Planet arxivləri
1908-ci ildən 1931-ci ilə qədər davam etmiş beynəlxalq fotoqrafiya layihəsi / From Wikipedia, the free encyclopedia
Planet arxivləri (fr. Les archives de la planète) – 1909–1931-ci illər arasında 50-dən çox ölkədə çəkilmiş təxminən 72 min avtoxrom fotoşəkildən və 183 min metrlik film çəkilişlərindən ibarət olan, bu günə qədər qorunub saxlanılan şəkil arxivi. Layihənin təsisçisi və maliyyəçisi fransız iş adamı Albert Kandır. Layihənin koordinatorlarından biri olan Cin Brunhes komandaya nəyi və necə qeyd etməli olduqları ilə barədə təlimlər keçmişdir. Kan çıxdığı dünya səyahətləri zamanı sürətlə dəyişən dünyanın fotolarını çəkmək fikrinə düşdü və Fransaya qayıdan zaman bu layihə üzərində çalışmağa başladı. Bu zaman o Lümyer qardaşlarının kəşf etdiyi avtoxrom fotoaparatla tanış oldu. Kan düşünürdü ki, layihənin ilk şəkilləri məhz bu fotoaparat vasitəsilə çəkilməlidir. Avtoxrom şüşə üzərində müsbət rəngli görüntü təmin edən fotoqrafik texnikadır.
Layihənin fotoqrafları 22 ildə 55 ölkə gəzərək şəhər, kənd və qəsəbələrdəki insanları, onların mədəniyyətlərinin ilk rəngli fotoşəkillərini çəkdilər. Arxivdə Avropa, İrlandiya (Kelt mədəniyyəti), Asiya, Afrika, Amerika coğrafiyası, mədəniyyəti və gündəlik həyatı ilə bağlı etnoqrafik əhəmiyyət daşıyan fotoşəkillər və film çəkilişləri var. Digər tərəfdən, layihənin aktiv dövründə Birinci Dünya müharibəsi və Balkan müharibələri kimi tarixi hadisələr baş vermiş və müharibələrin nəticələri də fotoqraflar tərəfindən qeydə alınmışdır. Bu gün Planet Arxivləri Fransanın Paris yaxınlığındakı Albert Kan Muzeyində saxlanılır və arxivin virtual eləcə də fiziki sərgi və təqdimatı "FAKİR" adlı təşkilat tərəfindən həyata keçirilir. Arxiv BBC televiziyası tərəfindən çəkilmiş "Albert Kanın ecazkar dünyası" sənədli filmində geniş işıqlandırılmışdır.