Hörümçək-adam
"Marvel Comics" firması tərəfindən yaradılmış uydurulmuş obraz / From Wikipedia, the free encyclopedia
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir.
Hörümçək-adam | |
---|---|
ing. Spider-Man | |
| |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Amazing Fantasy" #15 (avqust 1962) |
Yaradıcı(lar) |
Sten Li Stiv Ditko |
Xüsusiyyətlər | |
Əsl adı | Piter Bencamin Parker |
Doğum yeri | |
Cinsiyyəti | kişi[d] |
Boyu | 1.65 |
Çəkisi | 49 |
Göz rəngi | Açıq qəhvəyi |
Saç rəngi | Qara |
Növü | insan mutantı |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Qisasçılar Müdafiəçilər SHIELD Future Foundation Yeni Qisasçılar Cin Grey Ali Təhsil Məktəbi Qüdrətli Qisasçılar Tor-döyüşçülər |
Partnyorları | Qara pişik, Vurnuxan, İpək, Dəmir adam, Venom, Ben Rayli, Dedpul |
Düşmənləri | Norman Ozborn, Doktor Osminoq, Venom, Misterio, Kərtənkələ (komiks), qəbirüstü abidə[d], Kərgədan (komiks), Kinqpin[d], Şokçu, Elektro (Marvel Comics), Mister Neqativ[d], Məşum altılıq |
Ləqəbləri | Rikoşet,[1] Toran,[2] Vunderkind,[3] Eşşək arısı,[4] Ben Reyli,[5] Qırmızı hörümçək,[6] Dəmir hörümçək,[7] Kapitan Kainat[8] |
Gücləri |
Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər. "Hörümçək-adam" seriyası Hörümçək-adam gizli şəxsiyyəti ilə fəaliyyət göstərən kuinsli lisey tələbəsi Piter Parkerlə bu tendensiyaya son qoymuşdur. Personajın "rədd olunma, tutarsızlıq, tənhalıq" kimi vəsvəsələrə malik olması gənc oxucuların onla təmas qurmasını asanlaşdırırdı.[9] Hörümçək-adam köməkçi personaj xüsusiyyətlərinə malik olsa da, əvvəlki gənc superqəhrəmanlardan (Robin və Baki) fərqli olaraq onun Betmen və Kapitan Amerika kimi superqəhrəman məsləhətçiləri yox idi. Buna görə də "böyük gücün böyük məsuliyyət gətirdiyini" (bu ifadə ilk Hörümçək-adam hekayəsinin sonuncu panelində işlədilmişdi) özü öyrənməli idi.
Marvel Hörümçək-adam personajını bir çox komikslərində istifadə etmişdir. İlki və ən uzun davam edəni "The Amazing Spider-Man" komiks seriyasıdır. İllər keçdikcə Piter Parker personajı utancaq, antisosial Nyu-York tələbəsindən problemli, amma diqqətli kollec tələbəsinə, evli lisey müəlliminə, təkbaşına işləyən frilans fotoqrafa çevrilmişdir. 2010-cu illərdə Marvel nəşriyyatının ən tanınmış superqəhrəman komandası Qisasçılara qoşulur. Hörümçək-adamın düşməni Doktor Osminoq da 2012–2014-ci illərdə davam edən, Piter Parkerin öldüyü bədən dəyişdirmə hekayəsində Hörümçək-adam şəxsiyyətini götürür.[10] Bunlardan əlavə, Marvel Hörümçək-adamın alternativ versiyalarını yaradaraq komikslərini nəşr etmişdir: gələcəyin Hörümçək-adamı Migel O'Haranın macəralarından bəhs edən "Spider-Man 2099", alternativ kainatda gənc Piter Parkerin macəralarından söz açan "Ultimate Spider-Man" və Piter Parkerin ölümündən sonra Hörümçək-adam rolunu alan Maylz Moralesi təsvir edən "Ultimate Comics Spider-Man". Maylzın daha sonra əhəmiyyəti artırılmış, Piterlə birlikdə işləməyə başlamışdır.
Hörümçək-adam ən populyar və uğurlu superqəhrəmanlardan biridir.[11] Marvel-in bayraqdaşıyan personajı və şirkətin talismanı olan Hörümçək-adam saysız mediada peyda olmuşdur. Bunlara animasiya və live-action teleserialları, qəzet komiks stripləri və film seriyaları daxildir. Personaj ilk dəfə Denni Siqren tərəfindən 1974-cü ildən 1977-ci ilə kimi davam etmiş "Elektrik şirkəti" sketçi "Hörümçək superhekayələri"ndə canlandırılmışdır.[12] Filmlərdə Hörümçək-adam rolunu Tobi Maquayr (2002–2007), Endrü Qarfild (2012–2014)[13] və Tom Holland ifa etmişdirlər. Tom Holland 2016-cı ildən bəri Hörümçək-adamı Marvel Kinematoqrafiya Kainatında canlandırır. Riv Karni 2010-cu ildə "Spider-Man: Turn Off the Dark" teatr tamaşasında Hörümçək-adam rolunda çıxış etmişdir.[14] Hörümçək-adam superqəhrəman və komiks personajı kimi yaxşı qəbul olunmuşdur. DC Comics nəşriyyatının ən populyar superqəhrəmanları Supermen, Betmen və Ecazkar qadınla birlikdə bütün dövrlərin ən populyar komiks personajlarından biri hesab olunur.