Türkiyə Avroviziya Mahnı Müsabiqəsində
Türkiyənin Avroviziya Musiqi Müsabiqəsində roluna ümumi baxış / From Wikipedia, the free encyclopedia
Türkiyə Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1975-ci ildə qoşulmuş və ümumilikdə 34 dəfə müsabiqədə iştirak etmişdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Türkiyə hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2011-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.
1975-ci ildə Semiha Yankının ifa etdiyi "Seninle Bir Dakika" mahnısı ilə Avroviziyaya qoşulan Türkiyə müsabiqədə sonuncu yeri tutmuşdur. Daha sonra 1976 və 1977-ci illərdə müsabiqədə iştirak etməmiş, 1978-ci ildə yenidən Avroviziyaya geri dönmüşdür. Həmin müsabiqədə də məyusedici nəticə əldə edən ölkə 1979-cu ildə yenidən iştirak etməyi planlaşdırsa da, ərəb ölkələrinin basqısı ilə Türkiyə Radio Televiziya Qurumu İsrailin paytaxtı Qüdsdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir.[1] Lakin Türkiyə 20 il sonra 1999-cu ildə Qüdsdə keçirilən Avroviziyada iştirak etmişdir.
Ölkənin Avroviziyada 80-ci illərdə iştirakı ərzində əldə etdiyi ən yüksək nəticə 1986-cı ildə Klips ve Onlar qrupunun ifa etdiyi "Halley" mahnısı ilə tutduqları 9-cu yer olmuşdur. Həmin dövrdə Türkiyə eyni zamanda iki dəfə sonuncu yeri də tutmuşdur. 80-ci illərdə Türkiyəni Avroviziyada Ajda Pekkan, MFÖ qrupu və Candan Erçetin (Klips ve Onlar qrupunun üzvü) kimi ölkənin tanınmış sənətçiləri təmsil etmişdir.
1990-cı ildə Türkiyəni müsabiqədə ölkənin tanınmış sənətçilərindən biri olan Kayahan təmsil etmiş, lakin 22 ölkə təmsilçisi arasında 17-ci yeri tutaraq, ölkəyə gözlənilən yüksək nəticəni qazandıra bilməmişdir. Müsabiqədə son illərdə əldə edilən zəif nəticələr səbəbindən Türkiyə 1994-cü ildə Avropa Yayım İttifaqı tərəfindən bir illik Avroviziyadan kənarlaşdırılmışdır. 90-cı illərin sonunda dil qaydasının aradan qaldırılması və eyni zamanda SMS səsverməsinin tətbiqindən sonra Türkiyə müsabiqədə yüksək nəticələr əldə etməyə başlamışdır. 1997-ci ildə Türkiyə Şəbnəm Paker və Etnik qrupunun ifa etdiyi "Dinle" mahnısı ilə müsabiqədə üçüncü yeri qazandırmışdır. Bu Türkiyənin həmin ilədək Avroviziyada əldə etdiyi ən yüksək nəticə idi.
2003-cü ildə Türkiyə Sertab Erenerin ifa etdiyi "Everyway That I Can" mahnısı ilə Avroviziyada ilk dəfə birincilik qazanmış və 2004-cü ildə müsabiqəyə ev sahibliyi etmişdir. Daha sonra Türkiyə 2004-cü ildə Athena qrupunun, 2007-ci ildə Kənan Doğulunun və 2009-cu ildə Hadisənin təmsilində Avroviziyada ilk beşlikdə yer almışdır. 2010-cu ildə ölkəni müsabiqədə təmsil edən rok qrupu MaNga ifa etdikləri "We Could Be The Same" mahnısı ilə ikinci yeri qazanmışdır. Türkiyə müsabiqədə əldə etdiyi uğurlu nəticələrə baxmayaraq 2013-cü ildə Avroviziyadan kənarlaşmışdır.