Nadirin yürüşləri
From Wikipedia, the free encyclopedia
Nadirin yürüşləri və ya Nadirin müharibələri — XVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonrada şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi. Səfəvi taxtının bərpasına çalışan və şahlıq adına iddia edən II Təhmasib Səfəvi Nadiri öz xidmətinə qəbul etdi. Nadir o zaman Xorasanda kiçik və əhəmiyyətsiz hərbi dəstə komandanlarından biri idi. Şimal-qərbdəki Abdali əfqanlarını neytrallaşdırdıqdan sonra II Təhmasibi özündən asılı vəziyyətə salan Nadir ölkənin yerdə qalan hissəsini işğal edən Hotaki əfqanlarına qarşı müharibəyə başladı. Əfqanlar üzərində bir neçə inanılmaz qələbədən sonra İsfahan azad edildi və II Təhmasib Səfəvi taxtına əyləşdi. Bununla da, Səfəvi sülaləsinin hakimiyyəti bərpa edildi.[7][8][9]
Nadirin yürüşləri | |||
---|---|---|---|
| |||
Tarix | 1720-1747 | ||
Yeri | Xorasan, İran yaylası, Mesopotamiya, Şimali İraq, Qafqaz, Anadolu, Xəzər dənizi ətrafı, İran körfəzi, Ərəbistan yarımadası, Hinduquş dağları, Hind çayı vadisi, Mavəraünnəhr, Xarəzm[1] | ||
Səbəbi |
Nadirin Səfəvi imperiyasını yenidən bərpa etmə cəhdləri Keçmiş Səfəvi imperiyası torpaqlarını geri qaytarma cəhdləri Yeni ərazilər ələ keçirmə istəyi |
||
Nəticəsi |
Hotaki əfqanlarının Səfəvi ərazisindən qovulması Səfəvilərin hakimiyyətinin bərpa edilməsi Rusların və osmanlıların imperiya ərazisindən qovulması Qafqazın fəthi Səfəvi sülaləsinin devrilməsi Əfşarlar sülaləsinin əsasının qoyulması Hotaki sülaləsinə son qoyulması İran körfəzinin fəthi Hindistanın məğlub edilməsi və bir hissəsinin ilhaq edilməsi Mərkəzi Asiyanın fəthi Dağıstanda hərbi uğursuzluqlar Nadir şahın sui-qəsdi[2][3] |
||
Ərazi dəyişikliyi | Nadirin imperiyası xeyli genişləndi və bu baxımdan özündən əvvəlki imperiyaların hamısını qabaqladı. Lakin Nadir şahın ölümündən sonra parçalandı.[4] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Səfəvilərin taxtda bərpasından sonra Nadir qərbə və şimala doğru yürüşlərə başladı. Onun məqsədi Osmanlı və Rusiyaya itirilmiş Səfəvi torpaqlarının geri qaytarılması idi. 5 il davam edən müharibələrdən sonra Nadir imperiyanın qərb sərhədlərini bərpa edə bildi. O, imperiyanın suverenliyini Qafqazın da əksər hissəsində qəbul etdirdi.[10]
Bir çox uğurlu hərbi əməliyyatlar Nadirə imperiyanı elit təbəqəsinin artıq dəstəkləmədiyi Səfəvi sülaləsini qansız formada devirmək üçün legitimliyi təmin etmişdi. Əfşarlar sülaləsinin əsasını qoyan Nadir şah 1736-cı ildə Muğanda özünü şah elan etdi və şah kimi ilk hərbi əməliyyatını əfqanıstana qarşı həyata keçirdi. O, bu dəfə bütünlüklə Əfqanıstanı özünə tabe etmək istəyirdi. Əfqanıstanın bütünlüklə tabe etdirilməsindən sonra Nadir üçün Böyük Moğol imperiyasına gedən yol açılmışdı. Onun bu yürüşü həyata keçirdiyi ən möhtəşəm hərbi əməliyyatlarından biridir. Xeybər keçidində özündən say etibarilə qat-qat çox olan rəqib ordunu cəmi 10.000 nəfərlik qoşunla darmadağın edən Nadir Moğol imperiyasının əsas bölgəsinə daxil oldu. Burada moğolların əsas ordusu ilə qarşılaşdı. Orduların sayının nisbəti 1-ə 6 nəfər olmaqla, moğolların xeyrinə idi, lakin Nadir moğol ordusunu cəmi 3 saata darmadağın etdi. Moğol imperatoru Məhəmməd şah Nadir şahdan asılılığı qəbul etdi və nadir Dehli şəhərinə daxil oldu. Şəhərdə ona qarşı qalxmış üsyanı yatıran Nadir bir müddət sonra şəhəri tərk etdi. Şəhərə tərk edərkən özüylə xeyli miqdarda sərvət aparan Nadir şah həmçinin, Hind çayından şimaldakı moğol torpaqlarını da ilhaq etdi.[10][11]
Nadirin imperiyaya geri dönməsi ilə Mərkəzi Asiyada hərbi əməliyyatlara başlanıldı. Mərkəzi Asiyada Əfşar sülaləsinin hegomoniyası təmin edildi və onun dövləti Sasani imperiyasından belə böyük ərazini əhatə etdi, lakin bu nöqtədən sonra Nadir pisxi problemlər yaşamağa, paranoyalar keçirməyə başladı və onun sağlamlığı getdikcə daha da pisləşdi. Şimala doğru ləzgilərə qarşı həyata keçirdiyi hərbi əməliyyat nisbətən daha az uğurlu oldu. Bağdadın mühasirəsi isə Nadirin gözlənilməz qərarına əsasən gözləniləndən tez başa çatdırıldı, halbuki Nadir bu ərazilərin bir xeyli hissəsini özünə tabe edə bilərdi. Bundan sonra Nadir şah imperiyanın sakinlərinə qarşı özünün dağıdıcı siyasətini davam etdirdi və tədricən, özünün yaxın ətrafını, həmfikirlərini özündən uzaqlaşdırdı. Öz mirasçılarını, ona sadiq sərkərdələrini ona xəyanət etməkdə, üsyan qaldırmağa hazırlaşmaqda ittiham etdi.[12][13] Nadir şahın hakimiyyətinin son illərində ona qarşı üsyan qaldırmış əhalini yatırmaq üçün imperiya torpaqlarını dolaşmaqla məşğul olmuşdur. Bu üsyanların çoxu qəddarlıqla yatırıldı. Özünün sonuncu böyük qələbəsini isə Qarsda Osmanl ordusu üzərində qazanmışdır. O, burada sultanın onun sülh təklifini rədd edərək göndərdiyi ordunu məhv etmişdi. Sonda Nadir öz çadırında zabitlərinin bir qrupu tərəfindən qətlə yetirildi. Onun ölümü ilə bütün imperiyanı xaos və özbaşınalıq bürüdü. Ölkədə vətəndaş müharibələri, tayfalar arasında döyüşlər adi hal aldı. Ağa Məhəmməd xan Qacarın hakimiyyətə gəlməsinə qədər davam edən bu feodal pərakəndəliyi dövrü təxminən yarım əsr davam etdi.[14]