İrlandiya Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
İrlandiya Avroviziya Mahnı Müsabiqəsinə 1965-ci ildə qoşulmuş və ümumilikdə 53 dəfə müsabiqədə iştirak etmişdir. Neapolda keçirilən müsabiqədəki debütdən sonra İrlandiya 1983 və 2002-ci illəri çıxmaq şərtilə hər il Avroviziyada iştirak etmişdir. İrlandiya Avroviziyanın ən çox uğur qazanan ölkəsidir. Ölkə iştirak etdiyi illər ərzində yeddi dəfə Avroviziyada qələbə qazanmışdır. Müsabiqə 7 dəfə İrlandiyada keçirilmişdir; bunlardan altısı paytaxt Dublində, biri isə Kork şəhərində baş tutmuşdur. 1972-ci ildə irland dilində səslənən mahnıdan başqa İrlandiyanın bütün Avroviziya mahnıları ingilis dilində ifa olunmuşdur.
İrlandiyanın ilk Avroviziya qələbəsini 1970-ci ildə Dananın ifa etdiyi "All Kinds of Everything" mahnısı ilə qazanmışdır. 1980-ci ildə Conni Loqan "What's Another Year" mahnısı ilə ölkəyə ikinci qələbə sevincini yaşatmışdır. Növbəti dəfə İrlandiyanı Avroviziyada 1987-ci ildə özünün bəstələdiyi "Hold Me Now" mahnısı ilə təmsil etmək fürsəti əldə edən Loqan ölkəsinə ikinci, ümumilikdə isə üçüncü qalibiyyəti qazandırmışdır. İrlandiya dördüncü Avroviziya qələbəsini isə 1992-ci ildə Conni Loqanın bəstələdiyi və Linda Martinin ifa etdiyi "Why Me?" mahnısı ilə əldə etmişdir. Bu qələbənin ardınca 1993-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanan ölkə növbəti qalibiyyətini də məhz İrlandiyada keçirilən müsabiqədə qazanmışdır. Niv Kavana "In Your Eyes" mahnısı ilə ölkəsinə beşinci Avroviziya qələbə sevincini yaşatmışdır. İrlandiya 1994-cü ildə Pol Harrinqton və Çarli MakQettiqanın ifa etdiyi "Rock 'n' Roll Kids" mahnısı ilə üçüncü il ard-arda və ümumilikdə isə altıncı dəfə Avroviziya qalibi olmuşdur. Ölkə bir illik fasilədən sonra yenidən 1996-cı ildə Eymar Kuinnin ifa etdiyi "The Voice" mahnısı ilə yeddinci qalibiyyətini əldə etmişdir.
21-ci əsrdə isə İrlandiya Avroviziyada heç də uğurlu nəticələr göstərməmişdir. Belə ki, 2000-ci ildən bəri ölkə yalnız üç dəfə onluğa daxil ola bilmişdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra isə İrlandiya səkkiz dəfə finala keçə bilməmiş, iki dəfə isə finalda sonuncu yeri tutmuşdur.