Bəhailikdə zəvvarlıq
From Wikipedia, the free encyclopedia
Bəhailikdə zəvvarlıq (ərəb. الحج في البهائية) — Bəhailikdə müqəddəs sayılan yerlərə gerçəkləşdirilən ziyarətlərə verilən ümumi ad. Bəhai dinin aktiv müqəddəs ziyarətgahları İsrailin Hayfa şəhərində Babın türbəsi və Əkka şəhərindəki Bəhaullahın yay iqamətgahıdır. Əkka şəhərində həmçinin Bəhaullahın məzarı da yerləşməkdədir.[1][2]
Kitab-i Əqdəsdə bəhailərin həcc ziyarətlərini icra etmələri üçün iki məkanın olduğu göstərilmişdir. Bunlar Bağdad şəhərində yerləşən Bəhaullahın evi və Şiraz şəhərindəki Babın evidir. Surey-i-Həcc dini mətnində hər iki məkana edilən səfərlər zamanı xüsusi ayinlərin icra olunmasından bəhs olunur. İmkanı yetən hər bir bəhainin həcc ziyarətini gerçəkləşdirməsi dinin qaydalarına görə gözlənilir. Zəvvarlar dini məkanların seçimində sərbəstdirlər. Hər iki məkana səfər etmək kimi məcburiyyət yoxdur. Əbdül-Bəha Abbas daha sonra Əkka şəhərində yerləşən Bəhaullahın məzarı yaxınlığındakı Qibləni (bəhai namazları zamanı istiqamət təyin etməkdən ötrü istifadə olunan yer) dini ziyarətgah kimi göstərimişdir. Qiblənin mütləq ziyarət edilməsi ilə bağlı isə Bəhailikdə heç bir dini mətn yoxdur.[1]
Bəhai düşmənçiliyinin yüksək olduğu İran və siyasi baxımdan səfərlərin təhlükəsiz olmadığı İraqda zəvvarların həcc ziyarətlərini gerçəkləşdirmələri çətindir. Bu səbəbdən Ümumdünya Ədalət Evi tərəfindən Hayfa və Əkka şəhərlərində yerləşən müqəddəs məkanlara səfər etməyi özündə birləşdirən doqquz günlük səfər proqramı hazırlanıb. Doqquz günlük səfərlərin əsas məqsədi gələcəkdə zəvvarların Bağdad və Şirazda yerləşən dini məkanlara getməsi istiqamətində addım hesab olunur və əsas həcc sayılmır.