Seylor Mun seriyalarının siyahısı (I mövsüm)
From Wikipedia, the free encyclopedia
Gözəl Qoruyucu Seylor Mun[1][2] (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn?) — "Seylor Mun" anime serialının Dzyuniti Satonun rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş ilk mövsümü (1-46-cı seriyalar). Anime yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyası əsasında çəkilmişdir. Mövsüm 7 mart 1992-ci ildən 27 fevral 1993-cü ilə qədər TV Asahi kanalında yayımlanmışdır. Mövsümdə "Seylor Mun" manqa seriyasının ilk arkı olan "Qaranlıq Krallıq" arkından bəhs olunur.[3] Anime serialının davam mövsümü olan "Seylor Mun R" 6 mart 1993-cü il tarixində yayımlanmağa başlanılmışdır.
Ölkə | Yaponiya |
---|---|
Seriya sayı | 46 |
Orijinal kanal | TV Asahi |
Orijinal efir | 7 mart 1992 (1992-03-07) – 27 fevral 1993 (1993-02-27) |
← Əvvəlki — Sonrakı → Seylor Mun R | |
Seriya siyahısı |
Anime serialında Usaqi Tsukino və dostlarının başına gələn əhvalatlar ələ alınır. Danışan dişi pişik Lunanın köməyi ilə Seylor Muna çevrilən Usaqi Tsukino Yeri Ay Krallığını məhv etmiş Qaranlıq Krallıqdan qorumağa çalışır.
"Animage"nin 1993-cü ilin ən çox sevilən anime seriyaları siyahısında bu mövsümün "Sevilən və izlənən! Lunanın ən pis günü" seriyası birinci, "Narunun ağlayışı! Nefrit sevgi üçün ölür" seriyası üçüncü, "Parıldayan Gümüş Kristal! Ay şahzadəsi peyda olur" seriyası altıncı, "Xatirələr qayıdır! Usaqi və Mamorunun keçmişi" seriyası doqquzuncu və "Ami üçün sevgi? Gələcəyi təxmin edən oğlan" seriyası 11-ci yeri tutmuşdur.[4] Növbəti il mövsümün iki hissəli final seriyaları olan "Seylor döyüşçüləri ölür! Faciəli final döyüşü" və "Usaqinin əbədi arzusu! Yeni reinkarnasiya" uyğun olaraq birinci və ikinci yerlərə layiq görülmüşdür.[5] 21 may və 21 iyul 2002-ci il tarixləri arasında Yaponiyada 8 DVD komplekti buraxılmışdır.[6][7] 11 dekabr 2009-cu ildən 21 yanvar 2010-cu ilə qədər isə mövsümün seriyaları iki boks-set şəklində yayımlanmışdır.[8][9]
Mövsümün ingilis adaptasiyası DiC tərəfindən həyata keçirilmişdir. İngilis adaptasiya 40 seriyanı əhatə edir və sonda "Seylor fikirlər" seqmenti əlavə olunmuşdur.[10][11][12] Mövsüm ilk dəfə 28 avqustdan 24 oktyabr 1995-ci ilə qədər YTV-da göstərilmişdir, televiziya sindikasiyası isə ABŞ-də 11 sentyabrdan 3 noyabr 1995-ci ilə qədər yayımlanmışdır. Mövsümün seriyaları 2003-cü ildə ADV Films tərəfindən subtitrla boks-set şəklində satışa buraxılmışdır. 16 may 2014-cü ildə mövsümün ingilis adaptasiya üçün Viz Media tərəfindən yenidən lisenziya əldə edilmişdir və iki DVD və Blu-ray komplekti uyğun olaraq 11 noyabr 2014-cü ildə və 10 fevral 2015-ci ildə yayımlanmışdır. Hulu 19 may 2014-cü ildə mövsümün seriyalarını göstərməyə başlamışdır.
Mövsüm üçün musiqini Takanori Arisava bəstələmişdir. Seriyalar üçün üç cür tema musiqisindən istifadə olunmuşdur: bir açılış və iki bağlanış mahnısı. Bütün mövsüm boyunca açılış mahnısı kimi DALI musiqi qrupu tərəfindən ifa olunan "Moonlight Densetsu" (ムーンライト伝説, Mūnraito Densetsu?, azərb. Ay işığı əfsanəsi) istifadə olunmuşdur.[13] Misae Takamatsu tərəfindən ifa olunana "Heart Moving" mahnısı mövsümün ilk 26 seriyasında bağlanış mahnısı kimi səslənmişdir.[13] Mövsümün qalan seriyalarında isə bağlanış mahnısı kimi Uşio Haşimoto tərəfindən ifa olunan "Princess Moon" mahnısına üstünlük verilmişdir.[14] DiC öz ingilis adaptasiyasında açılış mahnısı kimi yapon versiyasının tərcüməsindən istifadə etmişdir.[15]