Kabalaka
From Wikipedia, the free encyclopedia
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.[1]
Kabalaka | |
---|---|
40°53′22″ şm. e. 47°42′56″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Qəbələ |
Yerləşir | Çuxur Qəbələ |
Aidiyyatı | Qafqaz Albaniyası |
Tikilmə tarixi | I əsr |
Üslubu | Alban memarlığı |
Vəziyyəti | xarabalıqları qalıb |
İstinad nöm. | 54 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir.
Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.[2]
Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir.[3] 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır.[4] Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govurqala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govurqala" adlandırılır.[5] 1959-cu ildən Qəbələ şəhər xarabalığından 3–4 km şərqdə, yerli əhali tərəfindən Güllüqoruq və ya Çaqqallı talası adlandırılan yerdə qədim Qəbələnin məbəd yeri və bazar meydanının yerləşdiyi güman edilən üçüncü bir sahəsi, daha sonralar Kamaltəpə və Bayır şəhər hissələri aşkar edilmişdir.[6] Ümumiyyətlə Qəbələ şəhər xarabalığı öz tarixi coğrafiyasına görə hələlik Səlbir, Güllüqoruq (Çaqqallı talası), Kamaltəpə və Bayır şəhər adlı arxeoloji abidələr kompleksindən ibarətdir.[7]