orta Xəzərin şərq hissəsində şelf daha geniş sahəni tutur. Dərbənd şökəkliyinin materik yamacı dar və dikdir. Orta Xəzərin şimal və cənub şökəkliyinin dərinliyi Dərbənd çökəkliyinin dərinliyindən azdır. Orta Xəzər cənubi Xəzərdən Abşeron astanası ilə ayrılır. Abşeron astanasında orta dərinlik 198 metrdir. Ümumiyyətlə, cənub-qərbdən şimal-şərqə tərəf dayazlaşan orta Xəzər zonası şimalı Xəzərdən şox dərindir.
Cənubi Xəzərin dib relyefi şelf, materik yamacı, ən dərin çökəklikləri və sualtı yüksəklikləri ilə xarakterizə olunur. Qərb sahilinin şelf sahəsinin eni 43 km olub, dik qayalı bankalara, qumlu qrunta malik sahələrlə növbələşir. Şelfin şimal hissəsində düzən sahələr daha üstünlük təşkil edir. Cənub Xəzərin materik yamacı sahəsi dar, sərt pilləli şəkildə olması ilə xarekterizə olunur.
Coğrafi mövqeyinə görə Xəzər dənizi üzərində şimal-qərb, şimal və cənub-şərq küləkləri hökm sürür. Buna uyğun olaraq Xəzər dənizində şimal və şimal-qərbdən, cənub və cənub-şərqə və ya cənub-şərqdən şimal-qərbə və şimala doğru hərəkət edən dalğalar yaranır. Xəzər dənizinin böyük hissəsinə hakim olan şimal və şimal-qərb küləkləri Orta və Cənubi Xəzərdə daha intensiv qasırğalı dalğalar yaradır. Cənub-şərqdən gələn hava kütlələri Xəzərin şimal yarısında nisbətən güclü küləklər yaradır. Cənub-şərqdən daxil olan hava kütlələri Xəzərin şimal yarısında çox güclü küləklərin yaranmasına səbəb olur.
Dəniz üzərində zəif, sürəti v≈5,9 m/s olan şimal-qərb küləkləri əsdiyi zaman Orta və Cənubi Xəzərin 75% akvatoriyasında Abşeron yarımadasından 200–250 km şimala doğru hündürlüyü maksimum 1 m olan dalğalar müşahidə edilir. Sürəti 10–15 m/s olan küləklərin yaratdığı, hündürlüyü 1 m olan dalğalar Orta və Cənubi Xəzərin bütün rayonlarını əhatə edir.
Hündürlüyü maksimum yüksək olan dalğaların episentri Abşeron yarımadasından 70–90 km şimalda yerləşir.
Şimal-qərb və şimaldan əsən sürəti 16–20 m/s olan güclü qasırğa küləkləri dənizdə hündürlüyü 3 m və daha yüksək olan dalğalar yaradır və bu dalğalar Orta və Cənubi Xəzərin təxminən 80% akvatoriyasını əhatə edir. Yalnız Xəzərin cənub qutaracağında hündürlüyü 2 m-dən az olan dalğalara rast gəlinir. Şimal-qərb küləyi güclənərək 25 m/s və daha güclü olarsa qasırğa dalğalarının hündürlüyü episentrdə 7,5–7,8 m-ə çatır.
Cənub-şərqdən əsən güclü küləklər və qasırğalar, Şimali Xəzərin azsulu sahələrində dalğalar çox yüksək hündürklüyə çata bilmir. Ən intensiv güclü qasırğalarda belə hava kütlələrinin Xəzərin şimal-qərb hissəsinə axını güclənir.
Xəzər dənizi yer kürəsində küləkli dənizlərindən sayılır. Statistikaya görə bu dənizdə ilə 250 gün qasırğalı küləklər müşahidə olunur. Küləklərin sürət və istiqamətləri, əsasən, aşağadakı amillərlə müəyyən olunur: atmosferin ümumi dövranının xarakteri, küləyin özü tərəfindən yaranmış temperatur sahəsi və sahillərin relyefi. Atmosfetin yerə yaxın qatında külək öz qeyri-stabilliyi ilə fərqlənir. Bu da dənizin müxtəlif hissələrində atmosfer dövranlarının müxtəlifliyi ilə izah olunur. Külək rejiminin ümumi qanunauyğunluğuna görə dəniz üzərində şimal (ŞmQ, Şm, ŞmŞ) və cənubi-şərq rumblu küləklər üstünlük təşkil edirlər (Koşinski, 1964). Xəzər dənizində il boyunca şimal rumblu külək sahələrinin qərarlaşmasının orta ehtimalı 41%-dir, amma başqa mövsümlərə nisbətən yayda bu rəqəm bir qədər artır-48,7%. Təqribən onların yarısı şimali-qərb rumbulna düşür. Şimal rumblu küləklər Azor antisiklonunun qollarının cənub rayonlarına yayılması, Barens və Karsk, Skandinaviya antisiklonlarının hərəkəti və həm də, sonradan şimali-şərq istiqamətində hərəkət edib Orta Asiyanın qərb rayonlarında daxil olan, Cənubi Xəzər antisiklonunun aktivləşməsi zamanı müşahidə olunur. Cənubi-şərq küləkləri ildə orta hesabla 35,9% təşkil edir. Onlar ən çox qışda, Qazaxıstan və Orta Asiyanın rayonları üzərində qərarlaşmış antisiklon yarananda müşahidə olunur (41,3%). Bu antisiklon hava kütlələrinin cənub-şərq istiqamətində daşınmasına əlverişli şərait yaradır. Xəzər dənizi üzərində əsən külək tiplərindən ən davamlısı cənubi-şərqi küləklərdir. Dəniz akvatoriyası hüdudlarında küləyin orta illik sürəti 4–6 sm/san tərtibindədir.
Xəzər dənizində hidrometeoroloji fəlakət hadisələrinə gücü v≥30 m/san olan küləklər, hündürlüyü h≥8 m olan dalğalar, dəniz səviyyəsinin təhlükə həddindən aşağı və yuxarı tərəddüdləri, buzlaşma hadisələri və buz dreyfləri aiddir.
Xəzər dənizində qasırğa yaradan küləklər şimal-qərb, şimal və cənub-şərq küləkləri hesab edilir. Oroqrafiyasına və burunlarla zəngin olduğuna görə Abşeron yarımadasının rayonları, Xəzərin başqa rayonlarına nisbətən qasırğaların təsirinə daha çox məruz qalır. Hər il bu rayonlarda sürəti 25 m/s və daha güclü küləklər əsir.
Sürəti daha çox — 42–44 m/s olan küləklər Xəzərin qərb hissəsində müşahidə edilir, güclü qasırğaların təkrarlanması nisbətən çox olur. Cənub-şərq qasırğaları Xəzərin Mahaçkala-Dərbənd rayonları üçün xarakterikdir.
Çox güclü və uzun müddət davam edən şimal küləkləri əsən zaman Neft Daşları rayonunda parametrləri bütün Xəzər üçün son hədd hesab edilən çox güclü dalğalar yaranır. Hesablamalara görə bu akvatoriyada 50 ildə bir dəfə dalğaların hündürlüyü 17 m-ə çatır. Cənubi Xəzərdə hündürlüyü 15 m olan dalğaların təkrarlanması 50 ildən bir baş verir.
Güclü qabarma-çəkilmələr əsasən Şimali Xəzərə aiddir və əsasən payız, qış aylarında baş verir, yaz mövsümündə isə 1–2 dəfə təkrarlanır. Cənubi Xəzərdə çox da böyük olmayan sahələri qeyd etmək olar ki, sahilləri müəyyən qədər su altında qalır və bu su basmış sahələr bir neçə km-ə qədər çata bilir.
Buzlaşma hadisələri xalq təsərrüfatının bir çox sahələrinə ciddi təhlükə yaradır. Xüsusilə Şimali Xəzərdən Orta Xəzərin qərb sahilləri boyunca hərəkət edən buz dreyfləri cənub sahillərində 1928–29, 1949–50, 1953–54, 1968–69 və 1971–72-ci illərdə qışın çox soyuq və sərt keçməsi zamanı müşahidə edilmişdir.
Xəzər dənizinin temperatur rejimi müxtəlifdir. Havanın orta aylıq temperaturu dənizin şimal-şərqində 7–8 °C, cənub hissəsində isə 15–17 °C — aralarında dəyişir. Ən çox temperatur fərqi qış aylarında olur ki, bu, da 16 °C -yə, yayda isə 3–4 °C -yə bərabər olur. Bütün dəniz üzrə havanın temperaturu payızda yaza nisbətən isti olur.
Xəzərin şimal hissəsində qış mövsümündə havanın orta aylıq temperaturu 5–6 °C -yə, qərb sahilində isə 8 −10 °C arasında olur. Yazda havanın temperaturu tez yüksəlir və yazın axırında 16–18 °C -yə çatır. Yay aylarında havanın orta aylıq temperaturu 23–26 °C-ə, payızda isə 9 −12 °C-ə aralarında olur. Dənizin orta hissəsinin şimal-şərq sahilində havanın orta aylıq temperaturu yanvar ayında 3–4 °C -yə, qalan rayonlarında isə 0 °C -yə yaxın olur. Qərb sahilinin əksər hissəsində isə temperatur müsbət olur. Nadir hallarda qərb sahilində güclü şaxta müşahidə olunur.
Dənizin cənub hissəsində gəldikdə isə qışda havanın orta temperaturu 0 °C-dən yüksək olur. Yay çox isti olur. Xüsusi ilə şərq sahilində havanın orta aylıq temperaturu 26–29 °C -yə çatır. Qərb sahilində isə bu aylarda orta temperatur 23–25 °C-ə olur. Payızın əvvəlində və axırında isə havanın orta aylıq temperaturu uyğun olaraq 22–24 °C- və 11–13 °C -yə bərabər olur. Dənizin cənubunda isə hətta yanvar ayında belə temperatur 5–6 °C -ə olur.
Xəzər dənizi qapalı su hövzəsi olduğundan o, özünün xüsusi hidroloji rejiminə malikdir. Bu rejimin özünəməxsusluğu bir sıra amillər təyin edir ki, onlarında əsasları bunlardır; çay axını, iqlim şəraiti, dənizin dərinliyi, və dib relyefi, eyni zamanda sahilin fiziki-coğrafi xüsusiyyəti. Çay axını dənizdə, xüsusəndə onun sahil zonalarında, temperaturun paylanma xarakterinə, suyun duzluluğuna və sıxlığına böyük təsir göstərir. Bu cür təsir özünü daha qabarıq şəkildə dənizin şimal-qərb sahilində, Volqa çayının mənsəb hissəsində göstərir. Bu təsirin nəticəsində oradakı dəniz suyu ilə açıq dəniz suyunun hidroloji elementləri arasında kəskin fərq mövcuddur. Dənizin hidroloji rejiminə rayonun iqlim şəraiti də böyük təsir göstərir. Yayın aydın və isti günlərində su müəyyən dərinliyə qədər qızır ki, bu da sıxlığın dəyişmə xarakterinə öz təsirini göstərir.
Dənizin dərinliyinin və dib relyefinin də hidroloji rejimin dəyişməsində böyük rolu vardır. Yayda, dənizin dərin yerlərində su istilik yığır ki, bu da qışda, suda temparaturun paylanmasına öz təsirini göstərir. Dib relyefi isə dənizin axın rejiminə təsir edir.
Xəzər dənizin şimal hissəsi hər il hərəkətsiz, möhkəm buzlarla örtülür. Bəzi çox soyuq keçən qış mövsümlərində, Orta Xəzərin qərb və şərq sahilləri də buz qatı ilə örtülür. Bu, əsasən körfəz və buxtalarda müşahidə edilir. Orta Xəzərin qərb sahillərinin buzlaşma ehtimalı Mahaçkalada 72–74%, Sumqayıtda 20% qədər mümkündür. Nadir hallarda, çox soyuq keçən qış aylarında hətta Cənubi Xəzərin də buz bağlamasına rast gəlinir. Ekstremal soyuq qış şəraitində üzən ağır buzların Xəzərin şimalından Abşeron sahillərinə üzüb gəlməsi müşahidə edilir. Bu, aşağıdakı şəraiıtdə mümkün olur: Xəzərin şimal hissəsi çox möhkəm buz bağlayır, şimal-şərq və şərq istiqamətdə əsən çox güclü küləklərin olması lazımdır ki, dərinliklərə təsir edib onları yerindən tərpədə bilsin; Xəzərin qərb sahillərində çox güclü şimal-qərb küləklərinin əsməsi, eyni zamanda Orta və Cənubi Xəzərdə havanın və suyun temperaturunun aşağı olması şəraitində mümkündür. Belə şəraitin yaranması soyuq arktik hava kütlələrinin Xəzərin dərin qatlarına təsiri nəticəsində mümkündür. Şimaldan üzüb gələn ağır, böyük buz kütlələri çox böyük dağıdıcı təsirə malik olur ki, bu da çox vaxt estakadaların və özüllərin zədələnməsinə və bəzən tamamilə dağılmasına səbə olur. Onlar dənizlə əlaqəli olan xalq təsərrüfatı sahələrinə çox ciddi təhlükə yaradır və zərər vurur.
Xəzər dənizində palçıq vulkanları Cənub Xəzər hövzəsində daha geniş yayılmışdır. Bu hövzədə 500 — ə qədər palçıq vulkanları aşkar edilmişdir. Onların xeyli hissəsi (169 — dan) cox Cənubi Xəzərin akvatoriyasına düşür. Dənizdə palçıq vulkanları ayrıca adalar, saylar və sualtı hündürlüklər şəklində özünü göstərir. Əsasən kiçik dərinliklərin 100 m — ə yaxın hüdudlarında yerləşirlər. Püskürmədən yaranmış adaların bəziləri bir müddətdən sonradəniz suları ilə yuyulurlar.(Buzovna sopkasında 2001 — ildə püskürmüş vulkanı misal göstərmək olar). Vulkanların püskürmə tezliyi müxtəlifdir. Ən çox püskürən Lökbatan vulkanıdır — 21 dəfə. Dənizdə çirkab vulkanların püskürməsi dəniz və adadakı hidrotexniki qurğular, boru kəmərləri üçün təhlükə yaradır. Çox zaman səthə çıxan qaz yanmağa başlayır. 1932-ci il aprel ayının 11 — də Səngi — Muğan adasında vulkanın püskürməsi nəticəsində atılmlş qazın alovunun hündürlüyu 60 m — ə çatmışdır
Xəzərin müasir problemləri arasında onun ekoloji vəziyyəti, səviyyəsinin dəyişməsi və statusu məsələləri mühüm yer tutur.
Xəzər dənizinin Azərbaycan Respublikasında bir sıra ekoloji problemləri mövcuddur.[1]
Xəzərin çirklənmə səbəbləri müxtəlifdir: Xəzərə axan çaylar vasitəsilə gələn çirkləndiricilər Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən gələn çirkləndiricilər
Bu çirkləndirici mənbələr içərisində birinci yeri Xəzərə axan çaylar tutur ki, bununda çox hissəsi Volqa çayının payına düşür. Azərbaycan Respublikası ərazisindən Xəzər dənizinə bir çox irili-xırdalı çaylar axır ki, bu çaylardan Qudyalçay, Sumqayıtçay, Viləşçay və Lənkərançay qismən məişət-fekal tullantı suları ilə çirkləndirilir, Kür çayı isə Gürcüstan Respublikası ərazisində çirkləndirilərək (Tiflis şəhərinin bütün tullantı suları bu çaya axıdılır) Respublika ərazisinə daxil olur, eyni zamanda Sabirabad rayonu ərazisində isə Ermənistan Respublikası ərazisində çirkləndirilərək Kür çayına qovuşan Araz çayı vasitəsilə bir qədər də çirkləndirilir. Xəzər dənizinin çirklənməsinin digər səbəbidə təbii axarların yaxınlığında və sahil zolağında fəaliyyət göstərən müəssisə və obyektlərdə formalaşan tullantıların düzgün idarə olunmamasıdır. Bunun nəticəsində Xəzər dənizi antropogen təsirə məruz qalır və su mühitində yaşayan canlı orqanizmlərin məhvinə səbəb olur. Xəzər dənizində çirklənmələrin əsas səbəblərindən biri də sahil zolağında, çimərliklərdə neft ləkələrinin qeydə alınması iri sənaye müəssisələrində təmizləyici qurğuların effektli işləməməsi və üzən vasitəsələrdə (gəmilərdə) döşəməaltı sularının dənizə atılmasıdır. Xəzər dənizinin neftlə çirklənmənsinin qarşısını alınması üçün aşağıdakılar vacibdir:
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik bir sıra dövlətdaxili normativ aktlar qəbul olunmuşdur. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dənizin ekoloji təhlükəsizliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2001-ci ildə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi yaradılmışdır. İdarə Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını, Nazirliyin Əsasnaməsini, əmr və sərəncamlarını, ratifikasiya edilmiş Beynəlxalq müqavilə, saziş və konvensiyaları rəhbər tutaraq Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan-cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqin keçirilməsini təşkil edir və onu həyata keçirir. Monitorinqin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay, və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk, və s.) tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək, məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.[7]
AR Prezidentinin 28 sentyabr 2006-cı il Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün Kompleks Tədbirlər Planı"ndan irəli gələn ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Bakı Beynəlxalq Hava limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün AR Prezidentinin göstərişinə əsasən maliyyə vəsaitlərinin ayrılması bu problemlərin vaxtında həll edilməsini reallaşdırmağa xidmət etmişdir. Xəzər dənizinin ətraf mühitinin mühafizəsi istiqamətində gündə 7 900 kub metr çirkab su təmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya qurulmuşdur. Dənizə antropogen təsir göstərən bütün axarlar inventarlaşdırılmış, xəritələşdirilmiş və problemin həlli üzrə ciddi tədbirlər görülür.
Belə ki, Bakı şəhəri ərazisində Buzovna qəsəbəsində layihə gücü 10 min m3, Şüvəlan qəsəbəsində layihə gücü 18 min m3 bioloji təmizləmə qurğuları tikilib istismara verilmiş. Hövsan Aerasiya Stansiyası rekonstruksiya edilərək gün ərzində 200 min m3 gücə malik yeni bioloji təmizləmə qurğuları tikilərək layihə gücü 600 min m3/gün-dən 800 min m3/gün-ə çatdırılmışdır. Sumqayıt şəhərində layihə gücü 200 min m3/gün olan yeni bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir. Bundan başqa dənizdə fəaliyyət göstərən neftqazçıxarma müəssisələrində "28 May" adına NQÇİ-də Cilov adasında Layihə gücü 300 m³/gün," Neft Daşlarında" isə layihə gücü 500 m³/ gün olan bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir. "Azərikimya" İB-nin struktur bölmələrində əmələ gələn çirkab suların təmizlənməsi məqsədilə ümumi sahəsi 2 ha ərazini əhatə edən yeni Təmizləyici Qurğu tikilib istismara verilmişdir. "Azərikimya" İB-nin struktur bölmələrində əmələ gələn sənaye və məişət tullantı sularının (məişət tullantı suları ~300 m³/gün, kimyəvi tullantı suları ~1700 m³/gün) təmizlənməsi həyata keçirilir.
Xəzər dənizinə antropogen təsir göstərən axarların (mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə) qarşısının alınması və təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilmişdir. İstismara verilmiş qurğulara idarənin əməkdaşları tərəfindən vaxtaşırı monitorinq nəzarəti həyata keçirilir. Belə ki, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi olaraq təhlillər aparılır. Hər il avqust ayının 12-si Xəzər günü və sentyabr ayının son həftəsi «Beynəlxalq Dəniz Günü» ilə əlaqədar olaraq 25 – 30 sentyabr tarixlərində Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin keçirilməsi, o cümlədən yerlərdə dəyirmi masalarda müzakirələr aparılır, sahil boyu ərazilərdə iməciliklər təşkil olunur. Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə dövlət hesab oluna bilər. Bu tədbirlərin məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir. Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi sahəsində keçirilən monitorinqlər[8]
Xəzər dənizində ekoloji problemlərin vaxtında aşkar olunması və aradan qaldırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan-cənubadək 955 km-lik sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqin keçirilməsini təşkil edir və onu həyata keçirir. Monitorinqlər zamanı dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay, və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk) tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edilir, məlumat toplanılır, təsirin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Monitorinq nöqtələrindən götürülmüş nümunələr Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin laboratoriyalarına təhvil verilir. Laboratoriyada monitorinqlər nəticəsində götürülmüş su, dib çöküntüsü, şlam və qazma məhlulu nümunələri üzərində analitik, bioloji, ekotoksikoloji və mikrobioloji təhlillər aparılır:
Paleocoğrafi, arxeoloji və tarixi məlumatlara görə son 3 min ildə Xəzərin səviyyəsinin dəyişmə amplitudu 15 metrə yaxın olmuşdur. Bu sahədə aparılan müşahidələrin əsasını 1837-ci ildə Bakıda E. Lents qoymuşdur. Müşahidələr dövründə qeydə alınmış ən yüksək səviyyə (-25.2 metr) 1882-ci ildə, ən aşağı (-29.0 metr) səviyyə isə 1977-ci ildə qeydə alınmışdır.1978–1995-ci illərdə səviyyə 2.5 metr qalxmışdır. Səviyyənin dəyişməsi iqlim, geoloji və antropogen amillərlə əlaqələndirilir. İqlim amili öz təsirini Xəzərin su balansının gəlir(dənizə axan çayların suları və dənizə düşən yağıntılar)və çıxar (səthdən buxarlanma) fərqində göstərir. Balansın pozulması səviyyənin dəyişməsi ilə nəticələnir, yəni çay suları və yağıntının miqdarı səthdən buxarlanmadan çox olduğu halda səviyyə qalxır və əksinə. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində mənfi dəyişikliklər baş verir. Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi vəziyyətinə külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir,bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır.1978–1995-ci illərdə səviyyənin qalxmasından Azərbaycana dəyən ziyanın miqdarı təqribən 2 milyard dollar təşkil etmişdir.[9][9]
1978–95-ci illərdə Xəzərin səviyyəsi 2,5 metr qalxmışdı, xeyli ərazi suyun altında qalmışdı. Təxmini hesablamalara görə, təsərrüfatlara 2 milyard manat ziyan dəymişdi. Sonra isə bu səviyyə stabilləşdi və suyun altında qalan ərazilər yenidən üzə çıxdı. Xəzərin səviyyəsi 10–15 ildən bir aşağı düşə bilər. Araşdırmalara görə, 250 il Xəzərdə enmə olur, sonra isə suyun səviyyəsi qalxır. 4 min il ərazində Xəzərlə bağlı 8 belə dövr müəyyən olunub. Sonuncu dəfə qalxma 1800-cü ildə baş verib. 1810–1820-ci illərdən sonra suyun səviyyəsi enməyə başlayıb. Növbəti 25 il ərzində, təxminən 2050-ci ilə qədər Xəzər dənizinin səviyyəsinin enməsi proqnozlaşdırılır
Rusiya Hidrometeorologiya Mərkəzinin və Xəzər dənizi Araşdırmaları Mərkəzinin mütəxəssisləri belə iddia ilə çıxış ediblər ki, 2019-cu ilin dekabr ayına qədər Xəzər dənizində suyun səviyyəsi daha 15 santimetr azalacaq. Əgər bu proqnoz təsdiqini taparsa, Xəzər dənizi il ərzində 60 kub kilometr su itirə bilər. Bu da balıq populyasiyalarının azalmasını qaçılmaz edir. Elm adamları suyun səviyyəsinin enməsini 2019-cu il yaz aylarının çox isti keçməsi ilə əlaqələndirirlər.[10]
Vaxtilə Xəzər dənizi SSRİ ilə İran arasında bölünmüş və sərhəd Astara-Həsənqulu xətti boyunca müəyyənləşdirilmişdir.1991-ci ildə SSRİ-nin süqutundan müttəfiq respublikalar, o cümlədən Azərbaycan Respublikası müstəqillik əldə edərək öz ərazi suları ilə birlikdə BMT-yə və digər beynəlxalq qurumlara daxil olmuşdur.
|
Xəzər dənizi böyük həcmdə hidrokarbon ehtiyatlara malikdir. Müxtəlif hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır. Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həm də ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır.
1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsernləri ilə bağlanan müqavilə "əsrin müqaviləsi" adlanır. Abşeron yarımadasından şərqdə, neftlə zəngin bölgədə dənizin 100 m dərinliyindən metal bünövrələrin üstündə 100-dən çox süni adacıqlar təşkil olunub estakadalar düzəldilmişdir. Estakadaların ümumi uzunluğu 400 km-dən çoxdur. Estakadaların üstündə çoxmərtəbəli yaşayış evləri və ictimai binaları olan "Neft daşları" şəhəri yaradılmışdır. Hal-hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın isə 95 %-i Xəzərdən çıxarılır.
Xəzərin qumlu çimərlikləri əhalinin sevimli istirahət yeridir. Xəzərin zümrüd suyu, "qızıl" qumu, ultrabənövşəyi günəş şüaları yay aylarında turistləri cəlb edir.
Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda Qızılağac, Rusiyada Həştərxan, Türkmənistanda — Xəzər . Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır. Xəzərdə onurğalıların 79 növü mövcuddur. Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər dənizinidə, nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var.
Xəzər dənizində yaşayan balıqların siyahısında 101 müxtəlif balıq növü və forması yaşayır. Bunlara nərəkimi balıqlardan olan 5m-lik nəhəng bölgədən tutmuş 45 mm uzunluqda olan hirkanobus xul balığı da daxildir. Burada bəzi növlərin sayı milyon və milyardlarla hesablanır: siyənəkkimilər, xulkimilər, nərəkimilər, gızılbalıgkimilər, durnabalığı, çəkikimilər, naxabalığı və s. Bunlardan durnabalığı , xanıbalığı , dabanbalığı şirin su mənşəlidirlər.
Onlar başlıca olaraq çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlirlər.
Sıf, çapaq, çəki həm çayda həm də dənizin şirin sulu hissələrində yaşayırlar. Yalnız nərəkimilər və siyənəkkimilər dənizin hər yerində yayılmışlar və ancaq çoxalmaq üçün çaya girirlər. Aterina (Atherina mochon pontica), iynəbalıq (Syngnathus nigrolineatus), kefal (Lisa auratus və Lisa saliens) və kambala sırf dəniz balıqlarıdır. Dünyadakı nərə balıqlarının təqribən 85 %-i, qara kürünün isə 95 %-i Xəzər dənizində yaşayır. Xəzər dənizində 10 milyona qədər quş qışlayır.
Kambaladan başqa bunların hamısı Azov və Qara dənizdən gəlib Xəzər denizində inkişaf və böyümək üçün əlverişli şərait tapıb.
Xəzər dənizi qoruqlarında 312 növü qeyd edilmişdir və sahillərində çoxlu su quşları yuvalayır. Xəzər dənizi xususən qu quşlarının iri qışlama yeri kimi məşhurdur. Xəzər dənizi quşların Avropa, Asiya və Yaxın Şərq arasında köçməsinin əsas marşrutlarından biridir. Miqrasiya zamanı hər il regiondan 12 milyona qədər quş uçub keçir, 5 milyon quş isə burada qışlayır. Azərbaijan sahilləri çox mühüm təbii əhəmiyyətə malikdir. Belə ki, onun qorunan körfəzləri, kiçik adaları, gölməçələri, bataqlıq sahələri miqrasiya edən və qışlayan, həm də orada daimi yaşayan və çoxalan növlər üçün ideal yerlərdir. Xəzər dənizində və onun qoruqlarında ördək, qaz, qaşqaldaq, qaradöş qaqar, qıvrımlələk qutan, iri qarabatdaq, xırda qarabatdaq, kürən vağ, flaminqo, fısıldayan qu, harayçı qu, boz qaz, ağqaş qaz, anqut və ya qırmızı ördək, ala ördək, yaşılbaş ördək, boz, ordəkcarcı cürə, qızılbaş dalğıc və s. yaşayır.
Xəzər dənizində 1809 növ və yarım heyvan yaşayır ki, onun 1069 sərbəst yaşayan onurğasızlar, 325 növü parazitlər və 415 növü onurğalı heyvanlardır. Mənşəyinə görə Xəzər dənizində beş qrup sərbəst yaşayan heyvanlar ayırd etmək olarki bunlar da əsasən dənizin mürəkkəb tarixə malik olduğunu əks etdirir.
Birinci qrup Xəzərin aftoxton faunasından ibarətdir, ümumi sayı 513 növdür. Bütün faunanın 48 faizini təşkil edir. Onlar Sarmat, Pont və Akcaqıl hövzələrində yaşayan qədim formalardan əmələ gəlmişdir. Siyənəklər, xuı balıqlar, çömçə xullar, nərə kimilər, dreyssen mollyuskaları, xərçənklər, turbellyarilər, bəzi polixetlər, mizidlərin böyük hissəsi üçüncü dövr dəniz faunasının qalıqlarıdır.
İkinci genetik qrupu Arktika növləridir. Hazırda əcdadları Şimal dənizindədirlər. Bunlar şimal dənizindən 10–12 min il əvvəl Xəzər dənizinə keçmişlər. Arktika qrupunun 14 növü var. Bura xərçənk kimilərdən limnokalanus, dörd növ mizit, iki növ ağ qızıl balıq, Xəzər qızılbalığı, yanüzən, dəniz yuyrüyü, Xəzər su itisi aiddir. Bunlar Xəzərə buzlaşma dövründən sonra əmələ gələn qöyçay vasitəsilə keçmişlər. Bunlar Orta və Cənubi Xəzərin 200–700 metr dərinliklərində yaşayırlar. Bu həmin dərinliklərdə suyun daha soyuq olması izah edilir (4,9–5,9 °C).
Üçüncü qrup Aralıq dənizi növləridir. Ümumi sayı 26-dır. Bunlar Xəzər dənizinə Xvalın dövründə Kumu-Manıc boğazı vasitəsilə keçmiçlər. Bu qrupa fabritsiya çoxqıllı qurdu, iki növ sirastoderma mollyusku, iynəbalıq və s. aiddir. Bəzi Aralıq dənizi növlərisə Xəzərə Volqa-Don kanalı açıldıqdan sonra keçmişlər. Dördüncü qrup şirin su faunası 228 növdür. Şirin su növlərinin Xəzərə keçməsi dənizin suyunun şirinləşməsilə əlaqədar bir neçə mərhələdə baş vermişdir. Bura qızıl balıglar, durnabalığıkimilər, naxakimilər, karpkimilər, xanıbalığıkimilər, həmçinin bəzi onurğasızlar (oliqoxetlər), rotatorilər, turbellyarilərin bir qismi, xironomidlər və s. daxildir. Beşinci qrup dəniz növləridir. Bunlar infuzorlar (386 forma), iki foraminifer və s. aiddir.
Xəzər suitisi Xəzərin yeganə məməli heyvanıdır. Xəzər tısbağası
Xəzər dənizinin zooplanktonunda infuzorlar, bağırsaqboşluqlular, rotatorilər, qurdlar, molyusklar, həmçinin balıqların kürüsü və sürfələrə rast gəlinir. Zooplankton balıqların və balinaların gidasında mühüm rol oynayır, o çox qidalıdır. Dünya okeanı dənizlərində təqribən 2000 zooplankton heyvanlar, o cümlədən 1200 növ xərçənglər qeyd edilmışdir.
Xəzər dənizini zooplanktonunda 315 növ yaşayır: onlardan 135 növ infuzorlar, 2 növ bağırsaqboşluqlular, 67 növ rotatorilər, 54 növ şaxəbığcıqlı xərçənglər, 32 növ kürəkayaqlı xərçənglər, 1 növ çanaqlı xərçənglər, 6 növ mizidlər, 5 növ kumlar, 6 növ yanüzənlər, 1 növ izopodlar, 1 növ su gənələri. Xəzər dənizində yaşayan 135 növ plankton infuzorların 73 növü Şimali Xəzərdə, 112 növü Orta Xəzərdə və 108 növü Cənubi Xəzərdə yaşayır. Rotatorilər əsasən dənizin şirin su olan — Volqa və Kür çaylarının dənizə töküldüyü sahələrində yaşayırlar. Xəzər dənizinin zooplanktonunda şaxəbığcıqlı xərçənglər mühüm rol oynayırlar. Onlardan şirin su növlərinə əsasən Şimali Xəzərdə və Volqa çayının dənizə tökülən hissəsində təsadüf edilir. Xəzər dənizi planktonunda kürəkayaqlı xərçənglərin aşağıdaki yarımdəstələrin (Calanoida — 6 növ, Cyclopoida — 17 növ, Harpacticoida — 9 növ) vardır. Burada say hesabı ilə birinci yeri limnokalanus xərçəngi tutur. Xəzərin planktonunda mizidlər, yanüzənlər və onurğasız heyvanların sürfələri də mühüm rol oynayırlar. Payızda zooplanktonun biokütləsi dənizin sahil zonasında artır, lakin dənizin orta hissəsində onun biokütləsi xeyli aşağı olur. Xəzər dənizi zooplanktonunun trofik strukturu aşağıdakı kimi təmsil olunmuşdur: dərin zonalarda fitofaqlar üstünlük təşkil edirlər, dairəvi axın zonasında yırtıcıların rolu artır, dayaz yerlərdə isə fitofaqlar və yırtıcılarla yanaşı, həmçinin detritofaqlar görünməyə başlayır.
Xəzər dənizində bentik heyvanların yayılması onun dibini örtən torpaq tiplərindən və dərinlikdən asılıdır. Hazırda Xəzərin dib hissəsində onurğasız heyvanların 855 növü və yarımnövü qeydə alınmışdır. Onların 305 növünü infuzorlar, 52 növünü nematodlar, 118 növünü molyuskalar, 74 növünü yanüzənlər və 46 növünün çanaqlı xərçənklər və s. təşkil edir. Dənizin sahil zonalarında (0–50m) bentik heyvanların növ müxtəlifliyi onun dərin hissələrinə nisbətən çoxdur. Şimali Xəzərin bentosunda 276 növ heyvan qeyd edilmişdir. Orta Xəzər bentosunda 589 növ heyvan yaşayır. Onlardan 233 növü infuzorlardır. Orta Xəzərin qərb hissəsində 199 növ infuzor yaşayır. Orta Xəzərin zoobentosunda biokütləcə Azov və Qara dəniz növləri (abra, mitilaster, serastoderma, nereis) və bəzi Xəzər növləri-dreysena, pirqula ilbizləri, hipaniya qurdu və xironomid sürfələri üstünlük təşkil edirlər. Bentik heyvanların yüksək inkişafına Xudat və Giləzi arasındakı sahələrdə rast gəlinir. Orta Xəzərin şərq hissəsində çoxlu miqdarda yanüzən xərçənklər inkişaf edirlər. Cənubi Xəzərin zoobentosunun balıqların artmasında əsas rolu vardır. Cənubi Xəzərin bentosunda 589 növ heyvan qeydə alınmışdır. Onların 279 növü infuzorlardır. Bentik heyvanların maksimum inkişafına dənizin 10–50 m dərinliklərində rast gəlinir. Burada biokütləcə mitilaster, abra və dreyssena ilbizləri üstünlük təşkil edirlər. Bentik heyvanların maksimum inkişafına Bəndovan burnundan, Lənkəran və Astara yaxınlığında rast gəlinir. Kür çayının dənizə tökülən hissəsində cəmi 13 növ heyvan qeyd edilmışdir. Ümümiyyətlə, Cənubi Xəzərin şərq hissəsində bentik heyvanların 389 növü yaşayır. Onların 176 növü infuzorlardır. Molyuskalar arasında mitilaster və abra əsas yeri tuturlar. Bentik heyvanlar əsasən Təzabad yaxınlığında, Oqurçinsk adası və Ulski bankası yaxınlığında daha çox inkişaf edirlər. Xəzər dənizinin suyunun şorlanması ilə əlaqədar olaraq onun zoobentosunun tərkibində böyük dəyişikliklər baş vermişdir. Körfəzlərdəki sularda duzluluğun artması nəticəsində tamamilə yeni biosenozlar əmələ gəlmişlər ki, bu biosenozlarda Azov və Qara dənizlərdən Volqa-Don kanalı vasıtəsilə şortəhər sularda yaşayan orqanizmlərin gəlməsi hesabına baş verir. Bu proses Krasnovodsk, Cənubi Çələkən, Balxan, Qızılağac, Qorqan körfəzlərində daha intensiv gedir. Hazırda həmin körfəzlərdə Azov və Qara dəniz növləri bütün sahələri tutmuşlar. Təkcə Qazaxıstan körfəzində suyun duzluluğu gözəçarpan dəyişikliyə uğramadığı üçün Xəzər faunası öz domanantlığını saxlamışdır. Orta və Cənubi Xəzərin sahil zonalarının, eləcə də Şımali Xəzərin bentofaunasının rəngarəngliyi bu rayonlara müxtəlif balıqları — nərə, külmə, çəki, bəzi xullar, aterina və s. balıqları cəlb edir. Xəzərin bütün rayonlarında zoobentosun əsas biokütləsini Azov və Qara dənizlərdən gəlmiş növlər təşkil edir. Xəzərin səviyyəsinin qalxmasının təsiri altında dənizin dib faunasının məhsuldarlığında dəyişikliklər baş verir. Zoobentosun biokütləsi Orta və Cənubi Xəzərdə daha məhsuldardır, burada yem bazasının böyük ehtiyatları vardır, lakin Şimali Xəzərin dibində yaşayan yem ehtiyatlarından balıqlar tam istifadə edirlər, çünki həyatı Volqa və Ural çayları ilə bağlı olan bütün balıqlar bu rayonlarda qidalanır.
Perifitona bəzən bioloji örtük də deyilir. Xəzərdə olan təbii və süni substratlarda çoxlu miqdarda perifiton orqanizmlər inkişaf edirlər. Perifitonda bakteriyalar, yosunlar, infuzorlar, süngürlər, briozoylar, qurdlar, molyuskalar, bığayaqlı xərçənklər və s. yaşayırlar. Xəzər dənizi perifitonunda 90 növ bitki və 212 növ heyvan qeyd edilmişdir. Əsrimizin əvvələrində Xəzər dənizində cəmi bir neçə növ perifiton heyvan yaşayırdı. Həmin heyvanlar Xəzərdə olan hidrotexniki qurğulara heç bir ziyan vurmurdular, lakin Azov və Qara dənizlərdən Xəzər dənizinə yeni heyvanların gəlməsi ilə əlaqədar olaraq perifitonun rolu xeyli artmışdır. Hazırda perifiton heyvanlar gəmilərin, dəniz estakadaların və s. suda qalmış hissələrində külli miqdarda inkişaf etməklə onlara böyük ziyan vururlar. Mitilaster ilbizi Xəzər dənizinə Qara dənizdən gəmilərlə gəlmişdir. O, Xəzərdə ilk dəfə Bakı buxtasında qeyd edilmiş və buradan Cənubi Xəzərin qərb sahilinə, sonra şərq sahilinə və getdikcə dənizin bütün sahələrinə yayılmışdır. Xəzər dənizi perifitonundakı bütün dəyişikliklər Volqa-Don kanalı istismar olunandan sonra baş vermişdir. Bu kanalla Xəzər dənizinə gəmilərə yapışmış halda Qara və Azov dənizlərində yaşayan bir çox perifiton orqanizmlər gəlmişdir. Xəzər dənizinin perifitonunda 172 növ infuzor qeyd edimişdir, onların 30 növünə dənizin bütün akvatoriyasında rast gəlinir. Xəzər dənizi perifitonunda molyuskalardan mitilaster mühüm rol oynayır.
Perifitonun tərkibində mitilasterdən başqa dreyssena, abra, serastoderma, teodoksus molyuskaları da vardır. Xərçənglərdən korofiidlər Xəzərdəki bioloji örtüklərdə böyük rol oynayırlar. Xəzər dənizi perifitonunda balanus xərçəngi (Balanus improvisus) əsas rol oynayır. Suda olan əşyaların və hidrotexniki qurğuların bioloji örtüklərinin hamısında balanus üstünlük təşkil edir. Xəzərin bioloji örtüklərində briozoyların 3 növü yaşayır. Son zamanlar Xəzər dənizinin perifitonunda sonboşluqlardan barensiyaya qeyd edilmişdir. İlk dəfə ona Krasnovodsk körfəzində rast gəlinmişdir. Xəzərdə gəmilərin alt hissəsində 10 növ heyvan tapılmışdır ki, bunlar hidrotexniki qurğulardakı bioloji örtüklər üçün də xarakterikdir. Perifiton heyvanların balıqların qidasında rolu olduqca azdır. Bəzi plankton balıqlar onların sürfələrindən istifadə edirlər.
Xəzərdə yaşayan heyvanların əsas hissəsini onurğasız heyvanlar təşkil edir. Onların payına 1394 növ düşür ki, buda 77,1% təşkil edir.
Xəzərdə kökayaqlıların 10 növü, Heliozoyların hər iki növü, Qamçıdaşıyanlar (Mastiqophora) Bu yarımtip sarkomastiqoforlar tipinə daxildir. Bunların hamısında qamçı var və onun köməyi ilə hərəkət edirlər. Hazırda 6–8 min. növü vardır.
İnfuzorların 460 növü (21 növü parazitdir), süngərlər 3 forması olan bir növü, bağırsaqboşluqluların 5 növü, kirpikli qurdların 29 növü, Nemertinlərin 1 növü (Prostoma clepsinoides) məlumdur
nematodların 52 növü, rotatorilər 67 növü, çoxqıllı qurdların 32 növü,
Zəlilər (Hirudinea) Piscicola caspia, Caspiobdella tuberculata, Archaeobdella esmonti. Bunlar sularda, dənizdə, bəzən isə quruda yaşayırlar Hazırda zəlilərin 400 növü vardır. Xəzərdə isə 3 növü qeyd edilmişdir.
Şaxəbığcıqlı xərçənglər (Cladosera) Pleopis polyphemoides, Polyphemus exiguus, Evadne anonux, Podonevadne, Cornigerius, Caspievadne, Cercopagis, Apagis cinslərinin növləri Xəzər dənizində geniş yayılmışdir. Hazırda 380 növü var, onlardan 55 növünə Xəzər dənizində rast gəlınır. Pleopis polyphemoides növündən başqagalan bütün formalar Xəzər və Azov dənizləri üçün endemikdir. Bu növ Xəzər dənizinə 1957-ci ildə Volqa-Don kanalı acıldıqdan sonra gəlmişdir.
Kürəkayaqlı xərçənglər (Copepoda) Xəzər dənizində 21 növ sərbəstyaşayan kürəkayaqlı xərçənk qeyd edilmişdir. Bu 5 növü Eurytemora minor, Halicyclops sarsi, Estinosoma concinnum, Schizopera akatovae, Smirnnoviella unisetosa Xəzərdə geniş yayılmışdır.
Bığayaqlı xərçənglər (Cirripedia) Hazırda bığayaqların 1000 növü vardır. Onlardan Xəzər dənizində isə 2 növü — Balanus improvisus ilk dəfə 1955-ci ildə, B. eberneus 1956-cı ildə qeyd edilmişdir. Hər iki Xəzərə Azov dənizindən, Volqa-Don kanalı açıldıqdan sonra gəmilərə və hidrotexniki qurğuların bioloji örtüklərinin əsas hissəsini təşkil edir. B.eberneus əsasən dənizin dibində yaşayır.
Çanaqlı xərçənglər (Ostrasoda) Cyprideis littoralis, Leptocythere lonqa Darüinula stevensoni, Cytherissa inormis, Leptocythere laevis, L.minuta, L laetifica Xəzər dənizinin sahil sularında lil, qum və balığqulağı biotoplarında yaşayırlar. Onların bəzi növləri bentik balıqların qidasını təşkil edirlər.
Mizidlər (Mysidacea) Hazırda mizidlırin 500 növü məlumdur, onlardan Xəzər dənizində 20 növü qeyd edilmişdir, bunlardan 13 növü endemik hesab olunur, 7 növünə isə Xəzər dənizindən başqa həm də Qara və Azov dənizlərində də rast gəlinir. Mysis macrolepis, M.microphthalma, M. amblyops, Paramysis loxolepis həmişə planktonda yaşayırlar. Mizidlər bəzi balıqların qidasında şışqarın siyənəklər, sıf, uzunburun, çapaq və s. mühüm rol oynayırlar.
Kumların 18 növü, bərabərayaqlıların 2 yarımnövü, yanüzənlərin 74 növü (69 növü yerli faunadır, 4 növü (Pseudolibrotus caspius, P. Platyceras, Pontoporea affinis microphtalma, Gammaracanthus loricatus caspius) Arktika faunası qrupuna daxildir), onayaqlıların 5 növü.
Su gənələri (hydracarina). Xəzərdə 2 növü məlumdur, dənizdə, şirin sularda və quruda yayılmışlar. Caspihalacarus hyrcanus Bakı buxtasında, Copidognathus oxicanus isə Şimali Xəzərin şərq hissəsində qeyd edilmişdir. Hər iki növ planktonda yaşayır.
xironomidlərin 8 növü, Nəm milçəklərinin Culicoides cinsinə aid növləri, molyuskların 118 növü, Briozoyların 6 növü, sonboşluqların 1 növü (Barentsia benedeni) qeydə alınmışdır.
Xəzər dənizinin florası miosen dövründən məlumdur. Dənizinin florası 755 növ və yarımnövdən ibarətdir ki, onun da 5 növü ali bitkilərdir. Ali bitkilər guruda, dənizlərdə və şirin sularda yaşayırlar. Xəzər dənizində yaşayan bitkilərə bunlar aiddir: dənizotu (zostera notli), daragşəkilli suçiçəyi(potamogetonpestinatus), 2 növ ruppiya (ruppia spiralis, r.maritima, najas marina). Dənizotu çoxillik bitki olub, əsasən vegetativ, bəzən isə cinsi yolla çoxalır. Suçiçəyinə dənizin sahil zonasında, najas bitkisinə isə körfəzlərdə rast gəlinir. Ali su bitkiləri onurğasız heyvanlar və balıglar üçün yaxşı sığınacagdır. Ali bitkilərlə həm balıglar, həm də su quşları gidalanır. Bir çox balıglar öz kürülərini onların üzərinə tökürlər.
Fitoplankton balıq sərvətinin əsasıdır. Dəniz canlılarının əksəriyyəti onunla qidalanır. Xəzər dənizinin fitoplanktonu başqa dənizlərin fitoplanktonundan dəniz növlərinin az olması və şirin su növlərinin üstünlüyü ilə fərqlənir. Xəzər dənizi fitoplanktonunda həm şirin su və həm lə şortəhər su yosunları yaşayır. Bu da dənizinin duzluğunun az olması ilə bağlıdır. Xəzər dənizinin fitoplanktonunda 450 növ josun qeyd edilmişd ir: onların 163 növü diatom yosunlar,102 növü göy-yaşıl yosunlar , 139 növü yasıl yosunlar, 39 növü dinofit yosunlar, 2 növü qızılı yosunlar, 5 növü evglen yosunlardır. Xəzərin fitoplanktonunda 47 növ dəniz yosunu, 66 növ şortəhər su yosunu, 74 növ şortəhər — şirin su yosunu, 210 növ şirin su yosunu və 52 növ başqa yosunlar vardır. Xəzər dənizi fitoplanktonunda prorosentrum və rizosoleniya daha çoxdur. Orta və Cənubi Xəzərin suyunun duzluğu Şimali Xəzərə nisbətən yüksək olduğu üçün burada şirin su yosunları yaşaya bilmir və məhv olurlar.
Xəzərdə normal duzluğa malik dənizlərdə yaşayan yosunlar qrupu yoxdur. Xəzər dənizində yaşıl və göy-yaşıl yosunlar üstünlük təşkil edirlər. Əsrimizin 30-cu illərinin əvvəlində Xəzər dənizinə Qara dənizdən diatom yosun -rizosoleniya keçmişdir ki, hazırda bütün Xəzəri basmışdır. Volqa-Don kanalı açıldıqdan sonra Xəzərdə Azov və Qara dənizlərdə yaşayan başqa yosun növləri görünməyə başlamışdır. Yosunlara ibtidai bitkilər qrupu, adətən, su bitkiləri aiddir. Yosunlar müxtəlif rəngdə olurlar ki, bu da onlarda olan xlorofil və başqa piqmentlərin qarşılıqlı nisbətindən asılıdır. Xəzər dənizində göy-yaşıl, qızılı, diatom, qırmızı, yaşıl, qonur, xara, dinofit yosunları yaşayırlar.
Xəzərdə göy-yaşıl yosunların 203 növü, qızılı yosunların 2 növü (Dinobryon baltikum və Dinobryon sertularia), Diatom yosunların 292 növü, yaşıl yosunların 139 növü, xara yosunların 10 növü, qonur yosunların 13 növü, qırmızı yosunların 25 növü yayılmışdır.
Hazırda ali bitkilərin 300 min növü məlumdur. Xəzərdə onların 5 növü qeyd edilmişdir. Bunların hamısı çiçəkli bitkilərə aiddir: dənizotu (Zostera nolti), daraqşəkilli suçiçəyi (Potamogeton pectinatus), 2 növ ruppiya (Ruppia spiralis, Ruppia maritima), najas (Najas marina). Dənizotu qum və qumbalıqqulağı torpaqlarda inkişaf edir. Suçiçəyinə dənizin sahil zonasında, nayas bitkisinə isə körfəzlərdə rast gəlinir. Ruppiyaların hər iki növü körfəzlərdə yaşayır. Ali bitkilərlə həm balıqlar, həm də su quşları gidalanır. Bir çox balıqlar (çəki, çapaq, külmə) öz kürülərini onların üzərinə tökürlər.
Fitoplankton balıq sərvətinin əsasıdır. Dəniz canlılarının əksəriyyəti onunla qidalanır. Xəzər dənizinin fitoplanktonu başqa dənizlərin fitoplanktonundan dəniz növlərinin az olması və şirin su növlərinin üstünlüyü ilə fərqlənir. 1934-cü ildə Xəzər dənizi planktonunda rizosoleniya diatom yosunun müşahidə olunması dənizin fitoplanktonunda xeyli dəyişiklik əmələ gətirmişdir. Şimali Xəzər fitoplanktonunda şirin su yosunları üstünlük təşkil edir ki, bunlardan da ən çox yayılanı göy-yaşıl və yaşıl yosunlardır. Orta Xəzər fitoplanktonunda diatom və göy-yaşıl yosunlar üstünlük təşkil edirlər. Fitoplanktonun fəsillər üzrə dəyişməsi aşağıdaki kimidir. Yazda Şimali Xəzərin cənub-qərb və Volqa çayı tökülən hissəsində diatom yosunların külli inkişafı qeyd edilir. Yayda fitoplanktonda yaşayan yosunların növ tərkibi artır. Payızda Şimali Xəzər fitoplanktonunda göy-yaşıl yosunlar demək olar ki, yox olurlar və onların əvəzində əsasən diatom və dinofit yosunları inkişaf etməyə başlayırlar. Orta və Cənubi Xəzərdə Şimali Xəzərdən fərqli olaraq, yosunların inkişafı qışda da davam edir. Dənizin şərq hissəsində qərb hissəsinə nisbətən yosunlar daha çox artırlar ki, bu da suyun həmin hissədə daha çox olması ilə əlaqədardır.
Cənubi Xəzərin qərb hissəsi, xüsusən dənizin 3,5 m dərinliyinə qədər olan yerləri yosunlarla zəngindir. Ələt və Bəndəvan burunları yaxınlığında qırmızı yosunlar və dənizotu yaxşı inkişaf edirlər. Böyük Qızılağac körfəzində ali bitkilərdən dənizotu və suçiçəyi yaxşı inkişaf edirlər. Krasnovodsk və Türkmən körfəzlərinin dibində, Oqurçinsk və Osuşnoy adalarının sahil zonalarında ali su bitkilərinin bütün növlərinə rast gəlinir. Krasnovodsk körfəzinin şimal hissəsində xara yosunları yaxşı inkişaf edirlər. Şimali Çeleken körfəzində 2 növ yaşıl, 1 növ xara, 4 növ qırmızı yosun və 2 ali su bitkisi qeyd edilmişdir. Körfəzin orta hissəsində yosunların külli miqdarda inkişafına rast gəlinir.
Şimal Xəzər dənizinin fitobentosu dənizin bioloji məhsuldarlığında mühüm rol oynayır. Fotobentosda bitkilər arasında çoxlu miqdarda qurdlar, molyusklar, xərçənglər (yanüzənlər, mizidlər, yengəclər, krevetkalar) və körpə balıqlar yaşayırlar. Fitobentik bitkilər bir çox onurğasız heyvanlar və balıqlar üçün sığınacaq hesab olunurlar.[11]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.