Qlazqo Universiteti
Böyük Britaniyada yerləşən dövlət universiteti / From Wikipedia, the free encyclopedia
Qlazqo Universiteti (ing. University of Glasgow) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri.[4]
Qlazqo Universtiteti | |
---|---|
ing. University of Glasgow | |
55°52′19″ şm. e. 4°17′15″ q. u. | |
Şüar |
lat. Via, Veritas, Vita azərb. Yol, həqiqət, həyat |
Əsası qoyulub | 1451 |
Tip | Dövlət universiteti |
Rektor | Ledi Rita Ra[1] |
Tələbə sayı | 30.805[2] |
Bakalavr sayı | 21,060[2] |
Magistrant sayı | 9,000[2] |
Aspirant sayı | 745[2] |
Şəhər | Qlazqo |
Ölkə | |
Ünvan | Universitet prospekti, G12 8QQ |
Rənglər | |
Metro | Hilhed |
Sayt | gla.ac.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Əsası Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur.[4] Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur.[5] Universitet tarixən Şotlandiya maarifçiliyinin intellektual potensialını təmin edən əsas institutlardan biri kimi ön plana çıxmışdır.[6] Hazırda, 9 institut[7] və 4 kollec[8] başda olmaqla, ümumən 3 kampusda[9] yerləşən 33 elmi vahiddə dünyanın 140 ölkəsindən bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 30.805 tələbəsi vardır.[2] Ümumi büdcəsi 1 milyard ABŞ dollarını aşan[10] Qlazqo Universiteti, Böyük Britaniya iqtisadiyyatına 4.4 milyard funt sterlinq həcmində töhfə verir.[11]
Qlazqo Universiteti Times Higher Education jurnalı tərəfindən müxtəlif göstəricilər üzrə 2020-ci ilin ən mütərəqqi ali təhsil ocağı seçilmiş,[12][13] 2022-ci ildə isə yaratdığı elmi təsirə görə dünyanın ilk 20 universiteti arasında göstərilmişdir.[14] The Times qəzetinin sıralamasına görə isə Şotlandiya üzrə 2022-ci ilin universiteti seçilmişdir.[15] Mütəmadi olaraq dünyanın ən nüfuzlu 100 universiteti arasında olan Qlazqo Universiteti, CWTS Leiden Ranking-in 2020-ci il sıralamasına görə qlobal miqyasda 53-cü yerdə,[16] QS World University Rankings-in eyni il üçün təqdim etdiyi dünya sıralamasında isə 60-cı yerdə qərarlaşmışdır.[17] Bundan əlavə, Böyük Britaniya üzrə milli ali təhsil müəssisələri reytinqində ilk onluqda yerləşir.[18][19]
Qlazqo Universiteti Böyük Britaniyadakı ən nüfuzlu və aparıcı tədqiqat universitetlərinin təmərküzləşdiyi Rassell qrupunun,[20] o cümlədən qabaqcıl universitetlərin beynəlxalq elmi-tədqiqat assosiasiyası olan Universitas 21-in qurucu üzvüdür.[21] Universitet nəzdnindəki tədqiqat prosesi "Tədqiqat Mükəmməlliyi Çərçivəsi"nin müəyyənləşdirdiyi xüsusi standartlara əsasən təşkil olunur[22] və aparılan tədqiqatların 81%-i "Dünya miqyaslı" kateqoriyasında səciyyələndirilir.[23][24] Qlazqo Universiteti tələbə qəbulu prosesində kifayət qədər tələbkar bir ali təhsil müəssisəsi kimi xarakterizə olunur və qəbul şərtlərinin çətinliyinə görə Birləşmiş Krallıqda 4-cü sırada yerləşir.[25]
Müxətlif sahələrdə görkəmli şəxsiyyətlər yetirən universitet, 6 baş nazirlə yanaşı, yüzlərlə nazir, millət vəkili, bürokrat və diplomat yetişdirmişdir. Məzunları sırasında Amerika Birləşmiş Ştatlarının qurucularından olan Ceyms Vilson,[26] kapitalizmin banisi Adam Smit,[27] Kelvin temperatur şkalasının yaradıcısı Lord Kelvin, müasir antropologiyanın banilərindən biri olan Ceyms Corc Freyzer,[28] Sənaye inqilabına böyük töhfələr vermiş Ceyms Vatt,[29] Aberdin Univeristetinin qurucusu Vilyam Elfinston,[30] Stratklayd Universitetinin qurucusu filosof Con Anderson,[31] MakQill Universitetinin qurucusu Ceyms MakQill,[32] maqnezium elementini kəşf etmiş və karbon qazı anlayışını elmə gətirmiş kimyagər Cozef Blek,[33] dünyanın ilk ali təhsilli afroamerikalı həkimi Ceyms Makkyun[34] və dünyanın ilk qaradərili futbolçusu Endryu Vatson[35] da vardır. Bundan əlavə, Qlazqo Universitetinin 8 məzunu Nobel mükafatı laureatıdır.[36]