Hel (varlıq)
From Wikipedia, the free encyclopedia
Hel (q.skan. Hel) — german-skandinav mifologiyasında ölülər diyarının hakimi (Helheym), Loki və div Anqrbodanın qızı, üç xtonik varlıqdan biri.
Hel | |
---|---|
q.skan. Hel | |
| |
Mifologiya | german-skandinav mifologiyası |
Yer | Helheym |
Cinsi | qadın |
Fəaliyyəti | ölülər diyarının (Helheym) hakimi |
Atası | Loki[1][2][…] |
Qardaşı və bacısı | Yormunqandr, Sleypnir |
Əlaqəli personajlar | Loki, Anqrboda, Baldr və Odin |
Digər mədəniyyətlərdə | Persefona, Erlik, Prozerpina, Kali |
Vikianbarda əlaqəli mediafayllar |
Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur.
Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.
Helin XI əsrə aid qədim ingilis dilinə tərcümə edilmiş "Nikodima incili" və qədim skandinav dilində yazılmış "Barfolomey saqası"ndakı fiqurlarla potensial əlaqələri, eləcə də onun potensial Hind-Avropa paralelləri ilə bağlı elmi nəzəriyyələr irəli sürülmüşdür.