Azərbaycan Xalq Cəbhəsi
1988-1995-ci illərdə Azərbaycanda mövcud olmuş ictimai-siyasi təşkilat / From Wikipedia, the free encyclopedia
Azərbaycan Xalq Cəbhəsi və ya qısaca AXC — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı. 1995-ci il parlament seçkilərinə siyasi partiya kimi qatılmaq məqsədiylə 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq təsis edilərək tarixə qovuşmuşdur.
Azərbaycan Xalq Cəbhəsi | |
---|---|
Sədri | Əbülfəz Elçibəy |
Quruluş tarixi | 16 iyul 1989 |
Qeydiyyat tarixi | 5 oktyabr 1989 |
Dağılma tarixi | 1995 |
Bölünmə |
Azərbaycan Sosial Demokrat Partiyası (1989-2023) Azərbaycan Demokrat Partiyası (1990) Ana Vətən Partiyası (1990) Azərbaycan İslam Partiyası (1991) Azərbaycan Ana Torpaq Partiyası (1992–1995) Azərbaycan Milli İstiqlal Partiyası (1992) Bozqurd Partiyası (1992–2023) Doğru Yol Partiyası (1992–1995) Vahid Azərbaycan Milli Birlik Partiyası (1992–2023) Vətəndaş Həmrəyliyi Partiyası (1992) Azərbaycan Yurddaş Partiyası(1993–2021) Ədalət Partiyası (1993) Vəhdət Partiyası (1994) |
Sələfi |
Bakı Alimlər Klubu Varlıq təşkilatı Çənlibel təşkilatı |
Xələfi | Azərbaycan Xalq Cəbhəsi Partiyası |
Baş qərargah | Bakı Bakı |
İdeologiya |
Liberalizm (Quruluş dövründə)[1] Azərbaycan milliyətçiliyi Türkçülük Antikommunizm |
Parlamentdə |
45 / 360 Azərbaycan SSR Ali Sovetinin XII çağırışı |
Ötən əsrin 80-ci illərinin ortalarından etibarən Sovet İttifaqı hüdudları daxilində bir sıra iqtisadi, siyasi, o cümlədən sosial islahat hərəkatlarının start götürməsi nəticəsində keçmişdə tabu hesab olunan bir sıra ictimai debatların geniş vüsət alması, müstəqillik nöqteyi-nəzərindən müttəfiq respublikaların vətəndaşları üçün yeni perspektivlər vəd edirdi.[2] SSRİ-nin demək olar ki, əksər bölgələrində elmi cəmiyyətlərdə və siyasi klublarda cəmlənmiş ziyalı seqmenti daha sonra "Xalq cəbhələri" olaraq adlanacaq siyasi qurumların inzibati aparatlarının, habelə ideoloji əsaslarının özəyini formalaşdırırdı. Azərbaycan SSR-də də bu hal "Perestroyka" və "Qlastnost" dalğasının gətirdiyi yeni mühitdə özünü aşkar büruzə verməyə başladı. Artıq müxtəlif tələbə təşkilatlarında, elmi və siyasi diskusiya klublarında SSRİ çərçivəsində Azərbaycanın suverenliyi məsələləri də müzakirə olunurdu.[3] Belə bir şəraitdə, Estoniya Xalq Cəbhəsi modelində Azərbaycan Xalq Cəbhəsini formalaşdırmaq üçün 1988-ci ildə Bakı Alimlər klubunda bir qrup ziyalı tərəfindən Təşəbbüs qrupu yaradıldı. Ardınca təbliğat prosesi başladı və "Varlıq", "Çənlibel" kimi yarımleqal təşkilatlar da təşəbbüs qrupuna qoşuldular. Azərbaycan Xalq Cəbhəsi 16 iyul 1989-cu ildə təsis olunmuş və "Elçibəy" təxəllüslü Əbülfəz Əliyev sədr seçilmişdir. 5 oktyabr 1989-cu ildə isə təşkilat rəsmən dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq, 1989–1993-cü illərdə Azərbaycandakı ictimai-siyasi proseslər üzərində əhəmiyyətli təsirə malik olmuşdur. Bunun nəticəsi kimi, Azərbaycan SSR Ali Sovetində 45 deputatla təmsil olunmuş, 1992-ci ilin mayında Azərbaycanda hərbi dövlət çevrilişi reallaşdıraraq hakimiyyəti ələ almış[4] və həmin ayda keçirilən Prezident seçkilərində namizədi Əbülfəz Elçibəylə qalib olmuşdur. Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyanatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.[5][6][7][8][9]
Azərbaycan Xalq Cəbhəsi 1992-ci ilin iyunundan 1993-cü ilin iyununa kimi hakimiyyətdə olmuş və bu dövr ərzində milli valyutanın dövriyəyə buraxılması,[10] ali təhsil müəssisələrinə qəbulda test üsulunun tətbiqi,[11] dövlət əmlakının özəlləşdirilməsi kimi əhəmiyyətli addımlar atılmışdır. Lakin Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin mahiyyətcə vəd etdiyi ölçüdə ciddi dəyişikliklər edə bilməməsi,[12] kadr siyasətindəki uyğunsuzluqlar,[13] korrupsiya və rüşvətxorluq,[14] mətbuat nümayəndələrinə qarşı zorakılıqlar,[15][16] təhlükəsizlik problemləri və Qarabağ müharibəsindəki müvəffəqiyyətsizlik onun tənqid olunan cəhətləri arasındadır.[17][18]
Azərbaycan Xalq Cəbhəsindən bölünmələr Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Demokrat Partiyası və Ana Vətən Partiyası ilə başlamış, 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında AXCP-nin yaradılması ilə yekunlaşmışdır.