Şuşa
Azərbaycanda şəhər / From Wikipedia, the free encyclopedia
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı.[1] Şuşa rayonunun inzibati mərkəzi.[2]
Şəhər | |
Şuşa | |
---|---|
39°45′36″ şm. e. 46°45′01″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şuşa |
İcra başçısı | Bayram Səfərov |
Xüsusi nümayəndə | Aydın Kərimov |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Pənahabad |
Şəhər statuslu | 1840-cı ildən |
Sahəsi |
|
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhali sayı |
|
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 58 |
Rəsmi saytı | shusha-ih.gov.az |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar.[3][4] Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.[3]
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi.[4] Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.[4]
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa şəhərini "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək, Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə, xanəndə və sazəndələr ustad-şagird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq, peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.[5]
1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır. Birinci dəfə onu hər iki icma, ikinci dəfə azərbaycanlılar, üçüncü dəfə isə ermənilər yandırmışdı. Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı. Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi. Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.[6]
1991-ci ilin 7 fevral tarixində Şuşa rayonunun Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilmişdir.[7] 1991-ci ilin 26 noyabr tarixində isə Şuşa şəhəri respublika tabeli şəhərlərin sırasına daxil edilib.[8]
Şuşa şəhəri 1992-ci ilin 8 may tarixində erməni birləşmələri tərəfindən işğal edilmişdir.[3] Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfər əlil olmuş, 552 körpə valideyinlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.[9]
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini; mədəni-maarif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi olan bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.[9]
Şuşa şəhəri və Daşaltı kəndi 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı işğaldan azad edilmişdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 2023-cü ilin 19 sentyabr tarixində aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində bu ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir.