Türkiyə Silahlı Qüvvələri
Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu / From Wikipedia, the free encyclopedia
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur.
Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir.
Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə Silahlı Qüvvələri Atatürkçülük ideologiyasının xüsusilə də mühafizəkar aspektlərini özü üçün əsas götürmüşdür. Türkiyə 18 fevral 1952-ci ildə NATO üzvü olduqdan sonra silahlı qüvvələrin hərtərəfli modernizasiyası işlərinə başlamışdır. Bu təşkilata qoşulduqdan sonra Türkiyə Ordusu döyüş əməliyyatlarında müttəfiq qoşunlara dəstək vermək məqsədilə Koreyaya göndərilmiş və müharibənin bəzi hissələrində vacib rol oynamışdır. 1980-ci illərin sonlarına doğru silahlı qüvvələrdə ikinci yenidənqurma işləri başladılmışdır. Türkiyə Silahlı Qüvvələri Avropa Zirvəsinin nəzarəti altında təşkil olunan Avropa İttifaqı Döyüş Qruplarında iştirak etmişdir. TSQ, həmçinin Aİ və NATO-nun təşəbbüsü ilə təşkil olunan Avropa korpusuna da şəxsi heyət göndərmişdir.
Türkiyə Silahlı Qüvvələri 639,551 nəfərlik hərbi, mülki və yarımhərbi şəxsi heyəti ilə NATO-nun tərkibində ABŞ Silahlı Qüvvələrindən sonra ikinci ən böyük hərbi güc hesab olunur.[4] Türkiyə Belçika, Almaniya, İtaliya və Niderlandla birlikdə NATO-nun nüvə paylaşımı proqramına daxil olan beş ölkədən biridir.[5] Bu proqrama uyğun olaraq 90 ədəd B61 nüvə bombası İncirlik aviabazasında saxlanılır. Bu bombalardan 40-ı potensial nüvə münaqişəsi zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulmuşdur, lakin bunlardan istifadə etmək üçün mütləq NATO-nun icazəsi lazımdır.[6]